11:02
483
“Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatının iki çox önəmli ölkələri kimi ikitərəfli formatda da bir-biriləri ilə çox yaxından əməkdaşlıq edirlər. Azərbaycan Prezidentinin 30-31 iyul tarixlərində Qırğızıstana dövlət səfəri münasibətlərimizin yüksək səviyyəsinin bir daha təsdiqidir. Qırğızıstan-Azərbaycan strateji əməkdaşlığı günü-gündən yüksəlir. Bunu təsdiq edən müvafiq dövlətlərarası mexanizmlər, Dövlətlərarası Şura, Hökumətlərarası Komissiya mövcuddur və Qırğızıstan-Azərbaycan Qafqazlarla Mərkəzi Asiyanı və Böyük Avrasiya ilə Böyük Xəzər dənizini birləşdirən türk dünyasının ayrılmaz parçalarıdır”.
Bunu xalqcebhesi.az-a Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
T.Gəncəliyev qeyd edib ki, Qırğızıstan həm də çox önəmli bir açar ölkə kimi necə ki, Azərbaycan açar ölkədir və Orta Dəhliz üzərində yerləşir, Qırğızıstan da Çindən başlayaraq Çin, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi üzərindən Azərbaycana çıxış əldə edir ki, Orta Dəhlizin çox önəmli bir marşrutu məhz Qırğızıstanın təklif etdiyi Qırğızıstan üzərindən keçən bir marşrutdur: “Çünki həm Böyük Mərkəzi Asiyanın, Böyük Avrasiyanın nadir bahalı resurslarına, nadir metallara çıxış əldə etmək istəyən Qərb üçün, Avropa üçün hökmən Azərbaycan üzərindən Qırğızıstana çıxış mümkündür. Şimal və Cənubda davam edən münaqişələr baxımından həm də Çin üzərindən, Çindən gələn və Avropaya istiqamətlənən bütün transport kommunikasiya xətləri aşağı-yuxarı gəlib Azərbaycan üzərindən keçir. Ona görə də ölkəmizin hər iki tərəf marşrut perspektivindən baxsaq, yəni həm Qərbdən, həm Çindən, Uzaq Şərqdən baxsaq, yalnız Azərbaycan üzərindən və Qırğızıstan komponenti də çox önəmli bir komponent kimi ikitərəfli münasibətlərə üstünlük verir”.
“Qırğızıstan Türk Dövlətləri Təşkilatı içərisində nisbətən kiçik əraziyə və əhaliyə malik olmasına baxmayaraq, dediyim kimi, çox strateji bir nöqtədə yerləşir və Qırğızıstanla əməkdaşlıq Böyük Avrasiya regionunun ürəyində nəbzinin vurduğu bir məkana çıxış deməkdir. Bu, Azərbaycan üçün də çox önəmli bir coğrafiyadır və bizim ildən-ilə artan ticarət dövriyyəmiz, insanlararası kontaktlarımız və ən önəmlisi türk dünyasının parçalanmaz tərkib hissəsi olaraq bizim münasibətlərimiz yüksək səviyyədə inkişaf edir” – deyə deputat vurğulayıb.
Röya İsrafilova