Milli Məclis XİN-i bəyannamə yaymağa çağırır Siyasət

Milli Məclis XİN-i bəyannamə yaymağa çağırır

Fəzail Ağamalı: "Başqa ölkələrin vətəndaşı olan şəxslərdən Azərbaycan pasportları alınmalıdır"
Siyavuş Hovruzov: "Azərbaycan vətəndaşlığından çıxmaq istəyənləri dərhal vətəndaşlıqdan çıxarmaq lazımıdır"

Milli Məclisin dünənki iclasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı çıxışında xüsusilə önəmli bir məsələyə də toxunub.
O, bildirib ki, başqa ölkələrin vətəndaşı olan şəxslərdən Azərbaycan pasportları alınmalıdır: "Elə insanlar var başqa ölkənin vətəndaşıdır, lakin bu günə qədər Azərbaycan pasportunu daşıyır".
Hakim Yeni Azərbaycan Partiyasından deputat Siyavuş Novruzov da bildirib ki, Azərbaycan vətəndaşlığından çıxmaq istəyənləri dərhal vətəndaşlıqdan çıxarmaq lazımıdır: "Xarici İşlər Nazirliyi bununla bağlı bəyannamə yaymalıdır. "Hər bir vətəndaş bunu başa düşməli, dərk etməlidir. İnanmıram ki, kimsə öz xoşu ilə Azərbaycan vətəndaşlığından imtina edərək başqa ölkənin vətəndaşlığını qəbul etsin. Ola bilər ki, ticarət və özünü müdafiə etməkdən ötrü başqa dövlətlərdən vətəndaşlıq alırsa, o, dərhal Azərbaycan vətəndaşlığından uzaqlaşdırılmalıdır".
Siyavuş Novruzov vurğulayıb ki, dünyada baş verən hadisələr dövlət təhlükəsizliyi məsələlərinin önəmini artırır: "Bu gün dünyada baş verən hadisələrə nəzər salsaq, görərik ki, dövlət müstəqilliyinin qorunması məsələsi öndə duran məsələlərdən birincisidir. Bütün Azərbaycan vətəndaşları bu gün yekdil olmalı, dövlətin və prezidentin, eləcə də müstəqilliyin ətrafında birləşməlidir. Biz görürük ki, vətən xainləri, Azərbaycan əleyhinə işləyənlər, erməniyə işləyənlər səngərdə dayanan ermənilərdən daha betərdir. Çünki onlar bizə arxadan bıçaq sancan insanlardır ki, Azərbaycanda yaşayaraq Azərbaycan əleyhinə işlər görürlər. Azərbaycan barədə yalan məlumatlar verirlər. ABŞ Dövlət Departamenti də hesabat yayır, indi bu hesabatların mənbəyi bəlli oldu. İşimizi düzgün qurmalıyıq ki, bizim vətənə xəyanət edən insanlar ifşa olunsun. Hüquq-mühafizə orqanlarına təhvil verilsinlər və hesabat versinlər. Burada heç nədən çəkinmək lazım deyil. O, Azərbaycan hökumətinə, xalqa, millətə qarşı çıxış edib ona görə də cəzasını almalıdır".
Milli Məclisin spikeri Oqtay Əsədov da bu məsələyə baxılmasının vacib olduğunu bildirib.

Cavanşir