Vüqar Bayramov: “Qarabağın iqtisadiyyatı 4, Şərqi Zəngəzurun iqtisadiyyatı 30 dəfə böyüyüb” Gündəm

Vüqar Bayramov: “Qarabağın iqtisadiyyatı 4, Şərqi Zəngəzurun iqtisadiyyatı 30 dəfə böyüyüb”

“Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Böyük Qayıdışla bağlı birinci Dövlət Proqramının icrası bu il başa çatacaq, növbəti proqram isə 2027-2030-cu illəri əhatə edəcək”.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, işğal dövründə tamamilə dağıdılaraq xarabalığa çevrilmiş ərazilərdə ilkin mərhələdə nəqliyyat, sosial, kommunal və digər infrastrukturun formalaşdırılması zəruri idi: “Bu məqsədlə indiyədək yalnız dövlət büdcəsindən həmin ərazilərin bərpasına 26 milyard manat vəsait ayrılıb.Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 3 720,5 kilometr olan 64 adda avtomobil yolunun tikintisi həyata keçirilir. İndiyədək ümumi uzunluğu 1 338 kilometr təşkil edən 17 avtomobil yolunun tikintisi tam başa çatdırılıb. Həmçinin strateji əhəmiyyət daşıyan üç beynəlxalq hava limanı istifadəyə verilib. Milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin gücləndirilməsi ilə yanaşı, azad edilmiş ərazilərdə məskunlaşmanın sürətləndirilməsi də əsas prioritetlərdəndir. Hazırda həmin ərazilərdə 100 minə yaxın vətəndaş yaşayır, işləyir və təhsil alır. Onlardan 41 213 nəfəri daimi məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Ən çox məskunlaşma Ağdam rayonunda qeydə alınıb. Belə ki, artıq 8 300 nəfər bu rayonda məskunlaşıb. Cəbrayıl rayonunda isə 7 112 keçmiş məcburi köçkün doğma yurdlarına qayıdıb”.

O vurğulayıb ki, infrastrukturun formalaşdırılması növbəti mərhələdə intensiv məskunlaşma üçün zəmin yaradır:

“Növbəti aylarda, eləcə də 2027-ci ildə həmin ərazilərimizdə kütləvi məskunlaşma olacaq. Hər bir keçmiş məcburi köçkünə öz ata-baba yurdlarında ev təklif ediləcək. Heç bir keçmiş məcburi köçkün bu prosesdən kənarda qalmayacaq. Bu, möhtərəm Prezidentin siyasi iradəsidir”.

V.Bayramovun sözlərinə görə, ötən müddətdə Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə 600 dəfədən çox səfər edib: “Bu səfərlər və tədbirlər çərçivəsində dövlət başçısı 180-dən çox layihənin təməlini qoyub, 170-dən çox obyektin açılışında iştirak edib. Deputat bunu dövlət başçısının bərpa və məskunlaşma prosesinə xüsusi diqqətinin göstəricisi kimi qiymətləndirib”.

Çıxışında azad edilmiş ərazilərin iqtisadi inkişafına da toxunan deputat Qarabağın iqtisadiyyatının Zəfərdən sonra dörd dəfə böyüdüyünü bildirib.

Onun sözlərinə görə, Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 1 milyard 548 milyon manat olduğu halda, hazırda 6 milyard manata çatıb.

V.Bayramov Şərqi Zəngəzurun iqtisadi göstəricilərində də ciddi artım olduğunu vurğulayıb.

Bildirib ki, bu iqtisadi rayonun iqtisadiyyatı Zəfərdən sonra 30 dəfə böyüyərək 4 milyard manatı ötüb. 2020-ci ildə burada iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 134 milyon manat təşkil edirdisə, hazırda Şərqi Zəngəzurun 100 milyon manatlıq sənayesi, 170 milyon manatdan çox aqrar sektoru var.

Günel Elxan