“Azərbaycan Avrasiya məkanındakı digər ölkələrdən fərqli olaraq…” Siyasət

“Azərbaycan Avrasiya məkanındakı digər ölkələrdən fərqli olaraq…”

Piter Teys: "Minillik mədəniyyətlər, multikulturalizm və dini dialoq arasında körpü olub"

"Azərbaycan Respublikası müxtəlif etnik qruplar, mədəniyyətlər və dinlərin əsrlər boyu mövcud olduğu xüsusi ölkədir".
Bunu amerikalı ekspert Piter Teysin ABŞ-ın "Modern Diplomacy" nəşrində dərc olunan və ölkə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan "Bakı prosesi"nə - Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoq sahəsindəki nailiyyətlərinə həsr olunan məqaləsində yer alıb.
"Azərbaycanın əlverişli coğrafi mövqeyi bu ölkəyə Avropa və İslam sivilizasiyaların əla xüsusiyyətlərini qazandırıb, Bakı, Naxçıvan, Şəki, Dağlıq Qarabağ və Qubanı Şərq və Qərb, eləcə də Şimal və Cənub arasında həqiqi arxeoloji və qədim ticarət nöqtələri marşrutu edib", - məqalədə deyilir.
Amerikalı ekspert qeyd edir ki, "Odlar yurdu" olan Azərbaycan Avrasiya məkanındakı digər ölkələrdən fərqli olaraq, müxtəlif etnik qrupların mədəniyyətini qoruyub və minillik mədəniyyətlər, multikulturalizm və dini dialoq arasında körpü olub.
Məqalədə, həmçinin ölkənin həmişə bir çox qlobal çağırışlara cavab verən aktual xarici siyasətdən istifadə etdiyi, Bakının isə Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə iştirakı ilə bütün sahələrdə qlobal oyunçuya çevrilə bildiyi vurğulanıb.
"Azərbaycan milləti öz tolerantlığı və digər mədəniyyətləri heyranedici dərəcədə qəbul etməsi ilə regional sülh, iqtisadi inkişaf və beynəlxalq hüquqa hörməti təmin etmək üçün zəruri olan mədəniyyətlərarası və dinlərarası dialoqun xüsusi dəyərlərini dəstəkləyir", - ekspert vurğulayır.
O, eyni zamanda "Bakı prosesi"ndə xüsusilə Prezident İlham Əliyevin rolunu vurğulayaraq, ölkənin yüksək səviyyədə beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, beynəlxalq aləmdə yüksək nailiyyətlər əldə etdiyini xatırladıb.