“Tələblər ortalıqdadır” Siyasət

“Tələblər ortalıqdadır”

Dövlət idarəçilik sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması, məmur özbaşınalığına, rüşvətxorluğa, dövlət büdcəsinin və əmlakının talanmasına, məmur oliqarxiyasına son qoyulması, özəl sektora yaradılan süni maneələrin aradan qaldırılması, vətəndaşların problemlərinə diqqətlə yanaşılması, bütün dəyərləndirilmələrdə insan amilinin ön plana çıxarılması Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların ana xəttini təşkil edir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini, siyasi analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, müasir idarəçiliyin əsas prinsiplərinə, yeni məmur obrazının cizgilərinə dövlət başçısı dəfələrlə öz çıxışlarında diqqət çəkib:
“Bizə əlindən siyasi ritorikadan, ucuz populizmdən, kluar oyunlarından başqa bir şey gəlməyən, cəmiyyəti qütbləşdirməklə, fərqli siyasi baxışlar, dünyagörüşləri arasında səngər çəkməklə mövcudluğunu qoruyub saxlamağa çalışan məmur tipi, nə də sözün bütün alt mənalarında texnokrat məmur obrazı lazımdır”.
Politoloq bildirib ki, yeni dövr fərqli məmur, məmur-siyasətçi məzmunu və forması tələb edir:
“Müasir məmur-siyasətçi eyni zamanda yaxşı təşkilatçı və icraçı olmağı bacarmalıdır. Bu sıraya bilik, insanlarla, xüsusilə də müxtəlif sosial təbəqələrlə ünsiyyət qurmaq, çevik qərarlar qəbul etmək bacarığı, müzakirələrə açıq olmaqla yanaşı, fərqli ideya və təşəbbüslərin arasından ən doğrusunu seçə bilmək məharəti, ədalət, obyektivlik hissinin itirilməməsi, qanunun aliliyinə, hüquqa sayğı, dövlət əxlaqı, vətənpərvərlik, xoş niyyət və digər bu kimi amilləri də əlavə etsək, Prezident İlham Əliyevin tələblərinin sərhədlərini müəyyənləşdirmək olar. Tələblər və bu tələblərə uyğun gəlməyənlərə münasibət də ortalıqdadır. Öz vəzifəsindən sui-istifadə edən vəzifəli şəxslərə qarşı həyata keçirilən son qanuni tədbirlər, atılan addımlar Azərbaycanda ölkənin inkişafına, vətəndaşın mənafeyinin qorunmasına, dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə, qanunun aliliyinə xidmət edən islahatlar kursunun qarşısıalınmaz olduğunu təsdiqləyir. Ortalıqda siyasi iradə, qətiyyət və xalqın dəstəyi var. Nəticə çıxaranlar fəaliyyətlərini yeni dövrün tələblərinə uyğun qurmalıdır. Nəticə çıxarmayanlar isə ən yaxşı halda Azərbaycanı yeni inkişaf mərhələsinə aparan prosesdən kənarda qalacaqlar”.