
“Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qazandığı tarixi Zəfərin əhəmiyyəti ildən-ilə daha dolğun şəkildə üzə çıxır. 44 günlük Vətən müharibəsində qələbənin mahiyyəti dörd fundamental anlayışla – ədalət, dövlətçilik, hüquq və quruculuqla ifadə oluna bilər”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 3 noyabr 2026-cı il tarixli plenar iclasında çıxışı zamanı deyib.
Spiker bildirib ki, ədalət anlayışı Azərbaycanın torpaqlarının 30 illik işğalına son qoyulmasında, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasında təcəssüm edir. Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında keçirilən birgünlük antiterror əməliyyatı hərb tariximizin yeni şanlı səhifəsini təşkil edib və Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən rejimin mövcudluğuna son qoyulub.
S.Qafarova qeyd edib ki, Zəfər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin ardıcıl şəkildə həyata keçirdiyi güclü dövlət quruculuğu siyasətinin qanunauyğun nəticəsi olub.
“Böyük səylər hesabına yaradılan siyasi, iqtisadi, diplomatik və hərbi potensial tarixi qələbədə təcəssümünü tapmışdır. 8 Noyabr Zəfəri xalqın, ordunun və dövlətin birliyinin ən yüksək ifadəsi olmuşdur”, – deyə spiker vurğulayıb.
Milli Məclisin sədri qələbənin hüquqi əhəmiyyətinə də toxunub. Bildirib ki, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların onilliklər boyu kağız üzərində qalmış qərarları həyata keçirilib, dövlətlərin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn gücü bərqərar edilib.
S.Qafarovanın sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, “Böyük Qayıdış” proqramının icrası Zəfərin real məzmununu daha da zənginləşdirir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması azad edilmiş ərazilərə həyat gətirir.
Spiker vurğulayıb ki, böyük Qələbə Cənubi Qafqazda möhkəm sülhün bərqərar edilməsi üçün də tarixi imkan yaradıb. Prezident İlham Əliyevin ardıcıl səyləri regionda dayanıqlı təhlükəsizlik arxitekturasının qurulmasına və əməkdaşlıq imkanlarının reallaşdırılmasına yönəlib.
S.Qafarova çıxışında Zəfərin əldə olunmasında Ali Baş Komandanın, qəhrəman əsgər və zabitlərin xidmətlərini xüsusi qeyd edib. O, onların təbrik edilməsini və minnətdarlığın bildirilməsini təklif edib.
Spiker, həmçinin Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktublarının ünvanlanmasını təklif edib.
S.Qafarova sonda qələbənin şəhidlərin və qazilərin canı, qanı bahasına əldə olunduğunu xatırladaraq şəhidlərə Allahdan rəhmət, qazilərə möhkəm cansağlığı diləyib.
Günel Elxan