Bütün dünya bilsin! Siyasət

Bütün dünya bilsin!

Ərdoğan: Daim Azərbaycanın yanında olacağıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçirilib.

Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edib.

Türkiyə Prezidenti deyib: “Qarabağı azad edən Azərbaycanın Milli Məclisində olmaqdan şadam. Bu gün də Azərbaycanın yanıdayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq”

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qarabağın işğaldan azad edilməsi Azərbaycanın müstəqilliyinin 30 ilinin ən önəmili hadisəsidir.

Türkiyə Prezdenti qeyd edib ki, azərbaycanlı qardaşlarım 30 il öz doğma yurdlarından məcburi köçkün oldular: “30 il sonra bu torpaqlar öz sahiblərinə qovuşdu. Bu zəfəri və barışı Azərbaycan xalqına qazandıran, Prezident, qardaşım İlham Əliyevə bir daha təşəkkür edirəm. Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm. Türkiyə həm dövlət, həm də millət olaraq qardaş Azərbaycanın yanında yer alıb. Bu gün də Azərbaycanın yanıdayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdisə, biz də bu gün və gələcədə bərabər olacağıq. Azərbaycanın sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimizdir”.

Yeni bir Qarabağ ərsəyə gətirəcəyik

Prezident Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycan işğaldan azad olunan əraziləri yenidən inşa edərək yeni bir Qarabağ ərsəyə gətirəcək.

Onun sözlərinə görə, Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını 30 il məhv edənləri görməyənlər, Azərbaycanın azadlıq mücadiləsini əngəlləmək üçün səfərbər olanlar indi gəlib Füzulini, Qarabağı görsünlər: "Hər şey ortadadır. Dünən oraların halını gördük. Azərbaycanlılar 30 il öncə Qarabağdan çıxmaq məcburiyyətində qaldıqda heç bir evi yandırmadılar, çünki insan öz evini yandırmaz, ancaq ermənilər oralardan gedəndə hər şeyi yandırdılar, çünki oralar onların vətəni deyildi. Ancaq biz oraları yenidən inşa edərək yeni bir Qarabağ ərsəyə gətirəcəyik".

Türkiyə Prezidenti daha sonra deyib: "Şuşa bu gün öz mədəniyyəti ilə ayağa qalxır. Cıdır düzündə təşkil edilən Xarıbülbül festifalı dünyaya verilən açıq bir mesaj idi. Şuşanın gələcəkdə türk dünyasının paytaxtı olmasını görməkdən məmnun olarıq. Dünyanın 4 tərəfindən olan türk sənət adamlarının Şuşaya gəlməsi Şuşaya gözəl bir salam olardı. Şuşanın gələcəkdə türk dünyasının mədəniyyət paytaxtı olacağını görməkdən məmnun olarıq”.

Ərdoğan bildirib ki, Şuşa ədəbiyyatın mərkəzi vəzifəsini qoruyub: Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Nətəvanın və digər şairlərin yurdudur. Bu gün Şuşa ayağa qalxır. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi bu mənada dünyaya verilən açıq mesajdır.

Gələn il Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olmasından şərəf duyarıq. Əlbəttə, Şuşa, Qarabağ deyil, türk dünyasının bütün yerləri böyük şəxsiyyətlər yetişdirib”.

Türkiyə Prezidenti qeyd edib ki, Qarabağ zəfərinin Azərbaycan və dünyaya gətirəcəyi faydalar zaman keçdikcə hiss olunacaq.

Türkiyə Prezidenti bildirib ki, bu zəfərdən kimsə rahatsız olmasın, çünki bu zülmün deyil, sülhün zəfəridir: "Qarabağın hər küncünə hüzur hakim olub. Azərbaycanlı qardaşlarımız yuvalarına dönəcək. Gələcəkdə buraya yenə gələndə azərbaycanlı qardaşlarımızın öz doğma yurdlarına qayıtmasını görmək bizi şad edəcək. Hazırda yollar sürətlə tikilir, infrastruktur bərpa olunur və bizlər də bölgədə məktəb, xəstəxana və buna bənzər bir çox binalar tikəcəyik".

Zəngəzur dəhlizindən danışan Türkiyə Prezidenti bildirib ki, ermənilər də bu dəhlizdən istifadə etməklə asan şəkildə Moskvaya və bütün dünyaya çıxa biləcəklər, onlar özləri də özlərini nə qədər əngəllədiyini görəcəklər.

Türkiyə Prezidenti vurğulayıb ki, regionda yeni altılıq əməkdaşlıq platforması imkanları yaranıb: "Gürcüstanın bəzi sualları var idi və mən Gürcüstanın baş nazirinin son səfəri zamanı ona bunun faydalarını izah etdim. Çünki bu bölgənin sülhə ehtiyacı var, bunu etməliyik. Ermənistanın Azərbaycanla münasibətləri yaxşılaşdıqca biz də lazımi addımlar atacağıq. Türkiyənın Ermənistana faydaları saydıqca bitməz".

Prezident Ərdoğan bildirib ki, Ermənistan Azərbaycanla problemlərini həll etdikcə, biz də Türkiyə olaraq lazımı addımları atacağıq.

Türkiyə Prezidenti qeyd edib ki, bu zəfəri hamının birgə zəfəri halına gətirmək bizim əlimizdədir: “Qafqazın boynuna bir daha kimsənin əsarət zənciri vura bilməməsi üçün qarşımıza çıxan fürsətləri birlikdə ən yaxşı şəkildə dəyərləndirməliyik. Biz bu mübarizəni özümüz və dostlarımızla birlikdə “Dünya beşdən böyükdür” deyərək, qlobal səviyyədə də aparırıq. Mən bura NATO zirvəsindən gəldim. Bunları NATO zirvəsində də danışdıq, dəyərləndirdik. Bura müsbət düşüncələrlə dəldik. Amma dünyanın problemləri bitmir. Dünyada həll ediləcək çoxlu problem var. Amma dik dursaq, sağlam dursaq, bir olsaq, bərabər olsaq, Allahın izni ilə bunları həll edərik. İnşallah mədəniyyət günəşimizi yenidən ən yüksəyə qaldıraraq, bölgədə və dünyada sülh və ədalətin hakim olacağı günlər yaxındadır”.

Türkiyə Prezidenti nitqini Bəxtiyar Vahabzadənin aşağıdakı şeiri ilə bitirib:

Bir ananın iki oğlu,

Bir amalın iki qolu.

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə.

Dinimiz bir, dilimiz bir,

Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir,

Azərbaycan-Türkiyə!