“Azərbaycan-Çin strateji münasibətləri dərinləşir” Siyasət

“Azərbaycan-Çin strateji münasibətləri dərinləşir”

“Azərbaycanla Çin arasındakı strateji münasibətlərin dərinləşməsi müşahidə olunur”.

Bunu xalqcebhesi.az-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

“Artıq Çin Azərbaycanın idxalda ən böyük ticarət tərəfdaşıdır, eyni zamanda, ticarət dövriyyəsində əsas tərəfdaşlardan biridir. Bu baxımdan strateji münasibətlər, eyni zamanda, iki ölkə arasındakı ticarət iqtisadi əlaqələrə də birbaşa təsir göstərib. Azərbaycan-Çin Sənaye Parkının yaradılması həm Çin investisiyasının, həm də texnologiyasının cəlb edilməsi baxımından vacibdir. Nəzərə alsaq ki, son dövrlər Çin texnoloji baxımdan kifayət qədər qlobal bazarda xüsusi paya malik olan ölkədir və hətta bir sıra istiqamətlərdə ABŞ ilə Çin arasında rəqabət də müşahidə olunur. Bu isə ondan xəbər verir ki, Çin texnologiyasına da tələb yüksəlməkdədir və bu kontekstdən Sənaye Parkının yaradılması birmənalı şəkildə yalnız Çin sərmayəsinin deyil, eyni zamanda, texnologiyasının cəlb edilməsinə imkan verəcək. Bu da təbii ki birmənalı şəkildə Azərbaycan iqtisadiyyatının inkişafı baxımından vacibdir. Çünki bu gün Azərbaycan iqtisadiyyatı üçün əsas hədəflərdən biri daha çox xarici investisiyanın cəlb edilməsidir” – deyə V.Bayramov qeyd edib.

Deputat diqqətə çatdırıb ki, cənab Prezident yeni dövrün hədəflərində məhz xarici investisiyanın cəlb edilməsini əsas hədəflərdən biri kimi qeyd edib: “Bu kontekstdən bütün bunlar fonunda sözsüz ki, Sənaye Parkının yaradılması birmənalı şəkildə Azərbaycan iqtisadiyyatına yeni texnologiyanın cəlbi və bütövlükdə ümumi daxili məhsuldakı artım tempinə xüsusi bir töhfə olacaq”.

Röya İsrafilova