11:26
504
“2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan torpaqları qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni diz çökdürərək ərazi bütövlüyümüzü bərpa etdi”.
“Xalqcəbhəsi.az” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, noyabrın 8-nin Azərbaycanda hər il Zəfər Günü kimi qeyd olunması xalqımızın tarixi qələbəsinin təcəssümüdür:”Xalqın əzmi və iradəsi, ölkənin iqtisadi gücü, müasir ordu quruculuğu, xalq-iqtidar birliyi möhtəşəm Zəfərin əldə olunmasını təmin edib. Ulu əcdadların zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı yeni qəhrəmanlıq salnaməsi yazaraq, qalib xalq olduğunu bütün dünyaya sübut edib.Vətən müharibəsi dövründə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, eləcə də Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin kampaniyalarına qarşı mübarizə aparıblar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşları həmrəylik nümayiş etdirib, ön və arxa cəbhədə sarsılmaz birlik formalaşdırıblar”.
C.Məmmədov işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə də toxunub.
Bildirib ki, qısa müddətdə həmin ərazilərdə mühüm infrastruktur layihələri həyata keçirilir, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlər və muzeylər bərpa olunur, hava limanları, dəmir yolları və tunellər inşa edilir: “Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılır və Azərbaycanın inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Qarşıda ölkəni hələ çox mühüm vəzifələr gözləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının bütün taleyüklü məsələlərin öhdəsindən uğurla gələcəyinə əminliyini ifadə edən deputat bu prosesdə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib”.
C.Məmmədovun sözlərinə görə, Azərbaycan xalqı qazandığı Zəfərlə Ermənistanın 30 illik işğalına son qoyub, torpaqlarını azad edərək qalib dövlət və xalq kimi tarixə düşüb.
Günel Elxan