Cəbhədə vəziyyətin gərginləşmə səbəbi Siyasət

Cəbhədə vəziyyətin gərginləşmə səbəbi

Son günlər cəbhə xəttində vəziyyət gərginləşib. Ermənistanın kəşfiyyat-diversiya qrupları tez-tez təxribata əl atır. Ordumuz tərəfindən düşmənin təxribat cəhdlərinin qarşısı alınıb və diversiya qrupları məhv edilib.
Hazırda Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə xəttində əməliyyat şəraitinə nəzarət edir.
Hərbi ekspert Rəşad Süleymanov bildirib ki, aprel ayının ilk on günlüyünə qədər cəbhədə vəziyyətinin kəskinləşəcəyi gözlənilir. Ekspertin sözlərinə görə, aprel döyüşlərinin ildönümü ərəfəsində ermənilərin qisas məqsədilə təxribatlara əl atması ehtimal edilir:
"Belə adımmlar Ermənistanda keçiriləcək seçkilərə hazırlıqla bağlıdır. Sarkisyanın rəhbərlik etdiyi mövcud Ermənistan hakimiyyəti bənzər addımları 2008-ci ilin mart ayında da atmışdı. Sarkisyan o zaman seçkilərdən sonra etirazların artmasından diqqəti yayındırmaq üçün cəbhədə vəziyyəti gərginləşdirmişdi. Onda da belə diversiya hərəkətlərinə əl atmışdılar. Həmin vaxt ermənilər xeyli itki vermişdi. Belə dönəmdə hakimiyyəti əldə saxlamaq üçün Sarkisyan hakimiyyəti cəbhə xəttində vəziyyəti gərginləşdirməklə narazı kütləni cəbhədə baş verən hadisələrə yönəltməyi düşünür".
Hərbi ekspert vurğulayıb ki, dekabr ayından etibarən ermənilərin cəbhə xəttində fəallığı hiss olunur: "Onlara qarşı ordumuz tərəfindən müvafiq tədbirlər görülür. Məhv edilən bir neçə qrupla bağlı ermənilər ictimaiyətə heç bir informasiya təqdim etmirlər. Hələ də itkilərini gizli saxlayırlar. Bütün bunlara baxmayaraq, ermənilərin ötən ilin aprel ayında olduğu kimi toqquşmalara gedəcəyinə inanmıram. Çünki aprel ayında onlar bu toqquşmanın necə olduğunu görüblər. Onların diversiya hərəkətləri qabaqcadan aşkar olundu. Cavab tədbirləri ilə düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Həmçinin işğal olunmuş bir neçə ərazimizi azad etdik. Bu baxımdan ermənilərin lokal toqquşmalara gedəcəklərinə inanmıram".