“Bu qüvvələr vaxtaşırı Azərbaycanla bağlı belə kampaniyalar keçirməyə çalışırlar” Siyasət

“Bu qüvvələr vaxtaşırı Azərbaycanla bağlı belə kampaniyalar keçirməyə çalışırlar”

Aydın Mirzəzadə: "Çünki onlara güclü, müstəqil, öz hüquqlarını qoruya bilən bir ölkə lazım deyil"

Elman Məmmədov: "Anti-Azərbaycan qüvvələrin apardıqları bütün "qara-piar" kampaniyalarının hamısı puça çıxdı"

Birinci Avropa Oyunlarının keçirilmə vaxtı yaxınlaşdıqca, beynəlxalq və yerli təzyiqlərin artması müşahidə olunur. Bəzi ökələrdə Azərbaycanla bağlı antitəbliğat aparılır. Bu günlərdə isə Müsavat Partiyası ilk Avropa Oyunlarını boykot etməklə bağlı çağırış edib.
Millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, Müsavat onsuz da cəmiyyətdə bir o qədər rol oynamayan bir siyasi təşkilata çevrilib:"Axırıncı qurultaydan sonra isə daxili çaxnaşmalar, Müsavatda hakimiyyətə gələn bir qrupun rəqiblərini partiyadan qovaraq təşkilatı nəzarət altına alması onun nüfuzunu cəmiyyətdə çox aşağı salıb. Və onun vaxtaşırı cəmiyyət məsələlərinə münasibət bildirməsi, əslində cəmiyyətin diqqətini partiya daxilində gedən proseslərdən uzaqlaşdırmaq məqsədi daşıyır. Bu, onda çox uğursuz alınır. Onsuz da cəmiyyət Müsavat Partiyasının kiçik bir dərnəyə çevrildiyinin fərqindədir. Ancaq kiçik dərnək olsa da, onun mövqeyi açığını deyim ki, çox təəccüb doğurur. Bu gün Azərbaycan tarixində çox əhəmiyyətli bir hadisə baş verir. Yeni müstəqillik qazanmış bir ölkə tarixi bir idman bayramının ilkini öz ölkəsində keçirməyə hazırlaşır. Bütün dünyanın diqqəti burdadır. Yüz milyonlarla insan bu yarışmanı telekanallarla izləyəcəklər, yüz minlərlə insan turist kimi yarışları izləməyə gəliblər və bütün beynəlxalq idman təşkilatları Azərbaycanın bu yarışa yüksək səviyyədə hazırlaşdığını vurğulayıblar. Belə bir hadisəyə sevinmək, belə bir hadisədə ümummilli mövqedən çıxış etmək əvəzinə, onu boykota çağırmaq, əslində bu gün xaricdəki anti-Azərbaycan və eyni zamanda, erməni diaspor təşkilatlarının mövqeyindən çıxış etmək deməkdir. Əvvəldən də Müsavat Partiyasının xaricdə - anti-Azərbaycan mərkəzinə sıx bağlılığı haqqında vaxtaşırı ittihamlar səslənir. Ancaq Müsavatın belə bir bəyanatı həmin o ittihamların haqlılığını bir daha təsdiqləyir. Müsavatın Azərbaycanın dünyaya tanınması marağı yoxdur". Onun fikrincə, Müsavat üçün bu gün Azərbaycan inkişafı, Azərbaycanın dünyanın müsbət mənada diqqətində olması məsələsi yoxdur: "O, Azərbaycanı geridə qalmış, o, Azərbaycanı təklənmiş, o, Azərbaycanı bu gün problemlər içərisində olan bir ölkə kimi görmək istəyir və bunun özü də Müsavatın bu gün milli hislərdən uzaq, vətənpərvərlik deyilən bir hissin ona yad olduğunu göstərir. Bir məsələ var ki, bu gün Müsavat elə bir təsir qüvvəsinə malik olmadığına, həmçinin Olimpiada oyunlarına həvəs həddindən artıq böyük olduğuna görə onun bu çağırışı sadəcə, bir çağırış olaraq qalacaq. Amma "Müsavat"ın tarixində bir qara səhifə kimi, qara ləkə kimi qalacaq".
Avropa Parlamentinin prezidenti Martin Şultz tərəfindən ilk Avropa Oyunları ilə bağlı "İdman və insan hüquqları" mövzusunda keçiriləcək. dinləmələrə də toxunan millət vəkili deyib ki, əslində bunun özü anti-Azərbaycan fəaliyyətinin bir mərkəzdən idarə olunduğunu göstərir: "Bu gün Müsavat bəyanat verir, yaxın günlərdə dediyiniz kimi, Avropa Parlamenti də "İdman və insan hüquqları" adlı dinləmələr keçirəcək, başqa bir gün digər bir məsələnin əks-sədasını Azərbaycanda hansısa bir siyasi qrupda görəcəyik, yəni, "tapşırıqlar və təlimatlar" çox ciddi surətdə yerinə yetirilməyə çalışılır. Avropa Parlamentindəki dinləmələrə gəlincə, orada 600 nəfərdən 3 nəfər parlament adından qərar qəbul edə bilər. Ona görə də biz heç vaxtı deyə bilmərik ki, həmin dinləmələr doğrudan da Avropanın adından olan dinləmələrdir və ya Avropa ictimai fikri kimi qəbul oluna bilər. Avropada da Azərbaycanı istəməyən, Azərbaycanın uğurlarına kölgə salmağa çalışan müəyyən dairələr var. Bu qüvvələr vaxtaşırı Azərbaycanla bağlı belə kampaniyalar keçirməyə çalışırlar. Çünki onlara güclü, müstəqil, öz hüquqlarını qoruya bilən bir ölkə lazım deyil. Onlara məhz bugünkü İraq, Liviya, Yəmən sayağı islam ölkələri lazımdır. Həmçinin, Azərbaycanın müstəqil daxili-xarici siyasət yürütməsinin özü onların maraqlarına cavab vermir, odur ki, məqsədli surətdə idman və siyasət, insan hüquqları mövzusunu gündəmə atırlar. Əgər bu gündəmə atılırsa, deməli, ümumilikdə idman və siyasət arasında olan münasibətləri araşdırmalıdırlar. Amma nədənsə bu münasibət, ancaq Azərbaycana aid edilir, ancaq Azərbaycanla bağlı məsələlər müzakirə edilir. Belə bir təsəvvür yaranır ki, Avropa Parlamenti, ancaq Azərbaycanla bağlı məsələlərin müzakirə edilməsindən ötrü yaradılmış bir ümumavropa məclisidir və onun belə bir addım atması öz nizamnaməsindən kənara çıxmasının bariz bir göstəricisidir. Bu baxımdan, mən bu addımların uğur qazanmayacağını düşünürəm. Bunun hər hansı bir təsiri olmayacağını düşünürəm. Avropa Parlamenti Azərbaycanla dostluq, əməkdaşlıq yaratmaq, "Fəaliyyət" proqramını işləmək şansını əldən buraxaraq bu gün inkişaf etməkdə olan bir ölkəni özündən uzaqlaşdırmaq siyasəti yürüdür. Ancaq bir məsələ var ki, bu, onlarda alınmayacaq. Azərbaycan bu gün beynəlxalq birliyə inteqrasiyada maraqlıdır və bu məsələyə öz töhfəsini verəcək".
Millət vəkili Elman Məmmədov isə deyib ki. ümumiyyətlə biri var ki, xaricdən olan müəyyən qüvvələr Azərbaycana qarşı "qara-piar", "şər-böhtan" kampaniyası həyata keçirir ki, bu da başa düşüləndir: "Biri də var ki, öz daxilimizdə olan Azərbaycan vətəndaşı, ölkəmizdə hər şeydən bəhrələnən insanlar, Azərbaycanın bəzi mətbu orqanları dövlətimizə qarşı kampaniya aparır. Təbii ki, bu, pislənilməli bir mövqedir". Deputatın sözlərinə görə, hətta insanda şübhə yaranır ki, görəsən onlar öz mövqelərini sərgiləyirlər, yoxsa hansısa tapşırığı yerinə yetirirlər: "Hesab edirəm ki, bütün bunlar Azərbaycan cəmiyyəti tərəfindən pislənilməli bir haldır. Artıq ilk Avropa Oyunları ilə bağlı həm xarici qüvvələrin, həm də daxilimizdə olan xaricdən qidalanan, bəhrələnən antiazərbaycan qüvvələrin apardıqları bütün "qara-piar" kampaniyalarının hamısı puça çıxdı. Bu gün artıq bu problem yoxdur. Beləcə, deyilənlərin hər biri ifşa olundu. Ötən gün bizlər hər birimiz müşahidə etdik ki, artıq birinci Avropa Oyunlarının məşəli bölgələrimizdən Bakıya gəldi. Prezidentimiz başda olmaqla ailəsi həmin tədbirdə böyük ruh yüksəkliyi ilə iştirak etdi. Eləcə orada Azərbaycanın görkəmli tanınmış insanları iştirak etdi. Bu, bizi və dostlarımızı sevindirir. Sevinməyənlərin mövqeyi bizim üçün o qədər də əhəmiyyətli deyil. Biz ilk Avropa Oyunlarını ən yüksək səviyyədə keçirəcəyik. Artıq biz Avropa standartlarına uyğun yox, əksinə Avropa Azərbaycan standartlarına özünü uyğunlaşdıracaq. Biz bununla fəxr etməliyik və qürur duymalıyıq".
Əli