
Ermənistan prezidenti Serj Sərkisyan Ermənistan-Azərbaycan sərhədində yerləşən Tavuş vilayətinin Noyamberyan, Berd və İcevan rayonlarında olub. Ermənistan prezidentini müdafiə naziri Vigen Sərkisyan müşayiət edib.
Bəzi müşahidəçilər hesab edirlər ki, S.Sarkisyan baş nazir olmaq üçün növbəti həmləyə və ölkəboyu fəaliyyətə keçib. Ancaq onun Azərbaycanla sərhədə gəlməsi növbəti təxribatların anonsu da sayıla bilər.
Politoloq İlqar Vəlizadə deyib ki, Sərkisyanın Azərbaycanla sərhəd rayonlara səfəri səbəbsiz deyil.
Ekspert Sərkisyanın bu səfərində əsas məqsədinin yeni rus silahlarının yerləşdirilməsi ilə bağlı olduğunu düşünür:"Son zamanlar Ermənistanın müdafiə sistemində müəyyən dəyişikliklər gedir. Erməni tərəfi hazırda Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazilərə hərbi təzyiqlər etməyə çalışır. Rusiyadan Ermənistana xeyli silah-sursat göndərilib. Bu silahları Qarabağda yerləşdirmək Ermənistan üçün çox təhlükəlidir. Çünki İrəvan buna görə cavab verməli olacaq. Bu, siyasi baxımdan İrəvana ciddi problemlər yaradar".
Politoloq Moskvanın İrəvana göndərdiyi yeni hücum tipli qurğuların Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcəyini mümkün sayıb:"Çox güman ki, Sərksiyanın işğal altında olan ərazilərimizə səfəri elə məhz bununla və operativ vəziyyəti nəzarətdə saxlamaqla bağlıdır. Bütün hallarda Ermənistan nümayiş etdirmək istəyir ki, Azərbaycan Silahlı Qüvvələrinin tədbirlərini neytrallaşdıra bilər. Nəticə etibarilə, Sərkisyanın bu səfəri təxribat xarakteri daşıyır və ümumi vəziyyətə heç bir təsir göstərməyəcək".
İ.Vəlizadə Rusiyanın Ermənistandakı Erebuni hərbi bazasına MiQ-29 təyyarələri göndərməsinə də toxunub:"Əgər bu təyyarələr, yaxud da digər hücum tipli silahlar Azərbaycan ərazisində peyda olarsa, vəziyyət kökündən dəyişəcək. Bu, Azərbaycan-Rusiya münasibətlərində gərginliyə səbəb ola bilər. Moskva bunu başa düşür və çox güman ki, İrəvana icazə verməz. İndiki şəraitdə sözügedən təyyarələr birbaşa Azərbaycana təhlükə yarada bilməz".
Politoloq Vasif Əfəndinin fikrincə, bu yaxınlarda Gürcüstan, Türkiyə və Azərbaycan müdafiə nazirləri Batumidə görüşüərək əməkdaşlıq barədə müzakirələr apardılar. Regionda bu sayaq görüşlər artıq intensivləşməkdədir. Təbii ki, bu görüşlər də Ermənistan və Rusiyanı xüsusi olaraq rahatsız edir: "Bu görüşlərin əsas məqsədi də təhlükəsuizliklə bağlıdır. Hər 3 ölkə demək olar ki, eyni mənbədən və istiqamətdən təhlükəyə məruz qalır. Gürcüstan və Azərbaycan faktiki olaraq ərazilərinin böyük bir hissəsini itirmiş vəziyyətindədirlər. Abxaziya, Çənubi Osetiya və Qarabağ Rusiya tərəfindən de faktio işğal edilmiş vəziyyətdədir. Bu şəraitdə Gürcüstanın vəziyyəti daha ağırdır. Rusiya açıq və rəsmi olaraq bu ərazilərə təcavüz edərək qondarma Abxaziya və Osetuiyanı müstəqil dövlət olaraq tanımışdır və hazırda bu qondarma qurumların insanlarına Rusiya pasportu verməklə məşğuldur. Bu siyasət Gürcüstan torpaqlarının işğalını qanuniləşdirilməsi məqsədi ilə aparılır. Türkiyədə vəziyyət görünüşcə fərqli olsa da mahiyyətcə eynidir. Bu illər ərzində Rusiya ilə aparılan bütün danışıqlar nəticəsiz qalmışdır. Baş verənlərdən aydın olur ki, regionun təhlükəsizliyi bu ölkələrin hərbi siyasi və iqtisadi birliyindən keçir. Gələcəkdə bu 3 dövlətin vahid komandanlıq altında müdafiə sisteminin yaradılması gündəmə gələ bilər və əslində bu formatın konturları artıq görünməkdədir. Azərbaycan və Türkiyə bu planı çox rahatlıqla gerçəkləşdirə bilsələr də üçüncü tərəfin bu bloka qatılması deməık olar ki, regionda qüvvələr nisbətinin dəyişməsinə səbəb ola bilər. Bilirik ki, Türkiyə bir NATO ölkəsidir. Yaxın gələcəkdə Türkiyənin NATO-dan çıxması mümkün görünmür. Ola bilsin ki, NATO Türkiyə ilə münasibətlərdə müəyyən fərqli deatallardan istifadə edərək, bu ölkəyə başqa dövlətlərlə hərbi ittifaq qurmaq imkanını versin. Bu müttəfiqlikdən narahat olan rəsmi Moskva Sarkisyanı qabağa verib. Ermənistan prezidentinin sərhəd bölgələrinə səfərləri sırf daxili siyasətlə bağlıdır. Hazırda regionda hadisələr tez-tez və fərqli çalarla dəyişir. Qətər və İranda baş vermiş olaylar avtoritar ölkələrin daxili siyasətinə təsir edə biləcəyini hesablayan Sarkisyan əhali atrrasında bir türk xofu və təhlükəsi yaymaqla öz mövqeyini möhkəmləndirmək barədə düşünür".
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanla sərhəd olan Noyemberyan və Tavuş rayonlarına müdafiə naziri Vigen Sarkisyanla gəlməsi, buradakı hərbi hissələrə baxış keçirməsi və təxribat xarakterlidir: "Qeyd edim ki, yay aylarında daima erməni tərəfi məhz Azərbaycanla sərhəddə intensiv atəşi pozur və bu istiqamətdə Azərbaycanı provokasiyaya çəkir. Hazırda Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırkı vəziyyəti, ordumuzun işğal ərazilərində düşmənin canlı və texnikasını sıradan çıxarması, erməniləri sərhəd zonasında mümkün hərbi hərəkətliyi ilə nəticələnə bilər. Hərbi əməliyyatları işğal olunmuş ərazilərdən kənarda etməklə, danışıqlardan çəkinmək kursunu götürə bilər. Rusiya Cənub Hərbi Dairəsinin balansında olan yeni texnika və aviasiyaları Ermənistan ərazisində yerləşdirməyi planlayır. Bundan istifadə edən erməni rəhbərliyi qeyri-konstruktiv siyasəti davam etdirəcək. Azərbaycan ordusu sərhəd və işğal olunmuş ərazilərdə erməni təxribatlarının qarşısını almağa qadirdir. Vəziyyətin gərginləşməsində Rusiyanın da rolu görünür. Rusiya öz forpostuna hərbi logistik dəstək verməklə, danışıqlar prosesində təşəbbüsü ələ almaqla imitasiya edir".
Politoloq Mirsamir Məmmədovun fikrincə isə, Ermənistan ordusunun bölmələri Sarkisyanın səfər etidiy bu bölgədən mütəmadi olaraq Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqlərini atəşə tuturlar. Hətta düşmən israrla gərginliyi Qarabağ cəbhəsindən iki dövlət sərhədinə daşımağa və son nəticədə "Ermənistana müdaxilə" bəhanəsi ilə üçüncü qüvvəni proseslərə qoşmağa cəhd göstərir. Ancaq bu günə qədər düşmənin bu avantürası nəticə verməyib. Azərbaycan ordusu isə işğalçı ordunun həmlə və atəşlərinə tutarlı cavab verir.
Son zamanlar Tavuş vilayətinin cəbhəyanı bölgələrində erməni zabitləri özləri basdırdıqları minaya düşərək ölümcül yaralanıblar. Eyni zamanda, Azərbaycan ordusunun cavab atəşi buradakı erməniləri ciddi təşvişə salıb. Bu mənada S.Sarkiayanın bölgədə peyda olması səbəbsiz deyil: "Sarkisyan daima Azərbaycanla hədəylə danışıb, sərhədyanı bölgələrə səfər etməklə ordu quruculuğuna diqqət ayırdığı kimi göstərir. Guya bu şəxs ali baş komandan kimi əsgərlərinin yanındadır. Bir növ artistlik edir, əsgərlərlə görüşlər keçirir, onların qalma şəraiti ilə maraqlanır, göstərişlər verir və s. Bu onda yaranmış qorxudan irəli gəlir. Xüsusən də bu yaxınlarda Gürcüstan, Türkiyə Azərbaycan müdafiə nazirlərinin Batumidə görüşüərək əməkdaşlıq barədə müzakirələr aparmalarından sonra Sarkisyan Moskvanın tapşırıqlarını yerinə yetirməkdədir. Həm də bu gün Ermənistan ictimaiyyətinə belə bir məlumatlar sızdırılır ki, guya müharibə başlayarsa Ermənistan Azərbaycana layiqli cavab verə bilər. Azərbaycanın bir neçə iri sənaye şəhərləri dağıdıla bilər. Bütün bunlar Sarkisyanın uydurmaları və hədələridir. Sarkisyan indi sərhəd bölgələrinə səfər etməklə əsgərlərdə mübarizə ruhunu aşılamaq istəyir. Axı bir tərəfdən əsgər ölümlərinin sayı artır, digər tərəfdən isə Ermənistanın Azərbaycana hədələri elə erməni siyasiləri tərəfindən ifşa olunur. Məsələn, erməni siyasi şərhçi Musa Mikaelyan deyib ki, Ermənistan rəhbərliyi daxili auditoriyanı yalan vədlər verməklə aldatmasın. Azərbaycan ordusu bir neçə saat ərzində işğal edilən ərazilərini qaytara bilər. Yəni erməni politoloqlar da yaxşı anlayırlar ki, Ermənistan Azərbaycan qarşısında gücsüzdür. Baxmayaraq ki, Sarkisyan bütün imkan və vasitələrindən istifadə edir ki, Qarabağ məsələsində xalqın hiddətinin qarşısını kəssin. Xalq ondan bu təcavüzə son qoyulmasını tələb edir. Hər gün atəşkəsi pozması nəticəsində ailələrə erməni əsgərinin meyiti gedir, buna etiraz edən analar var. Qarabağın işğalı nəticəsində sosial problemlərlə üzləşən xalq, iqtisadi blokadada çabalayan ölkə var. Artıq Sarkisyan bu məsələdə məğlub olduğunu anlayıb. Sadəcə müəyyən gedişlər edir ki, onlardan biri də cəbhə bölgəsinə səfərlərdir".
Cavid