Ermənistan özünü həvalı kimi aparmağa başlayır Siyasət
Elman Cəfərli: “Milli Məclisdə Qərbi Azərbaycanla bağlı xüsusi komissiya yardılsın”
Azər Qasımov: “Azərbaycanlıların öz doğma torpaqlarına qayıdışına artıq sistemli şəkildə yanaşmaq lazımdır”
Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, o cümlədən Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuranların biz Qərbi azərbaycanlıların qayıdış hüqüqunu danmasını kəskin şəkildə pisləyirik.
Bu, Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.
Bəyanatda qeyd olunub ki, İcma son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış edib: "Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir. Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycanda mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq".
“Ermənilər bu günlərdə yenidən ötən ilin sentyabrında tarixin zibilliyinə atılmış qondarma rejimi yada salıblar. Qərbdə bəzi çevrələr hələ də “ermənilərin qayıdışına” ümid edirlər. Bundan öncə Samvel Şahramanyan qondarma rejimin hələ də fəaliyyət göstərdiyini bildirmişdi. Ən yaxşı müdafiə hücumdur.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib ki, tarixi torpaqlarımızın qaytarılması uğrunda mübarizə genişlənməlidir. Qərbi Azərbaycana qayıdış məsələsini bütün platformalarda gündəmə gətirməliyik”.
Onun sözlərinə görə, yeni seçilmiş parlament Qərbi Azərbaycan məsələsinə xüsusi yanaşma sərgiləməlidir: “Yaxşı olar ki, Milli Məclisdə Qərbi Azərbaycanla bağlı xüsusi komissiya yardılsın. Sülh müqaviləsi imzalanmsa belə tarixi torpaqlarımıza qayıdış məsələsini arxa plana atmamalıyıq”.
Elman Cəfərli bildirib ki, ermənilərin hər il sentyabrda fəallaşması təsadüfi deyil: “Xain qonşularımız son 30 ildə ən ağır zərbəni sentyabr ayında alıblar. Ermənistanın diz çökməsi ilə, torpaqlarımızın işğaldan azad edilməsi ilə sonuclanmış 44 günlük Vətən müharibəsi məhz bu ayda başlanmışdı. 30 il bölgəni inkişafdan saxlamış Qarabağ müqaqişəsi məhz sentyabr ayında tarixin arxvinə verildi. Ötən ilin 19 sentyabrında 23 saatlıq lokal anti-terror əməliyyatı zamanı erməni ordusunun qalıqları, qondarma rejimin terrorçu dəstələri Qarabağdan çıxarıldı.
Xankəndi, Ağdərə, Xocalı, Xocavənd, Əsgəran Azərbaycanın nəzarətinə keçdi. Özünü buraxmış qondarma rejimin keçmiş rəhbəri Samvel Şahramanyanın sərsəm açıqlamaları göstərir ki, bəzi çevrələr bədbəxt erməni xalqını yeni bəlalara sürükləmək istəyirlər. Bir şeyi unudurlar ki, hər hansı revanşı cəhdinə Azərbaycanın cavabı daha sərt olacaq. Unutmasınlar ki, “Dəmir yumruq” yerindədir”.
Politoloq Azər Qasımovun fikrincə, Ermənistan manevrlər etməyə cəhdlər edir. Paşinyan vaxt qazanmaqla yanaşı qondarma keçmiş qurumun başçısı Şahramanyanı da irəli sürməklə Azərbaycana təzyiq üçün qondarma qurumun hələ sağ olduğu görüntüsünü göstərmək istəyir. Amma Azərbaycan Qərbi Azərbaycan hökumətinin yaradılmasının vaxtının yetişdiyini ciddi şəkildə bəyan edəcək.
O, qeyd edib ki, azərbaycanlıların öz doğma torpaqlarına qayıdışına artıq sistemli şəkildə yanaşmaq lazımdır: "Hesab edirəm ki, Qərbi Azərbaycandan olan, qaçqın həyatı yaşamış, hətta körpə olarkən Qərbi Azərbaycandan valideynləri ilə çıxmağa məcbur olmuş deputatlar var ki, onlar daha fəal olmalıdırlar.
Parlamentdə bununla əlaqəli xüsusi komissiyanın yaradılması məsələsinə də baxılsa, yaxşı olar.
Bir il əvvəl qondarma qurumun buraxılmasına imza atan Şahramanyan indi Azərbaycanla söz oyununa başlayıb. Əlbəttə, Azərbaycan üçün bütün bu iddialar cəfəngiyatdır və heç bir məna kəsb etmir. Ermənistanın cəsarəti çatırsa, bu cəfəng ideyaların gerçəkləşməsi istiqamətində addımlar ata bilər. Onda başına nə oyun gələcəyinə şahid olacaqlar.
Görünən odur ki, hər ilin sentyabrında Ermənistan özünü həvalı kimi aparmağa başlayır. 2020-ci ildən başlayaraq hər ilin sentyabrında zərbə almağa alışlblar. Dəmir yumruq yerindədir, növbəti dəfə onun gücünü üzərilərində sınaqdan keçirmək istəyirlərsə, belə davam etsinlər".
Cavid