"Putinin Paşinyanı təbrik etməməsi və Paşinyanın seçkilərdən sonra ilk səfərini Moskvaya etməsi Kremlin Ermənistanda geosiyasi maraqlarının artıq öz dəyərini itirməsinin sübutu kimi dəyərləndirilə bilər".
Bu sözləri açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Putinin Paşinyanı təbrik etməməsinə baxmayaraq, Paşinyan bütün hallarda yenə də Moskvaya səfər edir:
"Yəni bu, Ermənistanın nə dərəcədə Rusiyadan asılı vəziyyətdə olmasını göstərir. Belə vəziyyətdə burada qeyri-bərabər münasibətlərdən söhbət gedir. Bütün hallarda Paşinyan Rusiyadan nəsə istəyən, uman tərəfdir. Rusiya da burada vəziyyətin sahibidir. Geosiyasi və iqtisadi baxımdan Rusiya Ermənistanda ağalıq edir. Rusiya Paşinyana qarşı hansısa tələblər irəli sürsə, Ermənistan bu tələblərlə hesablaşmalıdır".
Politoloqun sözlərinə görə, Rusiyanın Ermənistandan müəyyən narazılıqları var:
"Təkbətək görüşlər zamanı hər iki ölkə başçısı bu məsələləri müzakirə edəcək. Xüsusilə də Paşinyan son aylar ərzində müxtəlif təşəbbüslərlə gündəmə gəlib. Məsələn, Xaçaturovun həbsi... Bu cür təşəbbüslər Rusiya tərəfindən birmənalı qarşılanmayıb, hətta tənqidi yanaşmalar olub. Bu halların gələcəkdə də baş verməsi ehtimalından Rusiya narahatdır.
Ola bilər ki, Qarabağ münaqişəsi ilə bağlı da müzakirələr olsun. Son həftələr ərzində bu məsələdə müəyyən canlanmalar hiss olunur. Yeni ildə tərəflər müəyyən təkliflər hazırlaya bilər".
Qeyd edək ki, Putin indiyə qədər Paşinyanı seçkidə qələbəsi münasibətiylə təbrik etməyib. Lakin jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin Paşinyanın bu həftə (27 dekabrda gözlənilir) Rusiyaya gedəcəyini bildirib.
Bu, Paşinyanın seçkidən sonra ilk xarici səfəri olacaq.