Baş Prokurorluq Andlılar Məhkəməsinə qarşı çıxdı Siyasət

Baş Prokurorluq Andlılar Məhkəməsinə qarşı çıxdı

Qüdrət Həsənquliyev müvafiq müddəaların qanunvericilikdən çıxarılmasına etiraz edib

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasın gündəliyinə Baş Prokurorluq və Ali Məhkəmə tərəfindən təqdim olunan "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan iki qanun layihəsi daxil edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli həmini qanun layihələrinin Məhkəmə-Hüquq Şurasında da ciddi müzakirə edildiyini söyləyib. İclasda iştirak edən Baş Prokurorluğun idarə rəisi İlqar Cəfərov qeyd edib ki, dəyişikliklər "Məhkəmələr və hakimlər haqqında" qanunun 4-cü maddəsinin 2-ci hissəsindən "yaxud andlı iclasçılardan ibarət tərkibdə" sözlərinin çıxarılmasını nəzərdə tutur. Onun sözlərinə görə, Baş Prokurorluq bir sıra ölkələrin andlılar məhkəməsi ilə bağlı təcrübəsini öyrənib və andlılar məhkəməsinin gözlənilən effektiv vermədiyi üzə çıxıb. Buna görə də Baş Prokurorluq andlılar məhkəməsi ilə bağlı qanunvericilikdən 2 müddəanın çıxarılmasını təklif edib.
Qüdrət Həsənquliyev andılar məhkəməsi ilə bağlı müddəaların qanunvericilikdən çıxarılmasına etiraz edib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin digər üzvləri isə dəyişiklikləri dəstəkləyiblər. Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.