“Azərbaycanın MDB çərçivəsində əməkdaşlıq məsələsinə öz baxışı var” Siyasət

“Azərbaycanın MDB çərçivəsində əməkdaşlıq məsələsinə öz baxışı var”

Bakı MDB ölkələri arasında fövqəladə hallar sahəsində əməkdaşlıq sazişini imzalamaqdan imtina edib

Azərbaycan, Moldova və Özbəkistan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında fövqəladə hallar barədə xəbərdarlıq və onların aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında sazişi imzalamaqdan imtina ediblər.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurası Beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Vladimir Cabbarov bildirib.
Rusiya Federasiya Şurası noyabrın 8-də MDB-yə üzv dövlətlərin fövqəladə hallar barədə xəbərdarlıq və onların aradan qaldırılması sahəsində əməkdaşlığı haqqında sazişi ratifikasiya etmək niyyətindədir. Yuxarı Palataya belə qərar qəbul olunmasını Beynəlxalq əlaqələr komitəsi məsləhət görüb.
Rusiya Federasiya Şurasının iclasında iştirak edən Xarici İşlər Nazirliyinin nümayəndələri yeni sazişi imzalamayan Moldova, Azərbaycan və Özbəkistan üçün köhnə sazişlərin qüvvədə olacağını vurğulayıblar.
Komitə üzvü, deputat İqor Morozov əməkdaşlıq üzrə ilk müqavilənin ötən əsrin 90-cı illərində imzalandığını və artıq köhnəldiyini qeyd edib: "Azərbaycanın MDB çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələsinə öz baxışının olduğunu görürük. Moldova MDB-də iştirak etməklə bərabər, bu gün Avropa İttifaqı ilə fəal əməkdaşlıq edir. Buna görə də onların davranışı başadüşüləndir".
Saziş özündə MDB ölkələri arasında proqnozlaşdırma və monitorinq, qarşılıqlı məlumatlandırma aparılması, fövqəladə hallar barədə xəbərdarlıq, onların aradan qaldırılması üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi sahəsində könüllü yardım göstərilməsini ehtiva edir.