“Paşinyanın KTMT-yə qarşı daha böyük təxribatı qabaqdadır” Siyasət

“Paşinyanın KTMT-yə qarşı daha böyük təxribatı qabaqdadır”

Nikol Paşinyanın KTMT üzvü Belarusu hədəfə götürməsi çoxməqsədlidir. Nikol Paşinyan Belarus prezidenti A.Lukaşenkonun keyfiyyətlərinə də bələddir. Ən azı hiss olunur ki, o əvvəlki prezidentlərin dövründə baş verənləri öyrənir.
Lukaşenkonun KTMT və Avrasiya İqtisadi Birliyi iclaslarında eks-prezidentlər R.Köçəryan və S.Sərkisyana verdiyi cavablar bildirdiyi fikirlər N.Paşinyana dəqiq bəllidir. O zaman Azəbaycan Belarusdan silah almırdı. Amma bununla yanaşı N.Paşinyan Belarusun və onun prezidenti A.Lukaşenkonun üstünə gedir. Görünür, Paşinyan buna məcburdur. Eləcə də bəllidir ki, Belarus Azərbaycanın silah tədarükçüləri içərisində bəlkə də ən axırıncı yerdədir. Ən iri silah tədarükçümüz Rusiyadır. İsrail, Türkiyə, Pakistan və Aİ nin bəzi dövlətləri Belarusdan qat-qat çox miqdarda Azərbaycana silah satıblar. Fransanın verdiyi casus peyki bu gün işğal olunmuş ərazilərimizdə də çox ciddi izləmə prosesləri həyata keçirir. Amma Fransa, Rusiya və Aİ ilə münasibətləri əla olan Ermənistan nədənsə Belarusu hədəf götürüb.
Bu fikirləri politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, ehtimal ki, N.Paşinyan hakimiyyətə gələrkən öz öhdəliyini reallaşdırmaq istəyir: "Bəllidir ki, N.Paşinyanı ABŞ, Qərb hakimiyyətə gətirib və Qərb üçün N.Paşinyanı cəlbedici edən onun uzun müddətli Rusiya, KTMT və Avrasiya İqtisadi Birliyinə qarşı apardığı mübarizə idi. N.Paşinyan hakimiyyətinin ilk günlərində də təxminən buna bənzər addımı atdı və onun KTMT-nin imicini ləkələməsi də məhz bu məqsədə xidmət edirdi. Lakin sonradan Rusiyanın təzyiqlərindən qorxaraq müəyyən qədər geri çəkildi. N.Paşinyan fikirləşir ki, seçkilərdən sonra yenə Qərbpərəst, anti-Rusiya siyasətinə qayıtmalıdır. Bunun üçün də indidən artıq müəyyən hazırlıqları görünür".
Siyasi ekspert şərhinin davamında bildirib ki, N.Paşinyan Rusiyaya şirin dillə yalvara-yalvara Ermənistanın energetika sahəsindəki islahatları məhz Qərbin maraqlarına uyğun şəkildə aparır: "Yəni bu o deməkdir ki, N.Paşinyan Qərbə tərəf çevrilir, dekabrın 9-dan sonra Qərbyönümlü siyasət aparacaq. Amma eyni zamanda istəyir ki, Qərbin qarşısında olan bu 3-4 aydakı günahını da yusun. Ona görə KTMT-yə ikinci zərbə hazırlayır. İkinci zərbə S.Sərkisyanın hazırladığı ssenarini reallaşdırmaqdır. Hal-hazırda Rusiya hərbi cəhətdən güclü olsa da amma Qərbin ümumi gücü ilə müqayisədə zəifidir. Regional müharibəyə cəlb olunacağı təqdirdə Rusiyanın bu müharibədə uduzacağı şəksizdir. Vaxtilə S.Sərkisyan Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan istiqamətində təxribatlara uzun müddət hazırlıq apardı və məqsəd də KTMT ilə NATO-nu üz-üzə qoymaq idi. Türkiyə və Rusiyanı müharibəyə qatmaq və nəticədə KTMT və NATO müharibəyə qoşulur. Beləliklə sonda Rusiya bu regiondakı müharibədən məğlubiyyətlə ayrılır. Regionda marağını tam itirməsə də Rusiyanın regionda marağı tamamilə zəifləyir. Ona görə indi hal-hazırda N.Paşinyan Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan hissəsində hərbi təlimlərdə birbaşa iştirak edir. Təbii ki, Naxçıvan istiqamətinin seçilməsi məhz bunu göstərir. Çünki N.Paşinyan yalnız KTMT-nin özünü rüsvay etmək istəsəydi, o zaman təxribatı Ermənistan-Azərbaycan dövlət sərhədinin digər istiqamətində (Qazax, Tovuz) reallaşdıra bilərdi. Qazax,-Tovuz istiqaməti N.Paşinyanın özünün ata yurdudur. Oranı N.Paşinyanın daha inamla müdafiə edəcəyi də heç kəsdə şübhə doğurmur. Məhz onun KTMT-yə qarşı deyil, KTMT vasitəsilə daha böyük təxribat hazırlayıb KTMT-ni və Rusiyanı regiondan uzaqlaşdırmaq təxribatı yalnız Naxçıvan istiqamətində baş tuta bilər".
"Azərbaycan ordusu hər şeyi izləyir", - deyən Mübariz Əhmədoğlu vurğulayıb ki, ölkə Prezidenti Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yollarını, eləcə də Ermənistanın daxilindəki yolların dəqiq izlənildiyini bildirdi və ona görə birmənalı şəkildə demək olar ki, N.Paşinyanın nə addım atmasından asılı olmayaraq, sonu Azərbaycanın qələbəsi ilə nəticələnəcək.