Şərqdə və qərbdə milli-mənəvi dəyərlər Layihə

Şərqdə və qərbdə milli-mənəvi dəyərlər

Səlahəddin Xəlilov: "Milli özünüdərk prosesi ilə özünüqoruma instinktinin vəhdətindən çıxış etmək lazımdır"

I yazı

"İnsan, bir tərəfdən xarici mühitlə əlaqə xüsusiyyətləri, digər tərəfdən özünəməxsus daxili xüsusiyyətləri ilə səciyyələnir. Hər bir insan bioloji varlıq olaraq lap yaranışdan daşıyıcısı olduğu genlərdə kodlaşdırılmış olur. Genlərdə onun fiziki-cismani imkanlarının, sağlamlıq dərəcəsinin, hətta intellektual və bir sıra mənəvi-psixoloji xüsusiyyətlərinin əsası qoyulmuş olur. Sonrakı həyatı boyu insanın sağlamlığı, cismani-bioloji varlığı xarici təbii mühitdən, orqanizmin daxil olduğu fiziki və bioloji əlaqələrdən asılı olaraq dəyişir. Bu mənada insan orqanizmi hər bir mərhələdə ilkin genetik imkanlarla xarici təbii mühitin əlaqəsi və hətta mübarizəsi şəraitində formalaşır". Bu fikirləri fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov səsələndirib. O əlavə edib ki, lakin insan sadəcə cismani-bioloji varlıq deyil və onu əhatə edən mühit də sadəcə təbii mühit deyil: "İnsan həm də sosial varlıq olaraq digər insanlarla və ümumən cəmiyyətlə qarşılıqlı əlaqəyə girir və bu əlaqələr onun formalaşmasına ciddi təsir göstərir. Bu mənada insanın ekologiyası bioloji ekologiya ilə yanaşı sosial və mənəvi ekologiyanı da əhatə edir. İnsanın mənəviyyatı, bir tərəfdən, genetik əsaslara malik olsa da, əsasən sosial-mənəvi mühitin təsiri ilə formalaşır. Burada cəmiyyətin mədəni-mənəvi həyatı, insanın yetişdiyi mühitin kulturoloji aspektləri mühüm rol oynayır. İnsanın formalaşdığı ictimai mühit mövcud dəyərlər sistemi, sosial və hüquqi normalar, mövcud dövlət quruluşu, iqtisadi münasibətlər, ailə münasibətləri, təhsil sistemi və s. bu kimi elementlərin sintezindən ibarətdir. Mədəni-mənəvi mühit isə cəmiyyətin müvafiq rakursu ilə yanaşı əvvəlki nəsillərdən qalmış sənət əsərləri, xüsusən, bədii ədəbiyyat və kinonun təsiri ilə formalaşır. Bütün bunlar insanların bir mütəxəssis və bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır.
Fiziki-bioloji ekologiyada olduğu kimi sosial-mənəvi ekologiyada da böhran baş verə bilər. Ona görə də sosial-mənəvi mühitin saflığının qorunması dövrün qlobal problemlərindən biridir. Bayağı mədəniyyətin ayaq açıb yeridiyi, xarici ölkələrdən milli-mənəvi mühitimizə yabançı olan təsirlərinin gücləndiyi bir vaxtda sosial-mənəvi ekologiyanın problemlərini öyrənmək və lazım gəldikdə həyəcan təbili çalmaq lazımdır".
Onun sözlərinə görə, bu gün mədəni-mənəvi köklərimizə qayıdış istiqamətində, milli mənsubiyyətimizin təkcə formal surətdə deyil, həm də məzmun baxımından təsbit olunması uğrunda aparılan mübarizə həm də elmi-nəzəri əsaslara malik olmalıdır: "Xüsusən televiziyanın, mətbuatın milli mənəviyyata yad elementlərlə dolduğu bir vaxtda mənəvi mühitin qorunması problemi çox aktualdır. Burada milli özünüdərk prosesi ilə özünüqoruma instinktinin vəhdətindən çıxış etmək lazımdır. İnstinkt əsasən psixik-bioloji anlayış olsa da, biz burada sosial instinktdən bəhs edirik. Yəni ictimai həyatımıza kənardan daxil olan yad təsirlərdən qorunmaq üçün bu gün gənclərimizdə sosial özünümüdafiə instinkti formalaşdırılmalıdır.
Müasir dövrdə ən aktual problemlərdən biri milli özünütəcrid və qloballaşma kimi iki kənar hal arasında optimal nisbətin tapılmasıdır. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə – ümumbəşəri dəyərlərlə yanaşı milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd göstərir. İstər düşünülmüş şəkildə, istərsə də qərəzsiz olaraq – fərqi yoxdur. Belə bir şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğunu, məhz hansı məsələlərdə məqsədyönlü surətdə ənənəçi, konservator olmağın labüdlüyünü ziyalılar müəyyənləşdirməlidir. Yeri gəlmişkən, əsrin əvvəlində bizim böyük ziyalılarımız oriyentir kimi "türkçülük, islamçılıq və müasirliyin vəhdəti" prinsipini tövsiyə edirdilər ki, bu prinsip indi də aktuallığını saxlamaqdadır.
Bununla belə, bizcə, ilk növbədə meyarlar müəyyənləşməlidir. İdeal halda biz özümüzü necə təsəvvür edirik və ya bizim milli-mənəvi idealımız nədən ibarətdir? İndi biz hansı real durumdayıq və daşıdığımız hansı keyfiyyətləri məhz milli səciyyə kimi qiymətləndirmək olar? Keçmişə də məhz bu real durum və ideal prizmasından, onun əsasında formalaşan meyarlardan çıxış edərək yanaşmaq lazımdır. "Soy-kökə qayıdış" çağırışında qorxulu olan məqam bundan ibarətdir ki, biz keçmişimizdə olan istənilən keyfiyyəti milli invariant kimi və pozitiv cəhət kimi qəbul edə bilmərik. Həqiqi milli keyfiyyətlər milləti yaşadan, onu inkişaf etdirən keyfiyyətlərdir. Bu baxımdan, keçmişimizdən qalan, lakin tərəqqiyə deyil, tənəzzülə xidmət edən cəhətləri yaşatmaqdansa, onlardan xilas olmaq yolu tutulmalıdır. Lakin biz yenə də nəyin pozitiv, nəyin neqativ, yaxud nəyin həqiqi, nəyin saxta olduğunu aydınlaşdıra bilmək üçün keçmişdən daha çox bu günümüzə və gələcəyimizə, milli-mənəvi idealımıza xidmət etməliyik".
O əlavə edib ki, ərazinin tarixi, xalqın tarixi, millətin tarixi, dövlətini tarixi fərqləndirilmədən məsələyə milli şüur prizmasından baxmaq çətindir: "Minilliyin və yüzilliyin əsas səciyyələrini vermək üçün əvvəlcə bütövlükdə tarixi inkişaf prosesi heç olmazsa ən ümumi şəkildə nəzərə alınmalıdır.
Etnik qrupların bütöv bir millət halında formalaşması prosesi daha çox dərəcədə əvvəlki minilliklərə aid bir məsələdir.
Son minillik Azərbaycanda etnik-milli baxımdan türk təfəkkürü və türk həyat tərzi ilə; dini müstəvidə yanaşdıqda isə islam mənəviyyatı və islam düşüncə tərzi ilə səciyyələnir. Beləliklə, yola saldığımız minillikdə Azərbaycan xalqının mentaliteti türkçülük və islamçılığın üzvi vəhdəti, sintezi şəraitində formalaşıb. Lakin bu böyük əsas prosesə ayrı-ayrı dövrlərdə kənar amillər də təsir göstərmişdir. Bu baxımdan, axırıncı yüzillik daha çox Rusiya amilinin əlavə olunması ilə səciyyələnir. Rusiya amili isə öz növbəsində iki istiqamətə ayrıla bilər. Birincisi, imperiya siyasətindən gələn neqativ təsir; antimilli, antitürk siyasəti. İkincisi, ümumbəşəri dəyərlərlə əlaqə baxımından pozitiv məqamlar, Qərbə açılan pəncərə, Qərb sivilizasiyası ilə tanışlıq. Bu amil axırıncı yüzilliyin həm inqilabaqədərki dövrünə, həm də sovet perioduna aiddir. Sovet periodunun əvvəlki rus təsirindən əsas fərqləri isə buraya həm də anti-islam və ümumiyyətlə, ateizm siyasətinin əlavə olunması, şüurların ideologiya çərçivəsinə salınması, digər tərəfdən isə əhalinin savadlılıq dərəcəsinin artması ilə əlamətdardır.
Son yüzilliyin axırıncı on ili isə milli şüurun intibahı və milli özünüdərk istiqamətin-də axtarışlarla əlamətdardır. Belə ki, yeni yüzilliyə biz milli özünüdərk və milli dövlət quruculuğu əzmi ilə, dövlətçilik təfəkkürünün intibahı şansı ilə qədəm qoyduq və bu axtarışlar indi də davam etməkdədir".
Onun fikrincə, keçid dövründə formalaşmış milli-mənəvi prinsiplər daha yaramadığından, yeni milli-mənəvi prinsiplər isə hələ tam formalaşmadığından artıq müəyyən ciddi problemlərlə üzləşirik: "Müasir dövrdə uzun müddət qapalı şəraitdə yaşamış Azərbaycan xarici ölkələrlə sıx əlaqəyə girir. Xarici jurnallar, televiziya kanalları və digər informasiya vasitələri ilə Avropanın, Amerikanın və bütün planetin mənəviyyat sahəsində nə problemləri, nöqsanları vardısa, hamısı bizim məkana daxil olur. Əlbəttə, insanlar mənəviyyatca kamil olsalar və kənardan hər hansı mənəvi müdaxiləyə qarşı hazır olsalar, kənar təsirlərə qarşı fərdi daxili müqavimət qüvvələri böyük olar. Lakin hətta tək-tək adamlar öz mənəvi varlığını qorumaq gücündə və səviyyəsində olsalar da, əksəriyyət bunu bacara bilməz. Çünki bütün insanlar eyni dərəcədə kamil və iradəli deyillər. Ona görə də, milli varlığı qoruyub saxlamaq funksiyasını dövlət öz üzərinə götürməlidir.
Dövlətin bu sahədə strateji planı olmalıdır. İstər təhsil sistemi, istər gənclərin mədəni-mənəvi həyatı elə bir mühİt yaratmalıdır ki, bu mühitin xarici təsirlərə qarşı reaksiya qabiliyyəti güclü olsun. Yəni insanla xarici təsir arasında bir qoruyucu sahə olmalıdır. Təsadüfi deyildir ki, son vaxtlar mədəni-mənəvi ekologiya anlayışından da istifadə olunur.
İnsanın ətrafında onun daxilindəki mənəviyyat üçün qoruyucu mühit olmalıdır. Necə ki, ozon qatı deşiləndə müxtəlif radiasiyalı şüalar atmosferə daxil olaraq insan həyatı üçün təhlükə yaradır, eləcə də bizi əhatə edən qoruyucu mədən-mənəvi mühit deşiləndə birbaşa yad təsirlər insanın daxilinə yol tapır. Belə qorumsuzluq şəraitində yalnız hansı insanlar ki, iradəlidir – onlar tab gətirir, əksəriyyət isə təsir altına düşür. Ona görə, bizim əsas iki vəzifəmiz var: Birincisi, insanların mədəni-mənəvi kamillik, özünüdərk dərəcəsini və iradəsini yüksəltmək istiqamətində iş görməliyik və bu məqsədlə təhsil sisteminin, tədris proqramlarının yenidən nəzərdən keçirilməsinə ehtiyac vardır. İkincisi, insanların yaşadığı mədəni-mənəvi mühit saflaşmalıdır, mənəvi ekologiya problemləri sistemli şəkildə həll olunmalıdır".

Əli