Allahşükür Paşazadə erməni katolikosu ilə görüşəcək Siyasət

Allahşükür Paşazadə erməni katolikosu ilə görüşəcək

Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılacaq

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və erməni katolikosu II Qaregin arasında görüş keçiriləcək.
Erməni KİV-ləri xəbər verir ki, bu barədə katolikosluğun informasiya bölməsinin direktoru, keşiş Vahram Melikyan bildirib.
Onun sözlərinə görə, görüş sentyabrın 8-də Moskvada baş tutacaq.
Qeyd edilib ki, görüş Ümumrusiya Pravoslav Kilsəsinin Patriarxı Kirillin vasitəçiliyi ilə baş tutacaq.
Şeyxülislam Hacı Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qaregin arasında görüşdə müzakirə olunacaq bəzi məsələlər məlum olub.
Görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılacaq.
Dini liderlər münaqişənin dini müstəviyə keçməməsi, o cümlədən münaqişə ilə əlaqədar baş verən gərginliklərin təkrarlanmaması, problemin həllinə dini liderlərin hansı töhfələri verə biləcəyinə dair məsələləri müzakirə edəcəklər.
QMİ mətbuat xidmətindən də belə bir görüşün keçiriləcəyini təsdiqləyiblər.
Qeyd edək ki, əvvəllər də dini liderlərin bu formatda görüşləri keçirilib.