Son 17 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi ilə genişmiqyaslı islahatlar aparılıb - Deputat Siyasət

Son 17 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi ilə genişmiqyaslı islahatlar aparılıb - Deputat

Son 17 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi ilə genişmiqyaslı islahatlar aparılıb, iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib. Nəticədə, respublikamızda rəqabətqabiliyyətli iqtisadiyyat formalaşıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, son 17 ildə ölkəmizdə bütün sahələrdə böyük nailiyyətlər əldə olunub: “Cənab Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən və düşünülmüş siyasəti uğurla davam etdirərək Azərbaycanı qüdrətli ölkəyə çevirib. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmizdə ümumi daxili məhsul 3 dəfə artıb, yoxsulluq 49 faizdən 5 faizə enib. Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyələrdədir, ümumi daxili məhsulun təqribən 20 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir.

Son 17 ildə Azərbaycanın iqtisadiyyatına 260 milyard dollardan çox sərmayə yatırılıb. Neft ixrac edən dövlətlər arasında ən az xarici dövlət borcu olan Azərbaycandır. Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çoxdur. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Azərbaycan iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə görə Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir".

Deputat vurğulayıb ki, bu müddət ərzində ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib:

"Ölkəmiz 44 günlük Vətən müharibəsində də ilk növbədə güclü iqtisadi potensialı əsasında şanlı qələbəyə imza atdı və ərazi bütövlüyünü təmin etdi".

A.Hüseynov əlavə edib ki, bu gün Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir:

"Dünyanın aparıcı iqtisadi-maliyyə qurumlarının hesabatlarında milli iqtisadiyyatımızın dayanıqlılığına, ölkəmizdə aparılan iqtisadi məzmunlu islahatlara yüksək qiymət verilir. "Doing Business" hesabatına əsasən, respublikamız 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Bundan əlavə, Azərbaycan dünya üzrə 10 ən islahatçı ölkə sırasına daxil edilib. Dünyanın bir nömrəli iqtisadi platforması sayılan Davos İqtisadi Forumunun hesabatında da ölkəmizlə bağlı müsbət məqamlar yer alıb".