“Azərbaycanda Qafqaz İslam Ordusuna aid 8 şəhidlik var” Siyasət

“Azərbaycanda Qafqaz İslam Ordusuna aid 8 şəhidlik var”

Türkiyə səfiri: "Bütün cəbhələrdən gələn məğlubiyyət xəbərlərinə baxmayaraq, Ənvər paşa öz qardaşı Nuru paşanı qardaş xalqın yardımına göndərdi"

Dünən Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyində Bakının daşnak-bolşevik işğalından azad edilməsini 96-cı ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə ilk olaraq TRT-nin hazırladığı sənədli film nümayiş olunub. Filmdə 1918-ci ildə erməni daşnakları və bolşevik dəstələrinin Azərbaycanda törətdiyi cinayətlərdən, cümhuriyyətin yaranması dövründən və Osmanlı zabiti Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakıya doğru yürüşündən bəhs edilir, Azərbaycanın müxtəlif bölgələrində naməlum türk əsgərlərinin məzarlarının olduğu və ümumilikdə Qafqaz İslam Ordusunun Bakını azad edənə qədər 1130 şəhid verdiyi bildirilir.
Səfir İsmayıl Alper Coşkun çıxışında qeyd edib ki, 1918-ci ildə - I Dünya Müharibəsinin sonlarında Osmanlının vəziyyəti çox ağır idi: "Bütün cəbhələrdən gələn məğlubiyyət xəbərlərinə baxmayaraq, Ənvər paşa öz qardaşı Nuru paşanı qardaş xalqın yardımına göndərdi. O qardaşlıq, o fədakarlıq boşuna deyilmiş. Azərbaycanlı qardaşlarımızın uzun illər sonra da bu hadisəni unutmaması, hətta sovet dövründə türk şəhidlərinin məzarlarını qoruması buna çox gözəl nümunədir. Bu gün Azərbaycan və Türkiyə xalqlarının qardaşlıq və dostluğu üçün çox önəmlidir. Azərbaycanda Qafqaz İslam Ordusuna aid 8 şəhidlik və 18 şəhid məzarı var. Hələ bilmədiyimiz və axtardığımız çox məzarlar var. Azərbaycanın dəyərli insanları sağ olsunlar ki, vaxtaşırı bu məzarları tapıb bizə xəbər verirlər".
Sonra Nuru paşanın Osmanlı bayrağı bükülmüş "Qurani-Kərim" hədiyyə etdiyi Əli bəyin övladı, Gəncə sakini Füzuli Hüseynov söz alaraq Nuru paşanın "bu əmanəti yaxşı qoru, biriləri ardınca gələcək" sözlərini yada salıb: "Atam inanırdı ki, vaxt gələcək, Azərbaycan və Türkiyə yenə bir arada olacaq".
Millət vəkili, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bəyan edib ki, Azərbaycan və Türkiyənin indiki siyasi əlaqələri, ölkə rəhbərlikləri arasında dostluq tarixdəki bu cür ortaq hadisələrin qorunması və gələcək nəsillərə çatdırılması üçün çox önəmli rol oynayıb: "Azərbaycan xalqının taleyində 15 sentyabr tarixinin böyük əhəmiyyəti var. Çünki 1918-ci ilin 15 sentyabrında Bakı şəhəri erməni-bolşevik işğalından azad edilib".
Y.Mahmudov bildirib ki, həmin tarixdə azad olunması, şəhərin daşnak quldurlarının əlindən xilas olunması və Azərbaycan paytaxtının azərbaycanlılara qaytarılması demək idi: "Bu hadisə Azərbaycan tarixinin ən şanlı, ən böyük hadisələrindən biridir. Eyni zamanda qeyd edim ki, ulu öndər Heydər Əliyevin tapşırığına əsasən institutumuz tərəfindən hazırlanan ikicildlik Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında 15 sentyabr hadisələri bütün detalları ilə öz əksini tapıb. Bununla belə, hər il də institutumuzda bu istiqamətdə tədqiqatlarımız davam edir. Məqsəd də ondan ibarətdir ki, bu hadisə Azərbaycanımızda çox böyük, əlamətdar bayramlardan biri kimi olunsun. Bakının daşnaklardan azad olunması, heç şübhəsiz, Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun fəaliyyəti olmaqla yanaşı, həm də Azərbaycan xalqının özünün böyük qəhrəmanlıq, igidlik göstəricisidir".
Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov isə bildirib ki, 15 sentyabr tarixi Azərbaycan və Türkiyənin qardaşlığının parlaq nümunəsini ifadə edən günlərdən biridir: "Azərbaycan Xalq Cümhuriyyətinin özünütəsdiq etməsində türklər güclü dəstək verib. Onun sözlərinə görə, məhz 15 sentyabr 1918-ci ildə Bakı şəhərinin erməni daşnak-bolşeviklərindən azad edilməsində türk ordusunun müstəsna rolu var. Bu hadisədən sonra Bakı şəhəri Xalq Cümhuriyyətinin paytaxtı elan olundu. Ötən əsrin sonunda Azərbaycanın müstəqilliyi elan olunanda da onu tanıyan ilk dövlət Türkiyə oldu. Bütün bunlar onu göstərir ki, biz qardaş dövlətlərik və münasibətlərimiz bu prinsipə əsaslanır. Bu gün ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycanla Türkiyə artıq dünyada yeni bir güc mərkəzi kimi çıxış etməkdədir".