“Qərb Ermənistana xəbərdarlıq edir” Siyasət

“Qərb Ermənistana xəbərdarlıq edir”

Erməni politoloq: "Gömrük Birliyi Ermənistana ciddi problemlər yaradacaq"

"Son vaxtlar Qarabağ münaqişəsinin həlli istiqamətində aktivləşmə müşahidə olunur. İndi təkcə 20 illik atəşkəs rejiminin qorunub saxlanılması deyil, Ermənistanın xarici siyasətilə bağlı bir sıra məsələlər də müzakirə edilir".
Bu barədə Ermənistanın "Modus Vivendi" mərkəzinin rəhbəri politoloq Ara Papyan yerli jurnalistlərlə söhbətində bildirib.
Erməni politloqa görə, son illərdə bu məsələ ilə bağlı yanaşmalarda dəyişikliklər özünü daha çox büruzə verir: "Hələ 90-cı illərdə Qərb və Rusiya bu mövzuda əməkdaşlıq nümayiş etdirirdilərsə, son dövrlərdə ziddiyyətlər dərinləşir. Bu gün Rusiya ilə Qərb arasında Ukrayna ilə bağlı açıq qarşıdurma yanaşır. Ermənistan bu məsələdə Rusiyanın yanında yer alıb".
Erməni politoloq bildirib ki, Ermənistanın Rusiyanın patronajlığı altında yaradılan Gömrük Birliyinə qoşulması Qarabağın "təhlükəsizliyi" ilə bağlı olub: "Gömrük Birliyinin Ermənistana geniş iqtisadi imkanlar açacağı barədə deyilənlər cəfəngiyyatdır. Əksinə Gömrük Birliyi Ermənistana ciddi problemlər yaradacaq. Xüsusilə Qarabağ məsələsində biz bunun fəsadları ilə üzləşəcəyik".
Erməni ekspertə görə, Rusiya Qarabağ məsələsindən istifadə edərək, Ermənistanın xarici siyasətinə nəzarət edir. ATƏT-in Minsk qrupunun amerikalı Uorlikin bəyanatını xatırladan Papyan qeyd edib ki, bunu Qərbin xəbərdarlığı kimi qəbul etmək lazımdır: "Qərb nümayiş etdirməyə çalışır ki, Qarabağ məsələsində Ermənistana qarşı ciddi rıçaqlara malikdir və bizimlə təzyiq dilində danışa bilər. Bu çox narahatedicidir. Qərb Ermənistanı inandırmağa çalışır ki, Rusiya öz müttəfiqlərini müdafiə etmək gücündə deyil".