“Rusiyaya münasibətdə “orta xətt” tutulmalıdır” Siyasət

“Rusiyaya münasibətdə “orta xətt” tutulmalıdır”

Fazil Mustafa: "Əsas məsələ Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasıdır"

"Konfrans işçi qrupun təşəbbüsü ilə baş tutdu və bir qrup rusiyalı ictimaiyyət nümayəndəsinin, deputatların Cocuq Mərcanlıya, Lələ Təpəyə səfəri gerçəkləşdi. Bu konfrans "Azərbaycan Cənubi Qafqazda Rusiyanın ən yaxın strateji müttəfiqidir" ideyası istiqamətində qurulmuşdu. Tədbiri Cocuq Mərcanlıda, işğaldan azad olunan ərazidə keçirməklə ilk dəfə Rusiyanın Ermənistana Azərbaycan mövqeyindən baxışını təmin etməyə çalışdıq".
Bu sözləri millət vəkili, Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupun üzvü Fazil Mustafa Cocuq Mərcanlıda keçirilən konfrans barədə danışarkən deyib. Qeyd edib ki, ruslara Azərbaycanın onlar üçün daha yaxın dost, qonşu dövlət olduğu bildirilib: "Ermənistana dəstək verərkən bu faktı nəzərə almalarına çalışdıq. Bu görüşlər, bu səfər ciddi mesaj idi. Bildiyiniz kimi, Azərbaycanda Rusiya ilə bağlı ya çox kəskin, ya da çox isti fikirlər bildirilir. Bunun heç birini məqbul hesab etmirəm".
Millət vəkilinin fikrincə, Rusiyaya münasibətdə "orta xətt" tutulmalıdır: "Rusiyaya münasibət qurmaqdan çəkinməli olduğumuz dövlət kimi baxmamalıyıq. Həmçinin, bizə müəyyən problemlər yaratmış Rusiyanın Azərbaycana düşmən münasibət bəsləməməsi üçün işlər görməliyik. Daha yaxın əlaqələrin qurulması üçün çağırışlar etməliyik. Görülən işlərdə bu istiqamət əsas götürülüb. Əsas məsələ Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasıdır. Bütün çıxışlarda nümayəndələr Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu dedilər və torpaqların qaytarılmasını əsas məqam kimi vurğuladılar. Sülhün ancaq bu yolla bərpa olunacağını qeyd etdilər. Nümayəndələrin hamısı tanınmış, nüfuzlu şəxslərdir. Onların Azərbaycan əsgəri ilə isti münasibətlər, təmaslar görüntüsü verməsi o deməkdir ki, Rusiyada bu düşüncədə olan insanlar var. Biz isə onların mövqelərinin güclənməsinə yardım etməliyik".