
Azərbaycan və Ermənistan arasında sülh prosesi və nəqliyyat kommunikasiyalarının bərpası istiqamətində diqqətçəkən irəliləyişlər müşahidə olunur. Hazırda yekun sülh sazişinin imzalanması qarşısında duran başlıca hüquqi maneə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır. Bununla belə, tərəflər arasında artıq başlayan tranzit daşımalar, ticarət münasibətləri və enerji ixracı sülhün yalnız siyasi bəyanatlarla deyil, real iqtisadi dayaqlarla möhkəmləndiyini göstərir. Gələn il Ermənistanda keçirilməsi gözlənilən referendum və mümkün konstitusiya dəyişiklikləri Cənubi Qafqazda davamlı sabitliyin bərqərar olması üçün həlledici mərhələ hesab olunur.
“Zəngəzur marşrutunun açılmasına maneələr azalır”
Milli Məclisin deputatı Fazil Mustafa “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Zəngəzur marşrutunun açılması ilə bağlı müəyyən risklər, xüsusilə də qonşu ölkələrin bu marşrutun fəaliyyətə başlamasına maneçilik törədə biləcək mövqeləri və çağırışları nəzərə alınmalıdır.
Onun sözlərinə görə, marşrutun açılması ilə bağlı əsas məsuliyyət Ermənistan və Azərbaycanın üzərinə düşür: Çünki ərazi Ermənistana məxsusdur və prosesin müəyyən dərəcədə irəli aparılması imkanları da bu ölkənin əlindədir. Eyni zamanda, Azərbaycanın və Türkiyənin də bu yolun açılmasında marağı var. Ona görə də prosesə hər hansı formada mane olmaq imkanları o qədər də geniş deyil”.
F.Mustafa qeyd edib ki, buna baxmayaraq, mümkün risklər nəzərə alınmalı və prosesə mane ola biləcək amillərin aradan qaldırılması istiqamətində iş aparılmalıdır: “Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqların pozitiv xarakter daşıması mühüm məqamdır. Hazırda Azərbaycanın müəyyən narahatlıqları var və bunların başında Ermənistan konstitusiyası ilə bağlı məsələ dayanır. Ermənistanda bu məsələnin həlli istiqamətində addımlar atılmalıdır ki, proses daha da irəliləsin və yekun nəticəyə çatdırılması mümkün olsun”.
Deputat vurğulayıb ki, hazırda proses ümumilikdə normal istiqamətdə inkişaf edir: “Hələlik işlər normal gedir. Sadəcə, bizim üzərimizə düşən məsələləri Azərbaycan və Ermənistan olaraq ilk növbədə özümüz həll etməliyik. Bundan sonra digər beynəlxalq aktorların mövqeləri üzərində işləmək hər iki tərəf üçün prioritet məsələyə çevrilə bilər”.
F.Mustafanın sözlərinə görə, prosesə mane olan qüvvələrin mövqeyinin yumşaldılması da mühüm əhəmiyyət daşıyır: “Biz çalışmalıyıq ki, bu prosesə mane olan qüvvələrin mövqeyini müəyyən dərəcədə yumşaldaq və onların məsələyə yanaşmasında dəyişiklik yaradaq. Bunun üçün Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaların praktiki nəticələrə çevrilməsi vacibdir. Çünki əsas məsələləri öz aramızda həll etdikcə, kənar aktorların prosesə təsir imkanları da azalacaq”.
"Sülhün yolu iqtisadi əməkdaşlıqdan keçir”
Milli Məclisin deputatı Azər Badamov vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında əsas məsələ Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməsi və ilk növbədə Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarını aradan qaldırmasıdır.
O bildirib ki, Azərbaycanın sülhlə bağlı mövqeyi aydındır və dəyişməzdir: “Biz sülh istəyirik, lakin bu sülh hüquqi baxımdan möhkəm və gələcəkdə yeni ərazi iddialarına yol verməyəcək əsaslar üzərində qurulmalıdır. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qaldığı müddətdə yekun sülh sənədinin imzalanması məsələsində müəyyən hüquqi və siyasi risklərin mövcudluğu qaçılmazdır”.
A.Badamov qeyd edib ki, Ermənistan Baş nazirinin açıqlamalarına əsasən, yeni Konstitusiya layihəsinin bu il ictimai müzakirəyə çıxarılması nəzərdə tutulur: “Proses nəzərdə tutulan istiqamətdə davam edərsə, Konstitusiyaya müvafiq dəyişikliklərin gələn ilin əvvəlində həyata keçirilməsi mümkün ola bilər. Bundan sonra iki ölkə arasında dövlətlərarası münasibətlərin tam şəkildə formalaşdırılması üçün yeni mərhələyə keçmək mümkün olacaq”.
Deputat vurğulayıb ki, sülh yalnız siyasi sənədin imzalanması ilə məhdudlaşmamalıdır: “Sülhün davamlı olması üçün onun iqtisadi dayaqları da yaradılmalıdır. Bu baxımdan Azərbaycanla Ermənistan arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Artıq bu istiqamətdə müəyyən hərəkətlilik müşahidə olunur. Bişkek görüşündə də ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələsinə diqqət yetirilməsi təsadüfi deyil”.
A.Badamov hesab edir ki, iqtisadi münasibətlərin inkişafı tərəflərin qarşılıqlı maraqlarını gücləndirə bilər: “İqtisadi əməkdaşlıq sülh prosesinin ən mühüm dayaqlarından birinə çevrilə bilər. Qarşılıqlı ticarət, investisiyalar, nəqliyyat və logistika əlaqələrinin inkişafı iki ölkənin vətəndaşlarının da sülhdən real iqtisadi dividendlər əldə etməsinə imkan verə bilər”.
Deputatın sözlərinə görə, bunun üçün əsas şərtlərdən biri qarşılıqlı etimadın formalaşdırılmasıdır: “Etimad yalnız bəyanatlarla deyil, konkret addımlarla formalaşır. Ermənistan öz konstitusion və siyasi mövqeyində Azərbaycanın ərazi bütövlüyünə hörməti aydın şəkildə təsbit etməli, bundan sonra isə iki ölkə arasında münasibətlərin normallaşdırılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində daha ciddi addımlar atılmalıdır”.
A.Badamov vurğulayıb ki, proses ardıcıl şəkildə davam etdirilərsə, Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ başlaya bilər: “Əgər bu proses ardıcıl şəkildə davam etdirilərsə, Azərbaycanla Ermənistan arasında münasibətlər tədricən qarşıdurma müstəvisindən əməkdaşlıq müstəvisinə keçə bilər. Bu isə təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün mühüm tarixi imkan olacaq”.
Deputat qeyd edib ki, Azərbaycan davamlı və qarşılıqlı hörmətə əsaslanan sülhün tərəfdarıdır: “Azərbaycan sülhə hazırdır. Bizim istəyimiz davamlı, qarşılıqlı hörmətə və ərazi bütövlüyünün tanınmasına əsaslanan sülhdür. Sülhün möhkəmlənməsinin ən doğru yolu isə siyasi razılaşmanı real iqtisadi əməkdaşlıqla tamamlamaqdan keçir”.
Sülh üçün əsas maneə
Politoloq Oqtay Qasımov diqqətə çatdırıb ki, Azərbaycan və Ermənistan arasında son bir il ərzində münasibətlərin normallaşdırılması istiqamətində ciddi addımlar atılıb və müəyyən məsafə qət edilib: “Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb və bundan sonra iki ölkə arasında praktiki əməkdaşlıq istiqamətində də mühüm addımlar atılıb. Azərbaycan Ermənistanın tranzit məqsədləri üçün öz ərazisindən istifadəsinə imkan yaradıb və artıq Azərbaycan ərazisindən Ermənistana yüklərin daşınması həyata keçirilir. Eyni zamanda, Azərbaycan-Ermənistan arasında ticarət əlaqələri başlayıb, enerji daşıyıcılarının Ermənistana ixracı həyata keçirilir. Yaxın zamanda isə Ermənistandan Azərbaycana müəyyən məhsulların göndərilməsi ilə bağlı ilkin razılaşmaların əldə olunması da gözlənilir”.
O.Qasımovun sözlərinə görə, yekun sülh müqaviləsinin imzalanması üçün əsas məsələ Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılmasıdır: “Şübhəsiz ki, yekun sülh müqaviləsinin əldə olunması üçün Ermənistan öz Konstitusiyasında dəyişikliklər etməlidir. Bu dəyişikliklərin nəticəsində Azərbaycana, o cümlədən Türkiyəyə qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Bundan dərhal sonra sülh müqaviləsinin imzalanması üçün real imkan yarana bilər”.
Politoloq hesab edir ki, hazırda prosesin qarşısındakı əsas maneə Ermənistanın Konstitusiya dəyişiklikləri ilə bağlı məsələsidir: “Ermənistan hökumətinin mövqeyinə baxdıqda referendum keçirilməsi ilə bağlı niyyətin olduğu məlumdur. Əlbəttə, bu prosesə qarşı duran qüvvələr də var və onlar müəyyən maneələr yaratmaqla proses üçün risklər formalaşdırırlar”.
O qeyd edib ki, söhbət xüsusilə kənar qüvvələrin təsiri altında olan və onların maraqlarına uyğun fəaliyyət göstərən dairələrdən gedir: “Cənubi Qafqazda maraqları olan güclərin bir qismi bu prosesin irəliləməsini istəyir. Rusiya və İran kimi bəzi ölkələr isə prosesdə öz iştiraklarını və təsirlərini qorumağa çalışırlar. Bu səbəbdən müxtəlif formalarda prosesin ləngidilməsinə cəhdlər mümkündür”.
O.Qasımov vurğulayıb ki, hazırkı prosesdə ciddi fors-major vəziyyət yaranmasa, gələn il Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun keçirilməsi və müsbət nəticə əldə olunması yekun sülh müqaviləsinin imzalanmasına yol aça bilər: “Proseslər hazırkı şərtlər daxilində irəliləyərsə və gələn il Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilərək müsbət nəticə əldə olunarsa, o zaman Azərbaycan və Ermənistan arasında yekun sülhün əldə edilməsi mümkün olacaq. Bu isə nəticə etibarilə Cənubi Qafqazda davamlı sülh və əmin-amanlıq mühitinin formalaşmasına ciddi töhfə verə bilər”.
Günel Elxan