“Erməni məntiqinə görə...” Siyasət

“Erməni məntiqinə görə...”

Mübariz Əhmədoğlu: "Türkmənistan qazı İrandan birbaşa Türkiyəyə keçəndə baha, İrandan Ermənistan vasitəsilə Türkiyəyə keçəndə isə ucuz başa gəlir"

"Yalnız erməni məntiqinə görə İran-Ermənistan–Gürcüstan-Abxaziya-Rusiya dəmiryolu İran-Azərbaycan-Rusiya dəmiryolundan iqtisadi baxımdan daha sərfəlidir. İranla Rusiyanın arasında dəmir yolu Azərbaycan vasitəsilə reallaşdırılmağa çox yaxındır". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. M.Əhmədoğlu bildirib ki, sovet dövründə SSRİ-İran dəmir yolu marşrutu həm Azərbaycanı, həm də Ermənistanı əhatə edirdi: "Amma indi Azərbaycan və Ermənistan müstəqil dövlətlərdir. Hər birinin özünün ayrıca sərhədi və gömrük keçid məntəqələri mövcuddur. İran-Rusiya dəmir yolu Azərbaycan ərazisindən keçərkən Azərbaycan ərazisində sərhəd və gömrük keçid yoxlamalarına məruz qalır. İran- Rusiya dəmir yolu marşrutu İran-Ermənistan-Gürcüstan-Abxaziya-RF marşrutu üzrə gedəndə isə daşımalar ən azı əlavə üç dəfə sərhəd və gömrük keçid yoxlamalarına məruz qalmalıdır. Bu həm vaxt, həm də maliyyə itkisi deməkdir. Yalnız erməni məntiqi Rusiya ilə İranı Azərbaycan ərazisi vasitəsilə deyil, Ermənistan ərazisi vasitəsilə keçməsini daha sərfəli hesab edə bilər. Bu ideyanın lobbiçiləri sırasında prezident, xarici işlər naziri və deputatlarla yanaşı iqtisadçı alimlər də var".
Politoloq hesab edir ki, ikincisi yalnız erməni məntiqinə görə, Türkmənistan qazı İrandan birbaşa Türkiyəyə keçəndə baha, İrandan Ermənistan vasitəsilə Türkiyəyə keçəndə isə ucuz başa gəlir. Rusiyadan qazın satın alınması ilə bağlı Ermənistanda yaradılmış müvəqqəti deputat komissiyası hələ də fəaliyyətini dayandırmayıb: "Rusiya Ermənistanla qaz müqavilələrini öz maraqlarına uyğun qəbul etdirib. Bu müqavilələrə görə, Ermənistanın bütün daxili qaz infrastrukturu Rusiyaya tabedir. İcazə olmadan digər ölkədən qaz ala bilməz. Eləcə də Ermənistan Rusiyadan aldığı qazı öz sərhədlərindən kənara çıxara bilməz. Ermənistanda güman edirlər ki, bu qaz müqaviləsinin şərtlərini dəyişə biləcəklər. Nəticədə Ermənistan havayı qaz ala bilər. Pulsuz qaz alınması bu sxem üzrədir. Türkmənistan qazı İran vasitəsilə Ermənistana, buradan Türkiyənin ərazisinə keçməklə Avropaya çatdırılır. Bu qaydada ildə 70 milyard m3 qaz Ermənistan ərazisi vasitəsilə nəql olunacaq. Ermənistan bu qazın 5 %-ni tranzit haqqı kimi götürəcək. Bu, ildə 3.5 milyard m3 qaz deməkdir. Ermənistanın ötən il istehlak etdiyi qazın miqdarı isə 2 milyard 450 milyon m3 olub. Beləliklə, Ermənistan öz daxili bazarının tələbatını ödəməkdən artıq miqdarda qalan qazı tranzit haqqı kimi qazanacaq. Belə şərtin ortalığa çıxmasının əsas səbəbi bir müddət fasilədən sonra qazla əlaqəli müvəqqəti deputat komissiyasının fəaliyyətə başlayacağı ilə bağlı qərardır. Bu komissiya fəaliyyətə başlayacaq, Rusiya ilə imzalanmış qaz müqavilələrinin şərtini dəyişəcək, sonra investor tapıb Türkmənistan qazını İran ərazisi vasitəsilə Ermənistana gətirib çıxaracaq və nəhayət, Ermənistandan Türkiyə və ya Gürcüstan vasitəsilə Avropaya çıxarılacaq. Bu, erməni fantaziyasının ucsuz-bucaqsız olduğunu göstərir. Türkmənistan İran ərazisi vasitəsilə Avropaya qaz nəql etmək danışıqlarına başlamayıb. Türkmənistan-İran qaz kəmərinin buraxılış gücü ildə 16 milyard m3-dır. Yaxınlarda bu kəmərin gücü 20 milyard m3-a qaldırılacaq. İran öz tələbatını ödəmək üçün Türkmənistandan ildə 50 kub metr qaz almaq iddiasındadır. Tutaq ki, Türkmənistan qazı İran ərazisinə daxil oldu. "Niyə İran Türkmənistan qazını həmsərhəd Türkiyəyə birbaşa deyil, Ermənistan ərazisi vasitəsilə ötürməlidir?" sualına ermənilər cavab tapa bilmirlər. Eləcə də hələ danışıqlar başlamayıb. Danışıqların başlayıb qaz kəmərinin çəkilməsi üçün nəzəri baxımdan 10 il vaxt lazımdır. 10 ilə Ermənistan dövlətinin mövcud olub-olmayacağını heç kəs deyə bilməz".
M.Əhmədoğlu deyib ki, yalnız erməni məntiqinə görə, xarici şirkətlər Ermənistan vasitəsilə AİB-lə əlaqə quracaq: "Ermənistanın tranzit imkanları məhdud olduğu halda xarici şirkətlər nə üçün Rusiyadan malı alıb Ermənistana gətirib, sonradan Ermənistandan öz ölkələrinə daşıyacaqlarının sərfəli olduğunu izah edə bilmirlər. Digər erməni məntiqinə görə Böyük Sülh Sazişi Dağlıq Qarabağ tənzimlənməsini yubadır, amma fasilələrlə bir neçə müqavilənin hazırlanması Dağlıq Qarabağ tənzimlənməsini sürətləndirir. Bu zaman müqavilələrin sayı və fasilələrin müddəti barədə heç nə bəlli deyil"
Politoloqun fikrincə, Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi arasında təmasların qadağan olunmasının daha sivil və daha demokratik olmasını da yalnız erməni məntiqi ilə izah etmək mümkündür: "Azərbaycanlıların öz doğma torpaqlarına daxil olmasını qadağan edərək, Avropada sərbəst yerdəyişmə hüququna istinadı da yalnız erməni məntiqi izah edə bilər".

Əli