Dövlət quruculuğunda azərbaycançılıq ideologiyasının rolu Layihə

Dövlət quruculuğunda azərbaycançılıq ideologiyasının rolu

(əvvəli ötən sayımızda)

İstənilən cəmiyyət dünya iqtisadi məkanının bir hissəsi olmadığı halda ümumi rəqabətə dözümsüz olur. İqtisadi uğursuzluq isə öz növbəsində sosial problemlərin həllini mümkünsüz edir, sosial gərginliyə səbəb olur və nəhayət, insan hüquqlarının həyata keçirilməsini çətinləşdirir. Müasir dünyada ölkələr iqtisadi inkişafa, milli təhlükəsizlik və hüquqi rejimin qorunmasına beynəlxalq iştirakçılıq olmadan tam olaraq zəmanət yarada bilməzlər. Bu baxımdan dövlətlər daha çox qloballaşma proseslərinə üstünlük verərək öz daxili problemlərinin həllini beynəlxalq əməkdaşlıqda görürlər.
Bu nöqteyi-nəzərdən azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir. Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini qoruyub saxlaması müstəsna əhəmiyyət kəsb edir.
Azərbaycançılıq ideyası qloballaşma şəraitində universal dəyərlərin qorunmasını önəmli hesab edir və ölkəmizin müasir milli modernləşmə yolunu bu dəyərlərin bərqərar olduğu Avropa məkanına inteqrasiyada görür. İnkişaf etmiş Avropa ölkələrinin tarixi göstərir ki, baş verən hər hansı siyasi, iqtisadi kataklizmlərə, hakimiyyətlərin bir-birini əvəzləməsinə, dövlət quruluşunda dəyişikliklərə baxmayaraq, bu ölkələrdə müstəqillik və demokratik inkişaf yolu dönməz və sarsılmazdır. Azərbaycançılıq ideyası da universal dəyər olan insan hüquqlarının qorunması, vahid Avropa məkanında beynəlxalq təhlükəsizliyin təmin edilməsi, eyni zamanda ölkələrin ərazi bütövlüyü prinsipi və digər vacib dəyərləri nəzərdə tutaraq qloballaşmanı müasir dünyanın təbii inkişaf prosesi hesab edir.
R.Rzayevin fikrincə, azərbaycançılığın əsas elementlərindən biri vətəndaşlıqdır. Azərbaycan dilində vətəndaşlıq bir neçə məna daşıyır. Məsələn, 30 sentyabr 1998-ci il tarixli "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunun 1-ci maddəsinə əsasən vətəndaşlıq hüququ insanın ölkədə hüquqi statusunu müəyyən edən norma kimi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, "Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır". Vətəndaşlıq ölkədə şəxsin hüquqi vəziyyəti ilə bərabər onun ictimai-siyasi münasibətlərə mövqeyini əks etdirən psixoloji vəziyyətidir. İdeoloji baxımdan fərdin cəmiyyətə münasibəti və bu münasibətdə mövqeyi maraq kəsb edir. Beləliklə, vətəndaşlıq azərbaycançılıq kontekstində fərdin öz hüquq və vəzifələrini dərk edərək ölkədə yaranan ictimai-siyasi münasibətlərə mövqeyi kimi başa düşülür.
Vətəndaşlıq anlayışının konseptual analizi metodoloji cəhətdən mürəkkəb məsələdir. Ona görə ki, ictimai elmlərdə az tədqiq olunan kateqoriyaların çərçivələrini müəyyən etmək çətindir. Bu kateqoriyalar müxtəlif aspektlərdən təhlil olunur və ictimai münasibətlər kontekstində nisbətən fərqli təqdim edilir. Azərbaycanın müasir inkişaf mərhələsində vətəndaşlıq insanların şüurunun qiymətləndirici əsasını, cəmiyyətdə davranışının motivasiyasını təşkil edən və onların siyasi maraqlarını əks etdirən amildir. Vətəndaşlıq anlayışı nəzəri cəhətdən az təhlil edilsə də, onun praktiki tərəfi insanların ictimai-siyasi proseslərdə iştirakı zamanı asanlıqla müşahidə olur. Məsələn, seçki prosesində iştirak etmə mütləq olmadığından hər bir vətəndaşın bu siyasi prosesdə fəallığına əsasən onun vətəndaşlıq mövqeyi olur.
Cəmiyyətdə vətəndaşlıq fenomeninin zəif inkişaf etməsi ictimai-siyasi cəhətdən təhlükəlidir. Hər bir vətəndaş dövlət quruculuğunda iştirak edir. Bu onun aktiv və passiv seçki hüququ vasitəsi ilə həyata keçirilə bilər. Seçki hüququ vətəndaşın hüquqi vəzifəsi deyil. Hər bir kəs öz seçki hüququndan istifadə edə bilər. Seçki hüququnun istifadəsində fərd öz vətəndaşlıq mövqeyini nümayiş etdirməlidir. İctimai-siyasi proseslərə biganə qalmayaraq seçkilərdə fəal iştirak etməlidir. Vətəndaşın bu mövqeyindən dövlətin gücü, dövlət quruluşunun sabitliyi, fərdlə dövlət, cəmiyyətlə hakimiyyət arasındakı sıx əlaqə, nəhayət insanların sosial rifahı asılıdır.
Vətəndaşlığın əsas elementlərinə mənəvi və hüquqi mədəniyyəti, fərdin öz şəxsiyyətini dərk etməsi, daxili azadlığı, dövlət hakimiyyətinə münasibəti, cəmiyyət və dövlət qarşısında məsuliyyəti və ən əsası öz vəzifələrini yerinə yetirmək bacarığını aid etmək olar. Beləliklə, demək olar ki, vətəndaşlıq özündə vətəndaşın siyasi, mənəvi, hüquqi, sosial keyfiyyətlərini cəmləşdirir.
Vətəndaşlıq azərbaycançılığın əsasını təşkil edir. Vətəndaşlıq kollektiv qərarların qəbul olunmasında vacib amildir. O, cəmiyyətdə əxlaqla hüququn inteqrasiyasına xidmət edir. Vətəndaşlıq mövqeyi hər bir insana hakimiyyət tərəfindən həyata keçirilən uzunmüddətli sosial proqramların, irimiqyaslı layihələrin mahiyyətini dərk etməyə imkan yaradır. Azərbaycançılığın tərkib hissəsi olan vətəndaşlıq mövqeyi Azərbaycan əhalisinin bir xalq kimi birləşməsinə və dövlətçilik kursu ilə inkişafına əhəmiyyətli zəmin yaradır: "Deməli, azərbaycançılıq ideologiyasının daşıyıcısı olan vətənpərvərlik mövqeyi dövlət quruculuğu prosesində olduqca vacib elementdir. Bu baxımdan Azərbaycanın bir nömrəli problemi olan ərazi bütövlüyümüzün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkəmizin məruz qaldığı işğala son qoyulması bütün vətəndaşlarımızın, eyni zamanda dünya azərbaycanlılarının ortaq məsələsi və ortaq hədəfi kimi milli ideologiyamızın da təməl müddəalarından birini təşkil edir. Təsadüfi deyil ki, bu gün siyasi baxışından, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar Dağlıq Qarabağ məsələsində həmrəydir".
Vətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır. Bu hiss hər bir fərdi öz torpağına, Vətəninə sahib çıxmağa səsləyir. Vətənpərvərlik dövlət quruluşundan asılı olmayan, vətəndaşlıq mövqeyindən əzəli məfhumdur. Vətəndaşlıq fərdin öz dövlətinə münasibətini təcəssüm etdirir, vətənpərvərlik isə insanın öz ailəsinə, Vətəninə, torpağına hərtərəfli bağlığının göstəricisidir".
Qeyd edildiyi kimi, qloballaşan dünyada vətənpərvərlikdən daha çox vətəndaşlıq, loyallıq və tolerantlığa üstünlük verirlər. Əksər halda "vətənpərvərliyi" kor-koranə bir ideologiyaya qulluq etmək, məhdud maraqlar naminə həyatından keçmək kimi göstərirlər. Ancaq azərbaycançılıq kontekstində vətənpərvərlik vətəndaşın öz dövləti ilə daha sıx bağlılığı deməkdir. Vətənpərvərlik loyallığı və tolerantlığı inkar etməyərək hər bir şəxsin öz ölkəsini müdafiə etmək, onun müstəqilliyini qorumaq, inkişafına köməklik etmək istəyidir. Ona görə vətənpərvərlik Azərbaycan xalqının hər bir üzvünü ucaldan və ona şərəf verən vətəndaşlıq mövqeyidir.
Deputat həmçinin onu da bildirib ki, azərbaycançılıq ideologiyası dövlət quruculuğu prosesində vətəndaşın siyasi loyallıq mövqeyini təbliğ edir. Siyasi loyallıq "dövlətin sabitlik faktoru" kimi də göstərilir. Loyallıq maddi və psixoloji maraqlara qulluq edən mübadilə prosesidir. İlk növbədə insan özü özünə loyal yanaşır, sonra isə onun maraqlarını təmin edən dövlətə. Müasir dövlət insanın təhlükəsizliyini və sosial rifahını təmin edirsə, deməli hər bir kəs dövlətə hörmətlə yanaşaraq ona qulluq etməyə hazırdır. Məsələn, ABŞ vətəndaşlarının 70 % özlərini "dünya vətəndaşları" sayırlar. Bilmək olmaz, onların torpaqlarında münaqişə baş verdikdə onlar özlərini necə aparacaqlar. Ancaq ölkənin inkişafı, dövlət quruluşunun və siyasi vəziyyətin sabitliyi, sosial rifahın artması üçün onlar siyasi loyallıq mövqeyini tuturlar.
Azərbaycançılıq ideologiyası çərçivəsində siyasi loyallıq cəmiyyətin hakimiyyətlə münasibətlərinin keyfiyyətcə yüksək xüsusiyyətidir. Bu münasibətlər cəmiyyətin və dövlətin sabit inkişafına xidmət edirlər. Loyallıq prinsipi əsasında yaranan vətəndaş-dövlət münasibətləri hörmət və inam əsasında qurulur. Rus mütəfəkkiri İ.İlin qeyd edir ki, "güclü hakimiyyət – aşağıların ləyaqətli və düzgün yuxarılara azad loyal münasibəti əsasında qurulur". Azərbaycanda hakimiyyətin güclənməsi xalqın ona inamının artması ilə bağlıdır.
"Vətəndaşlıq məsuliyyəti azərbaycançılıq ideologiyası kontekstində geniş anlayışdır. O özündə hüquqi və mənəvi məsuliyyəti cəmləşdirir. Bu məsuliyyət növü daha çox konstitusiya məsuliyyətinə yaxın anlayışdır. Konstitusiya məsuliyyətinin formaları və xüsusiyyətləri müasir konstitusiya hüququ elmində aktualdır. Konstitusiya məsuliyyəti hüquq, siyasət və əxlaq münasibətlərinin sərhədində subyekt üçün yaranan məsuliyyət formasıdır. Konstitusiya hüququnun subyektləri spesifik xarakter daşıyırlar. Onlara insanı, xalqı, ali vəzifəli şəxsi (prezident, baş nazir, deputat) və s. aid etmək olar. Beləliklə, fərd dövlətlə siyasi bağlılığına görə, ilk növbədə, vətəndaş olaraq dövlət qarşısında konstitusiya məsuliyyəti daşıyır. Bu məsuliyyətin hüquqdan kənar sosioloji aspektləri vətəndaşlıq məsuliyyəti yaradır.
Vətəndaşlıq məsuliyyəti isə daha çox mənəvi məsuliyyətlə bağlıdır. Mənəvi məsuliyyət hüquq çərçivəsində olmadığına görə fərdin mənəvi, əxlaq tələblərini pozduğuna görə onun üçün ictimai tənqiddən başqa digər mənfi nəticələr yaranmır. Hətta müəyyən hallarda əxlaqsız hərəkətlər ictimai tənqidə məruz qalmır. Bu, cəmiyyətdə vətəndaşlıq məsuliyyətinin aşağı olduğunu göstərir".
Bu baxımdan azərbaycançılıq ideologiyası həm də vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir. Hər bir kəs cəmiyyət qarşısında cavabdehliyini hiss etməlidir. Bu, tək qanunlara riayət etməkdə yox, habelə aktiv vətəndaşlıq mövqeyində əks olunmalıdır. Ona görə ki, cəmiyyətin və dövlətin inkişafı və güclənməsi onların üzvlərinin hər bir fərdin fəal vətəndaşlıq mövqeyindən və vətəndaşlıq məsuliyyətindən asılıdır.