Peşəkar KİV informasiya özbaşınalığına qarşı Siyasət

Peşəkar KİV informasiya özbaşınalığına qarşı

AŞ PA üzv dövlətləri yalan məlumatların qarşısının alınması üçün peşəkar KİV-ə dəstək verməyə çağırdı

Yeni mediada yalan məlumatlar yayılması, nifrət üzərində qurulan təbliğat yüksələn xətt üzrə inkişaf edir. Doğru informasiyanın müstəqil mənbəyi olan ictimai kütləvi informasiya vasitələri informasiya özbaşınalığına qarşı dayanmaq üçün bütün imkanlara malikdirlər.
Bu barədə Avropa Şurası Parlament Assambleyasının qətnaməsində qeyd olunur.
Finlandiyadan olan deputat Petri Hankonenin hesabatı əsasında qətnamə qəbul edən AŞ PA hesab edir ki, müasir informasiya məkanında özbaşınalığa son qoya biləcək güclü KİV-lərə ehtiyac var.
Bu baxımdan, üzv dövlətlər redaksiyaların müstəqilliyinə zəmanət verməklə ictimai kütləvi informasiya vasitələrinə sabit və ciddi maliyyə dəstəyi verməlidirlər ki, onlar da dəqiq və etibarlı xəbər və məlumatlar istehsal, ictimaiyyəti onların etimadına layiq olan keyfiyyətli jurnalistika ilə təmin edə bilsinlər.
KİV sahəsində fəaliyyət göstərən ictimai təşkilatlara tövsiyyə olunur ki, etibarlı və keyfiyyətli jurnalist fəaliyyətini təmin etmək məqsədilə Avropa Yayım Şurasının redaksiya prinsiplərini, həmçinin jurnalistlərin peşə davranış qaydalarını tam mənada tətbiq etsinlər, həmçinin yalan məlumatlara qarşı mübarizəni özlərinin prioritet vəzifələri sırasına daxil etmək məsələsinə baxsınlar.
Qətnamədə ictimaiyyət üçün məlumatın mənbəyinin və faktların yoxlanılması ilə bağlı marifləndirici proqramların hazırlanması da tövsiyyə edilir.
Assambleya sosial şəbəkələrə və internet resurslarına təklif edir ki, bütün platformalarda informasiyaların dəqiqliyini təmin etmək üçün dövlət və müstəqil informasiya agentlikləri ilə yaxından əməkdaşlıq etsinlər.