Vitse-spikerin sözü deputatın xoşuna gəlməyib Siyasət

Vitse-spikerin sözü deputatın xoşuna gəlməyib

Valeh Ələsgərov: "Artıq "verin, xərcləyək" psixologiyasından əl çəkməliyik"

İsmayıl Hcıyev: "Valeh Ələsgərovun elmlə bağlı çıxışından təəssüf hissi keçirdim"

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov parlamentin 19 noyabr iclasında, 2015-ci ilin büdcə müzakirələri zamanı çıxış edib.
O qeyd edib ki, Dövlət Neft Fondundan vəsait ayırmalarına qarşı çıxanlar, bununla bağlı həyəcanla danışanlar və tənqid edənlər bir məsələni unudur: "Onlar vaxtilə Neft Fondunun yaradılması ideyasına qarşı çıxıb deyirdilər ki, neft gəlirləri birbaşa dövlət büdcəsinə yönəlsin və artıq qalan fonda yığılsın. Bununla bağlı kəskin müzakirələr gedirdi və üç-dörd nəfəri çıxmaq şərti ilə hamı deyirdi ki, gəlirlər birbaşa büdcəyə yönəlsin. Əgər o zaman ölkənin prezidenti Heydər Əliyev bu təklifləri qəbul etsəydi, indi görün vəziyyət necə olardı.
Nəinki müxalifət, o cümlədən hökumətin tərkibində olan nazirlər, böyük vəzifəli şəxslər də neft gəlirlərinin birbaşa dövlət büdcəsinə daxil olmasını istəyirdi. Əminəm ki, neft gəlirləri birbaşa büdcəyə daxil olsaydı, indi vəziyyət indikindən yaxşı olmazdı. Pulu Dövlət Neft Fonduna xərcləmək üçün yığırlar və ilk növbədə infrastruktur layihələrinə yönəltmək lazımdır. TANAP, TAP, Bakı-Tiflis- Ərzurum, "Şahdəniz" layihələrinə pul xərcləməsək gələcəyimiz necə olar? Hesab edirəm ki, pullar düzgün istiqamətdə xərclənib".
Valeh Ələsgərov deyib ki, neftin qiyməti ilə bağlı bəzi çıxışlar onu müəyyən məqamlara toxunmağa vadar edir: "Əvvəla, neftin qiymətini hansısa siyasətlə bağlamaq sadəlövhlükdür. Bu gün elə bir ölkə və siyasətçi yoxdur ki, onun qərarı ilə neft və yaxud başqa əmtəə məhsulu ucuzlaşsın, bahalaşsın.
Başqa sadəlövh yanaşma da hiss etdim. Guya ABŞ istehsalı artırdığına görə dünya bazarlarında neft ucuzlaşıb. Amma Amerika qarşıdakı 7-8 ildə neft və neft məhsulları ixrac edən ölkə olacaq.
Neftin ucuzlaşmasının əsas səbəbi valyuta və maliyyə bazarlarında gedən oyunlardır. Bu oyunları heç kim proqnozlaşdıra bilməz. Ona görə də neftin qiyməti ilə bağlı danışanda məsələyə dərindən yanaşmaq lazımdır".
Parlament sədrinin müavini büdcədən müxtəlif sahələrə ayrılan pulların artırılmasını təklif edənlərlə razılaşmadığını vurğulayıb: "Biz artıq "verin, xərcləyək" psixologiyasından əl çəkməliyik. Müxtəlif sahələrə ayrılan pul artırmalıdır deyənlərlə razı deyiləm. Onsuz da hökumət müxtəlif sahələrə vəsaitləri artırır. Mən isə sual verirəm: bunun nəticəsi nə olacaq? İstər sənaye, istər kənd təsərrüfatı, səhiyyə, təhsil, elm olsun. Bu sahələrə ayrılan vəsaitlərin artırılmasının nəticəsi nə olacaq? Pulu ver, xərcləyim demək asandır. Nəticə barədə düşünmək lazımdır".
Vitse-spilerin bu çıxışı millət vəkili İsmayıl Hacıyevin xoşuna gəlməyib. Milli Məclisin iclasında çıxış edən deputat deyib: "Şəxsiyyətinə hörmət etdiyim Valeh Ələsgərovun elmlə bağlı çıxışından təəssüf hissi keçirdim".
Onun sözlərinə görə, Azərbaycanda elmlə bağlı gəlir gətirməyən elə sahələr var: "Amma bu sahələr dünyagörüşünə, intellektə yardım edir. Ona görə də elmə vəsaitin az olmasına haqq qazandırmağı anlamıram".
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov çıxışında elm və təhsilə 2015-ci ilin dövlət büdcəsindən ayrılan vəsaitin az olması ilə bağlı deyilənlərlə razılaşmayıb.
İsmayıl Hacıyev ipoteka kreditləri, kənd təsərrüfatı ilə bağlı da tənqidi fikirlərini səsləndirib. Onun fikrincə, rayonlarda iş yerləri açılmalıdır: "Belə olarsa, Bakıya regionlardan axın bu qədər çox olmaz. Bakıda tıxacların yaranmasına səbəb kəndlərdə iş yerlərinin olmamasıdır".