“Azərbaycan dövləti ordu quruculuğuna xüsusi diqqət və qayğı ilə yanaşır” Siyasət

“Azərbaycan dövləti ordu quruculuğuna xüsusi diqqət və qayğı ilə yanaşır”

Aydın Quliyev: "Dövlət büdcəsinin böyük bir hissəsi ordu quruculuğuna sərf olunub"

"Milli Ordu quruculuğumuzun 100 yaşlı ildönümü bizim üçün əlamətdar və qürur mənbəyi sayılan bir tarixdir. Tarixdə müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaradılması həm Azərbaycan dövlətçiliyinin tarixində əlamətdar bir gündür, həm də insanların şüurunda dövlətçilik təəsübkeşliyinin nə qədər dərin olduğunun bir göstəricisidir". Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti ordu quruculuğuna xüsusi diqqət və qayğı ilə yanaşır: "Dövlət büdcəsinin böyük bir hissəsi ordu quruculuğuna sərf olunub. Bu gün ordu quruculuğuna Azərbaycan dövlətinin, hakimiyyətinin münasibətini bir neçə faktorla xarakterizə etmək mümkündür. Birinci faktor, Azərbaycan hakimiyyətinin dövlətçilik prinsipi və maraqlarına güzəştsiz və qətiyyətli yanaşmasının əlamətidir. Yəni Azərbaycan hakimiyyəti üçün dövlətçilik maraqlarının bu gün hər şeydən üstün olduğunun nümayişi ordumuzun timsalında bir daha özünü göstərir. İkincisi, bizim torpaqlarımızın işğal altında olması və ordu quruculuğunun yüksək səviyyədə aparılmasına bir milli zərurət, tələbat olmağının göstəricisi kimi yanaşılmalıdır. Ona görə Azərbaycan hakimiyyəti dövlətimizin ordu quruculuğuna hər il büdcə ayırmalarını dəfələrlə artırır. Təsadüfi deyil ki, bu gün orduya büdcə ayırmaları hətta az qala Ermənistan dövlətinin bütünlüklə dövlət büdcəsindən artıqdır. Üçüncüsü isə Azərbaycan hakimiyyətində olan siyasi qüvvənin bizim dövlətçilik tarixinin bütün atributlarına hörmətlə yanaşmasının ifadəsi kimi diqqətə layiqdir.
Ordumuzun 100 il bundan öncə 1918-ci ildə yaradılması artıq bir tarixi hadisə olsa da amma bu gün Azərbaycan dövlətinin onu dövlət səviyyəsində təntənəli şəkildə qeyd etməsi hər şeydən əvvəl bizim dövlətçilik tarixinə olan hörmətin, rəğbətin bir göstəricisidir. Bütün hallarda 26 İyun bizim üçün qürur mənbəyi, fəxarət mənbəyi sayılan milli tarixdir".