
“8 Noyabr Azərbaycanın tarixində milli qürurun, sarsılmaz birliyin və dövlətçilik iradəmizin yeni erasının başlanğıcı, suverenliyimizin qarantı olan Heydər Əliyev siyasi kursunun və Prezident İlham Əliyevin siyasətinin təntənəsidir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində əsas meyar sülh haqqında bəlağətli çıxışlar deyil, real sülhü təmin etmək qətiyyətidir. Onun sözlərinə görə, Prezident İlham Əliyev regional sülhü həm döyüş, həm də diplomatiya meydanında qazanılan qələbə ilə təmin edib.
B.Məhərrəmov vurğulayıb ki, Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi Zəfər təkcə hərbi uğur deyil, həm də beynəlxalq miqyasda əhəmiyyət daşıyan tarixi hadisədir:
“Cənab İlham Əliyev xalqa yalnız bir dövlət üzərində deyil, qlobal təcavüzkar sistem üzərində elə bir qələbə bəxş etdi ki, son iki əsrdə bir dövlətin təkbaşına və lokal xarakter daşımayan belə mütləq qələbəsinə demək olar ki, rast gəlinmir. Həm də illərlə uzanan, sonu görünməyən savaşlarla yox, cəmi 44 gün davam edən, hər günü ayrıca qəhrəmanlıq salnaməsi olan ədalətli müharibə ilə”.
Deputat qeyd edib ki, beynəlxalq hüquqa inamın zəiflədiyi mürəkkəb geosiyasi şəraitdə Zəfərin nəticələrini qorumaq qələbənin özü qədər mühüm məsələdir.
Onun sözlərinə görə, Azərbaycanın artan qüdrəti, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və azad edilmiş ərazilərin milli iqtisadiyyata reinteqrasiyası Zəfərin dayanıqlılığını nümayiş etdirir.
B.Məhərrəmov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtilə xarabalığa çevrilmiş ərazilərə həyat qaytarılır.
O, Qarabağ və Şərqi Zəngəzurun bərpasının miqyasına diqqət çəkərək bu ərazilərin sahəsinin dünyanın bir sıra dövlətlərinin ərazisindən böyük olduğunu vurğulayıb.
Deputat Zəfərin tarixi əsaslarından danışarkən Ulu Öndər Heydər Əliyevin rolunu da xüsusi qeyd edib: “Bu uğurun təməlində ölkəni xaosdan xilas edərək sabitlik və inkişafın əsasını qoymuş Heydər Əliyevin xilaskarlıq missiyası dayanır.Bu təməl üzərində ucalan Zəfərin müəllifi isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir”.
B.Məhərrəmovun sözlərinə görə, Azərbaycanın böyük dövlətçilik tarixi olsa da, Prezident İlham Əliyevin qazandığı Zəfər xalqımızın adını dünya dövlətçilik tarixinə əbədi həkk edən hadisədir.
O bildirib ki, hər bir azərbaycanlı bu qələbənin qürurunu gələcək nəsillərə ötürəcək.
Günel Elxan