“Soyuqqanlı şəkildə araşdırmaq lazımdır” Siyasət

“Soyuqqanlı şəkildə araşdırmaq lazımdır”

Hikmət Çətin: "Səfirin polis tərəfindən qətlə yetirilməsi Türkiyənin işini çətinləşdirir"

"Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsi Türkiyəni mürəkkəb vəziyyətə salıb".
Türkiyənin keçmiş xarici işlər naziri və parlament sədri Hikmət Çətin belə deyib.
Hikmət Çətinin sözlərinə görə, beynəlxalq konvensiyaların tələblərinə görə diplomatların təhlükəsizliyi təmsil olunduqları dövlətlər tərəfindən təmin olunur:
"İndi Rusiya səfirini qorumağa da Türkiyə cavabdeh idi. Bu, dünyanın hər yerində belədir. Bu baxımdan da səfir Andrey Karlova sui-qəsdin həyata keçirilməsi çox gərgin vəziyyət yaradıb. Mən bu hadisə ilə bağlı səfir Andrey Karlovun ailəsinə və yaxınlarına, o cümlədən Rusiya xalqına başsağlığı verirəm. Təbii ki, Türkiyə bu hadisənin yaşanmasının əsla istəməzdi. Bu terror aktıdır. Dünyada da uzun illərdən sonra ilk dəfədir ki, səfirə qarşı sui-qəsd həyata keçirilir. Hazırda bununla bağlı müvafiq araşdırmalar aparılır".
Sabiq nazir qeyd edib ki, sui-qəsdin polis tərəfindən törədilməsi Türkiyəni dünyanın diqqət mərkəzinə çevirib:
"Kaş ki, həmin polis öldürülmədən, sağ halda zərərsizləşdirilərdi. O zaman hadisənin arxasında kimlərin olub-olmaması da daha tez açılardı. Ancaq çox təəssüf ki, bu sui-qəsdi reallaşdıran polis öldürüldü. Qətlin törədilmə zamanı da çox diqqətçəkicidir. Çünki Ankarada səfirin qətlə yetirildiyi vaxt Moskvada da Türkiyə, Rusiya və İran nümayəndə heyətinin iştirakı ilə Suriya böhranına həsr olunan toplantı keçirilirdi. Bu da qətlin planlı şəkildə həyata keçirilməsini deməyə əsas yaradır. Digər tərəfdən isə hadisələr onu göstərir ki, bəzi qüvvələr Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşmasını istəmirlər. Ancaq sevindirici haldır ki, cənab Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan səfirinin qətlinin təxribat ehtimalı olduğunu bildiriblər".
Hikmət Çətin qətlin arxasında dayanan qüvvələrin üzə çıxarılması üçün zaman lazım olduğunu söyləyib: "Dediyim kimi, səfirin polis tərəfindən qətlə yetirilməsi Türkiyənin işini çətinləşdirir. Ancaq səbir və təmkinlə, soyuqqanlı şəkildə məsələnin kökünə gedib araşdırmaq lazımdır. Eyni zamanda, terrora qarşı birgə addım atmaq məsələsi getdikcə daha da aktuallaşır. Çünki eyni vaxtda Almaniyada da terror aktı törədilib. İsveçrə və digər ölkələrdə də bu kimi qanlı hadisələr baş verir ki, bunun da kökündən həll etmək üçün dünya ölkələri terrora qarşı daha sərt birgə mübarizə aparmalıdırlar. Terror bu gün Türkiyədə, sabah isə digər ölkələrdə də törədilə bilər. Terrorla mübarizə aparmaq üçün bütün ölkələr səfərbər olmalıdır".