“Azərbaycan nümunəvi dövlətlər sırasında yer alır” Siyasət

“Azərbaycan nümunəvi dövlətlər sırasında yer alır”

"Yeni növ koronavirus (COVİD-1) pandemiyası ilə uğurlu mübarizə, dövlətin həyata keçirdiyi tədbirlər, müvafiq strukturların uğurlu fəaliyyəti, beynəlxalq humanitar yardımlar, Azərbaycanın beynəlxalq miqyasda birləşdirici təşəbbüsləri, vətəndaş məsuliyyəti, cəmiyyətin həmrəyliyi günümüzün reallığına çevrildi. Əhalinin sağlamlığının qorunması və sosial rifaha dəstək istiqamətində atılan məqsədyönlü və genişmiqyaslı tədbirlər Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq etdi". Bunu millət vəkili Pərvin Kərimzadə deyib. Deputatın sözlərinə görə, dövlətimizin başçısının rəhbərliyi ilə koronavirus pandemiyası şəraitində reallaşdırılan sosial müdafiə tədbirləri “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır” fikirlərinin təsdiqi və bütün bunların əməli işlərlə tamamlandığının sübutu oldu. Ən əsası isə Azərbaycan xalqının milli həmrəyliyi bu təhlükəli infeksiyaya qarşı mübarizədə bir daha nümayiş etdirildi: "Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan daha üç modul tipli xəstəxananın açılışı ölkəmizdə koronavirusa qarşı mübarizənin nə qədər səmərəli olduğunu göstərdi.
Prezident xəstəxananın açılışında həkim kollektivi ilə görüşü zamanı çıxışında dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha vurğuladı: “Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik. Ölkəmizdə pandemiya ilə mübarizə sahəsində görülən bütün tədbirlərin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə nəzarəti altında olması Azərbaycanı öz vətəndaşlarının sağlamlığının qorunması baxımından nümunəvi dövlətlər sırasında yer almasına səbəb oldu".