44 günlük müharibədə Azərbaycanın qələbəsini təmin edən əsas amillər - TƏHLİL Siyasət

44 günlük müharibədə Azərbaycanın qələbəsini təmin edən əsas amillər  - TƏHLİL

27 sentyabrda başlanmış 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsini şərtləndirən bir neçə ciddi amil var. Zəfəri təmin edən başlıca faktor Ali Baş Komandanımızın vaxtında ortaya qoyduğu düzgün döyüş strategiyası oldu.

Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın haqq işinə mane olmaq istəyən və ermənilərə dəstək göstərən bir sıra xarici ölkə rəhbərlərinin zənglərini tutarlı arqumentlərə əsaslanmış müdrük cavabları ilə neytrallaşdırmağı bacardı:

“44 günlük Vətən müharibəsi dövründə dünyanın 30-a yaxın televiziya və mətbuat orqanlarına verdiyi müsahibələrində cənab Prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti haqq işimizə inandıra bildi. O cümlədən müsahibələr almaq üçün ermənilərin sifarişləri ilə ölkəmizə gələn jurnalistləri də faktlarla yerində otuzduraraq susdurdu. Təbii ki, Prezident İlham Əliyevin beynəlxalq mətbuat orqanlarına verdiyi müsahibələri informasiya məkanında təmin edilmiş qələbəmiz oldu. Məhz Prezident İlham Əliyevin müsahibələrindən sonra dünya ictimaiyyətinin Azərbaycana baxışlarında köklü dəyişiklik baş verdi.

Üçüncü amil isə müasir hərbi texnologiya oldu. Vaxtında alınmış və ordumuzun silahlanmasına qəbul edilən beşinci nəsil texnologiyalara əsaslanmış pilotsuz uçan aparatlar tarixi qələbəmizin təmin edilməsində xüsusi rol oynadı. Düşmənin dərinlikdə yerləşən hərbi hədəflərini dəqiq atəşlə məhv etməklə Vətən müharibəsində istifadə etdiyimiz PUA-lar dünya hərbi güc mərkəzlərinin də öz silahlanmalarını yenidən nəzərdən keçirməsini aktuallaşdırdı.

Qələbəmizi şərtləndirən digər bir amil iqtisadi gücümüz oldu. Əgər iqtisadiyyatımız zəif olsaydı təbii ki, xarici amillərin Vətən müharibəsinə müdaxilələri və təzyiqləri çoxalacaqdır. Heydər Əliyevin qeyd etdiyi kimi "İqtisadiyyatı güclü ölkə hər şeyə qadirdir" ifadəsi vətən müharibəsində qələbəmizin təminatçısına çevrilib.

44 günlük Vətən müharibəsində qələbəmizi bizə qazandıran müzəffər ordumuzun əsgər və zabitləri oldu. Ölkəmizin igid, qəhrəman oğulları öz qanı bahasına bu qələbəni bizə qazandırdı. Minlərlə könüllü gəncimiz silaha sarılaraq Ali Baş Komandanın döyüş tapşırıqlarını yüksək səviyyədə icra etdi. Döyüşdə iştirak edən hər bir əsgərimiz Şuşada bayraq sancmaq arzusu ilə döyüşə qatılmışdı. Komandirlərimiz cəbhədə öndə gedərək əsgərlərimizdə böyük döyüş ruhu yaratmışdı. Təəssüf ki, şəhidlərimiz və yaralılarımız oldu. Vətən yolunda dünyasını dəyişən bütün şəhidlərimizə Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm”.

Deputatın sözlərinə görə, qələbənin təmin olunmasını şərtləndirən amillərdən ən əsası ölkəmizdəki milli birlik, həmrəylik oldu:

“Siyasi baxışlarından, milli, dini mənsubiyyətindən asıllı olmayaraq bütün xalqımız birləşərək Ali Baş Komandanın dəmir yumruğu oldu və bu dəmir yumruq düşmənin başından vuraraq döyüş meydanında məhv etdi".

Depytat qeyd edib ki, Vətən müharibəsinin nəticələri xalqımız üçün tarixi əhəmiyyət daşıyır. Birinci növbədə əldə etdiyimiz qələbə ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü təmin edilməsi ilə başa çatdı. 30 ilə yaxın idi ki, xalqımızın qaçqın köçkün idi. 10 noyabrda imzalanan üçtərəfli bəyanatla təmin olunmuş qələbə xalqımızın üstündən qaçqın-köçkün adını götürdü:

"Azərbaycan 200 ildən artıq bir tarixdə öz torpaqlarını itirə-itirə bu günə gəlib çatmışdı. Prezident İlham Əliyevin rəhbərliyi altında apardığımız 44 günlük Vətən müharibəsindəki zəfərimiz 30 ilə yaxın bir müddətdə itirdiyimiz torpaqlarımızı özümüzə qaytardı. Qələbəmizin siyasi tərəfi kimi qeyd edə bilərəm ki, Azərbaycan regionun ən güclü ordusuna malik ölkə kimi özünü təsdiqlədi. Qələbənin nəticələrindən danışılanda təbii ki, işğaldan azad olunan ərazilərimizin iqtisadi potensialını qeyd etməmək mümkün deyil. Qarabağ torpaqları yer altı və yerüstü təbii sərvətləri ilə zəngindir. Bu ərazilərimizin yenidən dirçəltməyimiz Azərbaycanın iqtisadiyyatının güclənməsinə yeni rəng qatacaqdır.

Sonda qeyd etmək istəyirəm ki, müzəffər ordumuzun bizə yaşatdığı Böyük qələbə xalqımızı xoşbəxt edib, qalib ölkənin vətəndaşlarına çevirib, hamıya qürur yaşadıb, şərəf bəxş edib”.