Mariya Zaxarova: Azərbaycan və Ermənistan sülhün möhkəmlənməsinə yönələn müxtəlif təşəbbüslərlə çıxış edirlər Siyasət

Mariya Zaxarova: Azərbaycan və Ermənistan sülhün möhkəmlənməsinə yönələn müxtəlif təşəbbüslərlə çıxış edirlər

Azərbaycan və Ermənistan sülhün möhkəmlənməsinə yönələn müxtəlif təşəbbüslərlə çıxış edirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Moskvada brifinqdə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

M.Zaxarova Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə diplomatik prosesin fəallaşdırımasına dair Azərbaycanın təşəbbüsü haqqında sualı cavablandıraraq deyib: “Bunu tərəflərlə müzakirə edirik. Ümidvarıq ki, beynəlxalq səfərlərə məhdudiyyətlər götürüldükdən sonra münaqişənin nizamlanması ilə bağlı bütün məsələləri kompleks şəkildə müzakirə etmək imkanı yaranacaq”.

RF XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, münaqişə zonasındakı vəziyyət ötən həftə Minsk qrupunun iclasında və təşkilatın bütün üzvlərinin iştirakı ilə ATƏT-in daimi şurasında nəzərdən keçirilib. “Minsk qrupunun həmsədrləri tərəflərlə müntəzəm əlaqə saxlayırlar. Daha əvvəl onların fəaliyyətdə olan sədrlə, ATƏT-in baş katibi ilə onlayn formatda görüşləri keçirilib, BMT katibliyi ilə məsləhətləşmələr planlaşdırılır. Həmçinin Rusiya Prezidenti administrasiyası və Xarici İşlər Nazirliyinin xətti ilə verilən bir sıra bəyanatlarda tərəflər maksimum dərəcədə təmkinlik nümayiş etdirməyə, atəşkəs rejiminə ciddi riayət etməyə çağırılır. Sergey Lavrovun erməni və azərbaycanlı həmkarları ilə təcili telefon əlaqələri təşkil olunub. Lavrov bu həftə Moskvada Azərbaycanın və Ermənistanın səfirləri ilə vəziyyəti müzakirə edib. Hərbi qurumların xətti ilə qarşılıqlı fəaliyyət həyata keçirilir”, - deyə M.Zaxarova əlavə edib.