11:29
476
Seneqal Respublikasının Misirdəki səfirliyi Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirovu seneqallı tələbələrə uzun illər göstərdiyi dəstəyə görə təltif edib.
Seneqal səfirliyinin Misirdə təhsil alan seneqallı tələbələr üçün təşkil etdiyi “Məzun günü” tədbirində səfirliyin müşaviri Mamadou Mbengue Seymur Nəsirovun xidmətlərini yüksək qiymətləndirib.
Seymur Nəsirov çıxışında ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Alim seneqallı tələbələrə dəstək göstərməyin və onların təhsilinə töhfə verməyin onun üçün böyük məmnunluq doğurduğunu qeyd edib.
Sonra çıxış edən Misirdə Seneqallı Tələbələrin Milli Assosiasiyasının sədri Baba Ğor Embob, Seymur Nəsirovun uzun illər ərzində Seneqallı tələbələrin yetişməsində göstərdiyi mühüm roldan bəhs etmişdir.
O, hazırda S.Nəsirovun yetişdirdiyi Seneqalda fəaliyyət göstərən çoxsaylı tələbələrin olduğunu vurğulamış, özünün də bir neçə il əvvəl S. Nəsirovun rəhbərliyi altında təhsil aldığını bildirmişdir.
Qeyd edək ki, S. Nəsirov 2003-cü ildən etibarən Misirdə təhsil alan əcnəbi tələbələrin təhsilinə və elmi inkişafına dəstək verir. Onun rəhbərlik etdiyi proqramlardan hazırda 65 ölkədən iki mindən çox tələbə faydalanır. Alimin uzun illərdən bəri yetişdirdiyi tələbələr müxtəlif ölkələrdə professor, mütəxəssis və din xadimi kimi fəaliyyət göstərirlər.