Putin üçtərəfli razılaşmaların həyata keçirilməsinə alternativsizliyin tərəfdarıdır Siyasət

Putin üçtərəfli razılaşmaların həyata keçirilməsinə alternativsizliyin tərəfdarıdır

Rəsmi Moskva Bakı və Yerevanla daimi təmasdadır, Ermənistan və Azərbaycan sərhədində gərginliyi aradan qaldırmaq üçün səylər göstərir. Sputnik Azərbaycan Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bilirsiniz ki, Rusiya və Ermənistan tərəfi daimi təmasdadır. Biz, həmçinin Bakı ilə də daimi təmasdayıq. Prezident üçtərəfli razılaşmaların həyata keçirilməsinə alternativsizliyin sadiq tərəfdarıdır. İndi gərginliyi aradan qaldırmaq və vəziyyəti düzəltmək üçün güclü səylər göstərilir", - deyə Peskov jurnalistlərə bildirib.
"Rusiya Prezidenti Paşinyanın məktubunu alıbmı?" sualına Kreml təmsilçisi cavab verməyə çətinlik çəkib: "Mən sizə dəqiq deyə bilmərəm, lakin təbii ki, bütün bu məsələlər ikitərəfli əlaqələr zamanı müzakirə olunub".
Qeyd edək ki, ötən həftə Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan parlamentdə bildirib ki, Zəngəzur (Sünik) vilayətində Azərbaycanla sərhəddə vəziyyətlə bağlı Putinə məktub yazaraq ondan kömək istəyib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanatla çıxış edib.
"10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.
12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.
Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik.
Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir və bu istiqamətində müvafiq addımların atılmasına çağırır" - bəyanatda deyilir.