“Azərbaycan ədaləti və beynəlxalq hüququ öz gücü ilə bərpa etdi” Gündəm

“Azərbaycan ədaləti və beynəlxalq hüququ öz gücü ilə bərpa etdi”

“Şanlı Qələbəmizin altı ili tamam olur. Bu, xalqımızın tarixində çox şərəfli və əlamətdar hadisədir. Azərbaycan ədalətli mübarizə apararaq uzunmüddətli işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, 1993-cü ildən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə başlanan iqtisadi, siyasi və hərbi sahələrdəki mühüm islahatlar Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilib: “Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr də bu müqəddəs missiyanın reallaşdırılmasında özünəməxsus rol oynayıb.Azərbaycanın qələbəsi yalnız Qafqaz və Avrasiya üçün deyil, qlobal miqyasda da əlamətdar hadisələrdən biridir”.

O, Prezident, Ali Baş Komandan İlham Əliyevin Zəfərin beynəlxalq əhəmiyyətinə dair fikirlərini xatırladaraq bildirib ki, Azərbaycan regionda yeni reallıq yaradıb və iqtisadi, strateji, geosiyasi baxımdan ciddi qəbul olunan dövlətə çevrilib:

Deputatın sözlərinə görə, 44 günlük Vətən müharibəsi və bir gündən az davam edən antiterror əməliyyatı xalqımızın sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirib: “Ölkədə yaşayan müxtəlif etnik və dini qrupların nümayəndələri, milli azlıqlar, eləcə də xaricdə yaşayan azərbaycanlılar qələbəyə öz töhfələrini veriblər. Müharibə həm də milli kimliyin və Azərbaycançılıq ideologiyasının yenidən təsdiqi olub. Təxminən 30 il işğal altında qalan torpaqların azad edilməsi xalqın qürurunu, özünəinamını və tarixi yaddaşını bərpa edib.Qarabağı görməyən bütöv bir nəsil formalaşsa da, onlar genetik olaraq Qarabağlıdır, azərbaycanlıdırlar. Hər qarış torpaq bizim üçün müqəddəsdir. Bu illər ərzində gənclərimiz vətənpərvərlik və milli ruhda böyüyüb, yetişiblər. Ölkədən kənarda yaşayan, təhsil alan və işləyən gənclərimiz də bu Qələbəyə öz töhfələrini veriblər”.

H.Hüseynova şəhidlərin xatirəsinin xalqımız üçün əziz və müqəddəs olduğunu bildirib; “Onların adları məktəblərdə, küçələrdə və abidələrdə əbədiləşdirilir, dövlət tərəfindən şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərilir”.

Komitə sədri Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlərə də toxunub.

O bildirib ki, dövlət başçısının Azərbaycanın ədalətli müharibədə qələbə qazanması, məğlub tərəfin kapitulyasiyasından sonra irəli getməyərək dayanması və sülh təklif etməsinin əhəmiyyətinə dair mesajları hazırkı geosiyasi və hərbi münaqişələr fonunda xüsusi aktuallıq daşıyır: “Azərbaycan ədaləti və beynəlxalq hüququ öz gücü ilə bərpa edib, bunu ləyaqətlə və beynəlxalq norma və prinsipləri pozmadan həyata keçirib. Dünyanın müxtəlif ölkələrindən olan hərbçilər, politoloqlar və ictimai-siyasi xadimlər Azərbaycanın təcrübəsini öyrənir, bu barədə məqalələr, kitablar və hesabatlar hazırlayırlar”.

H.Hüseynova çıxışında sosial şəbəkələrdə Azərbaycan dövlətinə, dövlətçiliyinə, ölkə rəhbərliyinə və onun ailəsinə qarşı böhtan xarakterli məlumatların yayıldığını da iddia edib. O, bu cür kampaniyaların məqsədinə çatmayacağını bildirib.

Deputat çıxışının sonunda xalqımızı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, şəhidlərin xatirəsini ehtiramla yad edib və qazilərə şəfa arzulayıb.

O, Azərbaycanın gücünün, birliyinin, azadlığının və əzmkarlığının daim qorunacağına, ölkənin inkişaf edəcəyinə və bayrağımızın bütün şəhər və kəndlərimizdə əbədi dalğalanacağına əminliyini ifadə edib.

Günel Elxan