“Dinin elmi və obyektiv əsaslarda öyrənilməməsi...” Layihə

“Dinin elmi və obyektiv əsaslarda öyrənilməməsi...”

Hikmət Babaoğlu: "Dindən başqa məqsədlər üçün istifadə etmək istəyən ayrı-ayrı siyasi-ideoloji mərkəzlərin fəaliyyətini asanlaşdırır"

"Bildiyimiz kimi, müstəqillik əldə etdikdən sonra qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinin I bəndində göstərilir ki, respublikamızda din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Vicdan azadlığı ilə bağlı müddəaların əksini tapdığı 48-ci maddədə isə hər bir kəsin dini etiqad azadlığı, dinə münasibətini müstəqil formalaşdırmaq və ifadə etmək hüququ təsbit edilib". Bunu millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib. O bildirib ki, eyni zamanda, din əsrlərdən bəri insanların ictimai həyatında, mənəviyyatında, ailə münasibətlərində əhəmiyyətli yer tutan xüsusi faktordur: "Din kütləvi vasitə olduğu üçün insanların davranışlarına, onların şəxsiyyət kimi formalaşmasına təsir göstərən əsas amillərdən biridir. Dini dünyagörüş bütün cəmiyyətlərdə total əsaslara söykəndiyi üçün hər bir cəmiyyətdə fərdin şəxsiyyətinin formalaşmasında müstəsna rol oynayır. Nəticə etibarilə, hər hansı bir cəmiyyətdə yetişən fərd gələcəkdəki siyasi mövqeyindən, cəmiyyətin sosial piramidasında tutduğu yerindən asılı olmayaraq, istər-istəməz mənsub olduğu dinin daşıyıcısına çevrilir. İnsan istər yaxın ətrafında baş verən prosesləri, istərsə də qlobal mənada dünyada baş verən prosesləri məhz dini dünyagörüşünün də formalaşdırdığı təfəkkürü vasitəsilə qavrayır. Beləliklə, insan fərqində olmadan, bu və ya digər şəkildə dinin təsiri altında olur və bu sosioloji təsbit bir reallıqdır, gerçəklikdir.
Məsələ ondadır ki, insanın şəxsiyyət kimi formalaşması prosesində çox maraqlı mərhələlər var. Bu mərhələlərdən biri dinin elmi və ilkin mənbə əsaslarında deyil, sadəcə ümumi mərasim və rituallar vasitəsilə mənimsənilməsidir. Hər bir vətəndaş, cəmiyyətin hər bir fərdi, heç şübhəsiz, ilkin mərhələdə dini münasibətlərlə qeyri-elmi əsaslarda üzləşir və din xüsusi tədris vasitəsilə mənimsənilmədiyi üçün onun həqiqi fəlsəfəsi və obyektiv əsasları öyrənilmir. Nəticə etibarilə, cəmiyyətdə kortəbii şəkildə ayrı-ayrı dinlərin, sektaların, təriqətlərin və cərəyanların bu və ya digər sosial sferada mənimsənilməsi baş verir".
Onun fikrincə, dinin elmi və obyektiv əsaslarda öyrənilməməsi isə dindən başqa məqsədlər üçün istifadə etmək istəyən ayrı-ayrı siyasi-ideoloji mərkəzlərin fəaliyyətini asanlaşdırır: "Elə buradan da missionerlik məsələsi ortaya çıxır. Qeyd etmək lazımdır ki, missioner anlayışı latın dilindəki "missio" sözündən götürülüb, mənası "vəzifə", "səlahiyyət" deməkdir. Bu və ya digər cəmiyyətdə və ya dövlət içərisində öz maraqlarını təmin etmək üçün fəaliyyət göstərən ayrı-ayrı ideoloji və siyasi mərkəzlər məhz fərdlərin dinə bu həssas münasibətindən yararlanaraq onlardan ibarət özünəməxsus sosial baza formalaşdırır. Bu sosial baza mənəvi və ya ideoloji əsaslarda formalaşdığı üçün onlardan ölkədə, cəmiyyətdə hakimiyyətə, digər missioner mərkəzlərin yaratdığı qruplara, bəzən milli maraqlara və milli mənəviyyata qarşı istifadə edilir. Çünki missionerlərin fəaliyyəti nəticəsində müəyyən dini dünyagörüşü mənimsəmiş fərdlər bunu öz ruhi ehtiyaclarını ödəyən vasitə kimi gördükləri üçün həmin ideologiyanın yanlış və ya doğru olduğunun fərqində olmadan səmimiyyətlə qəbul edirlər. Beləliklə, din fərdin ruhi-mənəvi tələbatını ödəyən vasitə kimi həqiqi din olaraq deyil, missionerin təbliğ etdiyi ideologiya kimi mənimsənilir. Fərd isə mənimsədiyi və din hesab etdiyi bu vasitə uğrunda hər şeyə hazır olur. Yəni, bu məsələdə insanlar səmimi olduqları və özününkü hesab etdikləri üçün onu hər şeydən qorumağa hazır olurlar. Bu zaman isə missionerlərin, ayrı-ayrı mərkəzlərin fəaliyyəti üçün geniş və münbit platforma meydana çıxır. Şübhəsiz ki, hər bir missioner və dini mərkəzin fərqli məqsədi olduğu üçün onlar ətraflarında topladıqları sosial, dini qrupları fərqli istiqamətə yönləndirirlər. Nəticə etibarilə, cəmiyyətdə bir-birindən kəskin fərqlənən, bəzi hallarda bir-birini qəbul etməyən radikal, bəzi hallarda isə milli maraqlara laqeyd, yaxud loyal qruplar formalaşdırılır. Cəmiyyətin bu şəkildə dini-ideoloji əsaslarda bölünməsi isə milli həmrəyliyə və birlikdən doğan milli gücə sarsıdıcı zərbə vurur".
H. Babaoğlu əlavə edib ki, müasir mərhələdə isə missionerliyin çox fərqli növlərini müşahidə etməkdəyik: "Çünki bu gün dünyada olduqca ciddi qlobal hadisələr baş verir, dünyanın yenidən idarə olunması ilə bağlı xüsusi nəzəriyyələr işlənib hazırlanır. Yeni imperializmin kapitalının dünyanı idarə etməsi üçün müxtəlif mexanizmlər qurulur. Bu kapitalın, imperializmin məqsədlərinin qarşısında olan hər bir sədd isə bəzən güc tətbiq etməklə, bəzən yumşaq güc tətbiq etməklə, bəzən də müxtəlif ideoloji vasitələrlə ölkələrin milli birliyini pozmaq vasitəsilə aradan götürülür. Beləliklə, bu gün imperialist dairələrdə formalaşdırılmış qlobal dövlət nəzəriyyəsi milli dövlətləri özünə rəqib hesab edir. Yeni imperializm qlobalizmi məhz qlobal dövlət şəklində görür. Əgər qlobal dövlət varsa, burada milli dövlətlərə yer yoxdur. Ona görə də, milli dövlətlərin sıradan çıxarılması və yaxud onların səlahiyyətlərinin məhdudlaşdırılması prosesi qlobal dövlət nəzəriyyəsinin tərkib hissəsi kimi ortaya çıxır.
Bu gün din və media mövzusunda danışarkən diqqət göstərməli olduğumuz xüsusi bir məqam da mövcuddur. Bildiyimiz kimi, media qlobal informasiya vasitəsi kimi cəmiyyətin həyatında müstəsna rol oynayır. Eyni zamanda, müasir mərhələdə transmilli media və sosial şəbəkələr beynəlxalq münasibətlərin və dünya siyasətinin formalaşmasına da təsir göstərən vasitəyə çevrilib. Bu kontekstdən yanaşdıqda, din də ən müxtəlif məqsədlərə xidmət edən unikal vasitədir. Ən müxtəlif məqsədlərə çatmaq üçün dindən istifadə olunması ən ağlagəlməz sahələrdə belə müvafiq uğurların əldə olunmasına gətirib çıxara bilir. Çünki din insanın, yaxud onu mənimsəmiş fərdin özü ilə səmimi olduğu çox nadir platformalardan biridir. İnsan bəzən cəmiyyətdə, işdə, kollektivdə, ictimai münasibətlərdə, dövlət-vətəndaş münasibətlərində, hətta bəzən ailə münasibətlərində belə özünə qarşı qeyri-səmimi olur. Ancaq insanın özü ilə səmimi olduğu nadir sferalardan biri dini sferadır. Ona görə də, sosioloq və cəmiyyətşünaslar məhz dinin bu keyfiyyətini nəzərə alaraq, ondan insanların yönləndirilməsi məqsədilə istifadə edirlər".
Onun sözlərinə görə, hazırkı mərhələdə, dünyada müasir beynəlxalq münasibətlərin əsas istiqamətlərini və formasını müəyyənləşdirən üç böyük nəzəriyyə vardır: "1) qlobal dövlət nəzəriyyəsi; 2) netokratiya, yəni, şəbəkə hakimiyyəti nəzəriyyəsi; 3) idarə olunan xaos nəzəriyyəsi.
İlk baxışda dini heç bir halda bu nəzəriyyələrlə əlaqələndirmək mümkün görünmür. Lakin diqqət yetirsək, bu nəzəriyyələrin nəyə xidmət etdiyini və bu aspektdə dinin imkanlarından necə istifadə etdiklərini asanlıqla görə bilərik. Şübhəsiz, bu nəzəriyyələrin müəllifləri və dünyanı idarə edən güc mərkəzləri dinin siyasi vasitə, manipulyasiya vasitəsi, idarəetmə vasitəsi, xaos vasitəsi olduğunu bildikləri üçün məhz bu prosesdə dindən xüsusi mexanizm, rıçaq kimi istifadə edirlər.
Qlobal dövlət nəzəriyyəsi beynəlxalq münasibətlərdə milli dövlətlərin səlahiyyətlərini və hegemonluğunu məhdudlaşdırmağa xidmət edən nəzəriyyədir. Bu nəzəriyyə gələcək perspektivdə milli dövlətləri beynəlxalq münasibətlərin aktoru kimi sistemdən kənarlaşdırmağa hesablanıb. Nəticə etibarilə, gələcəkdə qurula biləcək qlobal dövlət adlandırılan dünya dövləti piramidasında milli dövlətlərin yeri çox aşağı qatlarda olacaq. Yəni, qarşıya qoyulan məqsəd milli dövlətləri qlobal dövlətə xidmət edən asayiş qoruyucusu səviyyəsinə endirməkdən ibarətdir. Başqa sözlə, qlobal dövlət iyerarxiyasının daxili strukturunda milli dövlətlər ən alt qatlarında yer tutacaq bir qurum kimi nəzərdən keçirilir. Bunun təsdiqi olaraq, deyə bilərik ki, hələ XX əsrin ikinci yarısında əsasən anqlosakson ölkələrində yaradılan "qlobal seçkilər" və "dünya federasiyası", "dünya parlamenti" kimi eksperiment layihələr, "Yer kürəsi konstitusiyası" və digər bu kimi qurumlar da məhz "Qlobal dövlət" yaratmaq planının ilkin modelinin qurulmasına xidmət edən təcrübi vasitələr idi. Bəs qlobal dövləti qurmaq üçün bu gün hegemon, imperialist mərkəzlər milli dövlətlərin səlahiyyətlərini necə məhdudlaşdırmaq istəyirlər? Bunu iki vasitə ilə edirlər. Birincisi, qlobal dövlətə xidmət edən netokratiya nəzəriyyəsi vasitəsilə...".

Əli

Ardı var...