QHT-lər və siyasət Layihə

QHT-lər və siyasət

Son zamanlar QHT-lərin siyasiləşməsi ilə bağlı müxtəlif müzakirələr keçirilib. Ortaya təhlillər qouyulub. Əksər ekspertlər ictimai təşklatların siyasi istiqamət götürməsinin müsbət tərəfini görmədiklərini bildirirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, millət vəkili Azay Quliyev QHT-lərin siyasiləşməsinin qarşısnın alınması ilə bağlı vətəndaş cəmiyyətinin nümayəndələrinin birgə iştirakı ilə çox vacib bir görüş keçirildiyini bildirib: "Görüşdə "Etik Kodeks" təklifi bizim tərəfdən irəli sürüldü. Mən bu təklifə öz razılığımı və dəstəyimi şərtsiz irəli sürdüm. Çünki QHT-lərin bu gün Azərbaycanda siyasi hakimiyyət yolundakı fəaliyyəti yolverilməzdir. Bu təklif QHT-lərin siyasiləşməsinin qarşısının alınmasında böyük rol oynayacaq. QHT-lərin fəlsəfəsi missiyası tamamilə başqadır. Bu gün çox təəssüflər olsun ki, bu təşkilatların çoxu siyasi partiyaların "davamçısı" kimi fəaliyyət göstərərək, onların dəstəkçisi kimi çıxış edirlər. Bu, qətiyyən yolverilməzdir. Bu cür fəaliyyət QHT-lərlə siyasi partiyaların işini bir-birinə qarışdıraraq cəmiyyətdə yanlış mövqe formalaşmasına yol açır. Görüşdə təklif olunan və ən çox bəyənilən təklif "Etik kodeks"in qəbul olunması idi. Çox mühüm təklif olan bu yeni kodeks qeyri-hökumət təşkilatları ilə siyasi partiyaların fəaliyyət sahəsi arasında kəskin sərhəd qoyacaq".
Azay Quliyevin fikrincə, mühüm təşəbbüs olaraq dəyərləndirilən "Etik kodeks"in qəbul olunması könüllü şəkildə həyata keçiriləcək: "Hesab edirəm ki, mandatına, nizamnaməsinə sədaqətli olan, Azərbaycan qanunlarına hörmət edən, bütövlükdə "şəffaflıq və aşkarlıq" prinsipinə əməl edən bütün təşkilatlar bu kodeksə qoşulacaqlar. Hansı təşkilat ki yaranması, fəaliyyət prinsipi tamamilə başqa məqsədləri güdür, yalnız onlar bu layihədən kənarda qala bilərlər.
Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacıl isə bildirib ki, QHT-lərin və siyasi partiyaların fəlsəfəsində,fəaliyyətlərində xeyli sayda oxşar və fərqli cəhətlər mövcuddur. Onun fikrincə, partiya adlandırılan siyasi birləşmələr hələ qədim zamanlardan məlum olsalar da, müasir dövrdə onların yeri və rolu bilavasitə demokratiyanın inkişafı və təmsili hakimiyyət orqanlarının möhkəmlənməsi ilə bağlıdır: "Dünyada müxtəlif siyasi ideoloji yönümlü və təşkilat quruluşuna malik minlərlə partiya fəaliyyət göstərir. İlk öncə qeyd edək ki, inkişaf etmiş demokratik dövlətlərdə həm QHT-lər, həm də siyasi partiyalar vətəndaş cəmiyyətinin bir strukturu olaraq dövlət hakimiyyəti ilə yanaşı cəmiyyətin idarə olunmasında fəal iştirak edirlər. Partiya dövlət hakimiyyətini əldə etmək və yaxud orada iştirakı kimi ümumi maraq və hədəfləri olan çox sayda insanı birləşdirən siyasi təşkilatlardır. Məhz hakimiyyətə hədəflənməsi partiyaları QHT-dən fərqləndirir.
QHT-lər və siyasi partiyaların yaranması və fəaliyyəti proseduru müvafiq qanunlar tərəfindən tənzimlənir. Azərbaycan qanunvericiliyinə əsasən yeni qurulan partiyalar sıralarında ən azı 1000 üzvü birləşdirməli, ölkə konstitusiyasına zidd olmayan nizamnamə qəbul etməli və demokratik inkişaf yolunu seçməlidirlər. QHT-lərlə bağlı qanunvericilikdə isə QHT yaradılarkən üzvlərin sayı məhdudiyyəti yoxdur. Bütün dövlətlərdə siyasi partiya və QHT-lərin fəaliyyətində hüquqi cəhətdən bir sərhəd müəyyən edilib. QHT-lər siyasətlə məşğul ola və seçkilərdə iştirak edə bilməzlər. QHT-lərin siyasi proseslərdə iştirakı partiyalardan fərqli olaraq maarifləndirmə fəaliyyəti ilə məhdudlaşır. Azərbaycan QHT-nin nizamnamələrində belə bir bir bənd var: "Birlik Azərbaycan Respublikasının Prezidentinin, Azərbaycan Respublikasının Milli Məclisinin və bələdiyyəsinin seçkisində iştirak edə bilməz". Eyni zamanda QHT-lər siyasi partiyaları dəstəkləyə, maliyyə ayıra və təbliğatı ilə məşğul ola bilməz. Bununla yanaşı beynəlxalq və yerli donorlar tərəfindən QHT-lər ayrılan qrantların da istifadə məqsədləri zamanı siyasi partiyaların dəstəklənməsi qadağan olunur. Qrant müqavilələrində belə bir bənd olur: "Qrant siyasi partiya və dini qrumların fəaliyyətinin dəstəklənməsinə sərf oluna bilməz".
O. əlavə edib ki, siyasi partiyalar hakimiyyətə münasibətdə iqtidar və müxalifət, siyasi səhnədəki yerinə görə: sağ, mərkəzçi və sol, elan olunmuş ideoloji yönümünə görə: kommunist, sosial-demokrat, liberal-demokrat, mühafizəkar, etatist (dövlətçi), milliyətçi, faşist, dini fundamentalist, siyasi davranışının xarakterinə görə: mülayimlər və radikallar və s. xüsusiyyətlərə malik olurlar. Fəlsəfi nöqteyi-nəzərdən QHT-lərdə isə belə yanaşma yoxdur: "
Partiyaların və QHT-ləri oxşar sayda mövcud olan funksiyaları arasında ən vacibləri aşağıdakılardır:
1. Sosial funksiyalar. Bunlar cəmiyyətin və dövlətin müxtəlif qruplarının maraqlarının inteqrasiyası ilə əlaqədardır. Partiya və QHT-lər özündə sosial institutların optimal fəaliyyətini ifadə edir. İctimai-siyasi və iqtisadi plüralizmin olduğu ölkələrdə həm partiyalar, həm də QHT-lər dövlətin sosial siyasətində çatışmazlıqların tamamlayıcısı kimi çıxış edirlər. Belə hallarda dövlət orqanları partiya və QHT-lə əməkdaşlığa can atır, bəzi dövlətlərdə isə bu məqsədlə xüsusi dövlət orqanları yaradılır.
2. İctimai funksiyalar. Partiya və QHT-lər cəmiyyətdə, siyasi sistemdə alternativ strukturlar yaradır. Beləliklə, onlar cəmiyyətdə əhəmiyyətli məsələlər barədə müzakirələrin artmasına, insanların öz bacarıqlarından daha səmərəli istifadə etməsinə, təşəbbüskarlığın artmasına, bütövlükdə demokratiya və plüralizmin inkişafına səbəb olan platforma rolunu oynayırlar.
Partiyalarda və QHT-lərdə üzvlük könüllüdür, hər ikisinin maliyyə bazaları üzvlük haqlarının toplanması, vətəndaşların könüllü ianəsi və qanun tərəfindən icazə verilən digər vasitələrlə formalaşır. Həm QHT-lər, həm də siyasi partiyalar üzvlüyə görə "beyin mərkəzi" və kütləvi ola bilərlər".
Millət vəkili Çingiz Qənizadə isə deyir ki, Azərbaycan Prezidenti ölkəmizin xarici və daxili siyasətini həyata keçirərkən dövlətçiliyə, milli maraqlara söykənir. Bəzi hallarda bu siyasət bir sıra Qərb dövlətlərini, həmçinin onların nəzarətində olan beynəlxalq təşkilatları qane etmir: "Məhz buna görə də daim onlar Azərbaycan barədə mənfi fikirlər formalaşdırılmağa çalışırlar. Bir çox hallarda buna rəvac verənlər arasında yerli QHT-lərə və hüquq müdafiəçisi adı altında çalışan insanlara da rast gəlinir. Sanki bu insanlar xarici qüvvələrlə əlbir olub ölkəmiz haqqında mənfi rəy formalaşdırmaqda ortaq mövqedən çıxış edirlər. Konkret olaraq ölkə daxilindəki bəzi QHT sədrləri və radikal müxalifətə yaxın olan şəxslər belə fikirlər formalaşdırırlar. Əgər hansısa QHT xaricdən maliyyələşirsə, belə halda sifarişi verən maliyyə verən qurum olacaq. Həmin sifarişçi qurumlar da Azərbaycanın uğurlarını həzm etməyən xarici qüvvələrdir. Belə bir addım atmaqla, onlar Azərbaycana siyasi təzyiq etmək niyyəti güdürlər. Bu barədə ölkə başçısı İlham Əliyev Novruz bayramı şənliyində çıxış edərkən açıq şəkildə bəyan etdi ki, Azərbaycanda iqtidarla xalq arasında möhkəm birlik var. O, bundan sonra da müstəqilliyin, xalqın rahat yaşamasının təmin ediləcəyini bildirdi. Dövlət başçısı dedi ki, Azərbaycan gücləndikcə, müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir, ölkəmizə təzyiqlər artır, müxtəlif təzyiq mexanizmləri işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar. Bu kampaniyanın əslində heç vaxt dayanmadığını da diqqətə çatdıran Azərbaycan Prezidenti onu da əlavə etdi ki, önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər formalar alır".
O, deyib ki, bizim bəzi QHT-lər bu reallıqları görmək istəmirlər: "Onlar 5-10 manat pul müqabilində xarici qüvvələrin sifarişlərini can-başla yerinə yetirir, ölkəmizin imicinə zərbə vururlar. Unutmamalıyıq ki, biz müxalifətçi, hüquq müdafiəçisi, QHT sədri, partiya sədri olmazdan öncə Azərbaycan vətəndaşlarıyıq. Bu ölkənin adına xələl gətirə biləcək istənilən hadisə bir vətəndaş kimi hər birimizi narahat etməlidir. Əcnəbi qüvvələrin məkrli niyyətlərinə qarşı hər birimiz etiraz etməli, bunun reallaşmasına imkan verməməliyik. Yalnız bundan sonra öz fəaliyyətimizi ölkə daxilində həyata keçirə, mövcud problemləri öz aramızda həll edə bilərik. Yaxşıları görmədən, hər şeyi pisə yozmaqla, maliyyə yardımı aldığımız xarici qüvvələrin sifarişini yerinə yetirməklə sağlam məntiqli vətəndaş olmaq qeyri-mümkündür. Hər bir kəs üçün öncə Vətən, ardınca həqiqət və ictimai-siyasi fəaliyyət önəmli olmalıdır. Eyni zamanda ölkə qanunlarına hörmətlə yanaşmaq da hər bir vətəndaşın ümdə vəzifəsi olmalıdır.
Dövlət başçısı İlham Əliyev də haqlı olaraq həmin beynəlxalq təşkilatlara səslənir ki, ədalətli olsunlar, reallığı olduğu kimi deməyə cürətləri çatsın. Heç uzağa getmədən, hamıya bəlli olan bir faktı xatırlatmaq istəyirəm. Avropa Mərkəzi Bankının 1,4 milyard dollarlıq mənzil-qərargahının açılışına etiraz olaraq, martın 18-də Almaniyanın Frankfurt şəhərində "Kapitalizmə ölüm! Yaşasın sosializm!" şüarı altında aksiya keçirilirdi. Polisin bu aksiyaya müdaxiləsi nəticəsində dinc mitinq kütləvi iğtişaşa çevrildi. Almaniya polisi dəyənəklər, su püskürdən maşınlar və gözyaşardıcı qazdan istifadə etməklə aksiyanın qarşısını aldı. Nəticədə 500-dən çox aksiya iştirakçısı polis tərəfindən saxlanıldı, həbs edildi, hətta 100 nəfərə yaxın aksiya iştirakçısı müxtəlif dərəcədə xəsarət aldı, qazdan zəhərləndi. Amma nədənsə, Azərbaycanın hansısa vətəndaşının hüququnun pozulmasını, yaxud polisin haqlı tələbinə tabe olmayan, qanunları kobud şəkildə pozan birisinin məsuliyyətə cəlb edilməsini əlində bayraq edib bunu ölkəmizə qarşı təbliğat vasitəsinə çevirənlər Almaniyada baş verənlərə əhəmiyyət vermədilər, orada yaşanan zorakılığa, kütləvi həbslərə göz yumdular. Həmin beynəlxalq təşkilatlar Avropanın göbəyində baş verən bu hadisələrin gedişini izləsələr də, bunu ictimailəşdirmək, qabartmaq istəmirlər. Yaxud ABŞ-ın ştatlarında milli, dini, irqi zəmində baş verən hadisələri götürək. Qaradərili insanlar polis zorakılığı nəticəsində öldürülür, insan üçün ən böyük hüquq sayılan yaşamaq hüququndan məhrum edilirlər. Bu faktlar ABŞ-dakı qeyri-stabilliyin göstəricisidir. Elə bu kimi hadisələrə görə Nyu-Yorkda, eləcə də ABŞ-ın digər şəhərlərində sərbəst gəzmək çox qorxuludur. Əgər bizi hər addımda nədəsə günahkar bilən beynəlxalq təşkilatlar öz fəaliyyətlərində səmimidirlərsə, bu haqsızlığa nə üçün göz yumurlar? Azərbaycanda isə sabitlik, əmin-amanlıq var. İstənilən vətəndaş, istənilən əcnəbi rahat şəkildə Azərbaycanda yaşaya, gəzib-dolaşa bilər. Burada hər bir kəsin azadlıqları qanun çərçivəsində qorunur, dövlət başçısının da vurğuladığı kimi, Azərbaycanda azad cəmiyyət var, inkişaf və tərəqqi var. Təbii ki, bu reallıqları görüb qəbul edənlərlə yanaşı, uğurlarımıza şərik çıxmayan, buna qısqanclıqla yanaşanlar da var. Belələrinin qeyri-obyektiv mövqeyi, haqsız iradları isə qərəzdən, təzyiq vasitəsindən, ikili standartlardan başqa bir şey deyil".

Əli