Xidmət rəisinin müavini: Süni intellekt vasitəsilə kiberhücumların miqyası genişlənir Hadisə

Xidmət rəisinin müavini: Süni intellekt vasitəsilə kiberhücumların miqyası genişlənir

Süni intellekt texnologiyalarının inkişafı informasiya təhlükəsizliyi sahəsində yeni çağırışlar meydana çıxarır.

"APA-Economics" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov Bakıda keçirilən informasiya təhlükəsizliyi rəhbərlərinin VIII Zirvə Toplantısının açılış mərasimində bildirib.

Onun sözlərinə görə, süni intellekt vasitəsilə daha inandırıcı fişinq hücumlarının hazırlanması, sosial mühəndislik üsullarının təkmilləşdirilməsi, səs və görüntülərin saxtalaşdırılması, dezinformasiyanın yayılması və mövcud kibertəhdidlərin daha geniş miqyasda həyata keçirilməsi əsas çağırışlar sırasındadır.

Allahverən İsmayılov qeyd edib ki, süni intellekt yeni imkanlar yaratmaqla yanaşı, təhlükəsizliklə bağlı ənənəvi yanaşmaların yenidən nəzərdən keçirilməsini tələb edir.

O vurğulayıb ki, süni intellekt artıq gələcəyin texnologiyası deyil, bugünkü reallıqdır. Bu texnologiya qərarların qəbulunu sürətləndirir, böyük həcmdə məlumatların təhlilini asanlaşdırır və kibermüdafiə imkanlarını gücləndirir.