
Alyans Qarabağa görə Rusiya ilə üz-üzə dayanmaq istəmir
Dağlıq Qarabağ münaqişəsi həllində NATO-nun rolunun da vacibliyi istisna edilmədi. Alyansın münaqişənin həllinə təsir göstərəcəyi də iddia edildi. Amma zaman-zaman NATO Dağlıq Qarabağ münaqişəsinin həllinə qatılmayacağını bəyanlayıb.
Bir ay öncə "NATO Cənubi Qafqazda sabitləşdirici qüvvə kimi: Bu günkü çağırışlar və bölgədə inkişaf" adlı seminardakı çıxışında NATO rəsmisi Maqnus Eycefson deyib ki, NATO Qarabağ münaqişəsinin həllində iştirak etmir və bu məsələyə münasibətdə dəfələrlə özünün neytral mövqeyini ortaya qoyub. O ötən ilki aprel döyüşlərində Azərbaycan tərəfdən NATO üzvü olan Türkiyə hərbçilərinin də iştirak etməsi ilə bağlı özünə ünvanlanan suala cavabında deyib: "Mən bir daha qeyd etmək istəyirəm ki, alyansın hər bir üzvünün hər hansı məsələyə münasibətdə müstəqil qərar qəbul etmək hüququ var. Onların özlərinin xarici siyasətində hansı addımları atmasının NATO-ya hər hansı bir aidiyyatı yoxdur. Konkret olaraq NATO Qarabağ münaqişəsinə qarışmır və neytral mövqe nümayiş etdirməkdə davam edir".
Alyansın baş katibi Yens Stoltenberq də bəyan edib ki, NATO Qarabağ münaqişəsi üzrə danışıqlarda iştirak etmir və burada hər hansı rol oynamır.
Onun sözlərinə əsasən, alyans ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli üzrə səylərini dəstəkləyir: "Biz prosesdə maraqlıyıq və bütün tərəfləri münaqişənin sülh yolu ilə həllinə hədəflənən səyləri davam etdirməyə rəğbətləndiririk.".
Ermənistanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın NATO-ya üzv bütün ölkələrin Cənubi Qafqaz regionunda silahlanmanın artmasından narahat olduğunu deməsi bu məsələni yenidən aktuallaşdırıb.
O bildirib ki, bu hal siyasi gərginliyə səbəb olur: "Bildiyiniz kimi, NATO-ya üzv iki ölkə - ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləridir. Onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsipinə sadiqdirlər. Bu sahədə NATO-nun mövqeyi aydındır. Biz gərginliyin azaldılması, hərbi fəaliyyətlərin səviyyəsinin məhdudlaşdırılması və sülh prosesinin aparılmasını istəyirik".
NATO təmsilçisi regionda təhlükəsizlik məsələsini yaxından izlədiklərini söyləyib: "Hazırda NATO ölkələri arasında narahatlıq kifayət qədər yüksəkdir. Bu yaxınlarda bu ərazidə toqquşmalar baş verib, kəskin bəyanatlar səsləndirilib, xəsarət alanlar olub. NATO birbaşa prosesə cəlb olunmayıb. Bizim mövqeyimiz Minsk qrupuna kömək etməkdir. NATO tərəflər və Minsk qrupu həmsədrləri tərəfindən problemin sülh yolu ilə həlli istiqamətində atılan addımlara kömək göstərməyə davam edəcək".
Ekspert Elşən Həsənovun fikrincə, NATO bir yandan münaqişənin həllinə qarışmayacaq mövqe nümayiş etdirir, digər tərəfdən Cənubi Qafqazda silahlanmadan narahatdır: "NATO dedikdə göz önünə ABŞ gəlir. NATO elə ABŞ deməkdir. Necə ola bilir ki, NATO Yaxın və Orta Şərqdə baş verən hadisələrə müdaxilə edə bilir, Alyansın hərbi birləşmələri müsəlman dövlətlərində guya insan haqlarının qorunması adı altında hansısa hərbi əməliyyatlar apara bilir, amma Dağlıq Qarabağ münaqişəsində işğalçı Ermənistana qarşı heç bir addım ata bilməyəcəyini deyir. Burada ABŞ siyasəti öz sözünü deyir, eyni zamanda, NATO istəmir ki, müaqişənin həllinə maraq göstərməklə Rusiya ilə üz-üzə gəlsin. NATO-Rusiya münasibətlərinin hamar olmadığı çoxdan məlumdur. Şimali Atlantika Alyansı bir neçə ildir ki, Rusiyanın sərhədlərinə yaxınlaşır. Bunu dövlətin təhlükəsizliyinə təhdid kimi qiymətləndirən rəsmi Moskva cavab tədbirləri görür. Son illər bu müstəvidə tərəflər arasında münasibətlər daha da gərginləşib. NATO yeni tədbirlər həyata keçirir, Kreml də öz növbəsində lazım bildiyi addımları atır. Hazırda Avropa istiqamətində onların sərt bir şəkildə qarşı-qarşıya durduğunu demək olar.
Xüsusilə NATO-nun cənub və şərq cinahlarında Moskva ilə münasibətlər ağırdır. Daima qarşılıqlı hədələr və bəzi hallarda çox yaxın məsafələrdə edilən hərbi manevrlər sinirləri pozur. Lakin belə görünür ki, heç bir tərəf geri çəkilmək fikrində deyil. Ekspertlər Donald Trampın prezident olması ilə Rusiya ilə münasibətlərdə keyfiyyət dəyişikliyinin baş verəcəyinə müəyyən qədər inanırdılar. Ancaq NATO ölkələri müdafiə nazirlərinin Brüssel görüşü tamam başqa mənzərəni ortaya qoydu".
Ekspert onu da qeyd edib ki, Ukrayna və Gürcüstanın NATO-ya tamhüquqlu üzvlük məsələsi də rəsmi Moskvanı narahat etməkdədir: "Həm Ukrayna, həm də Gürcüstanın Rusiya ilə münasibətləri pisdir. Rusiya hər iki dövlətin ərazi bütövlüyünü pozub. Fikir verin, NATO bu iki xristian dövləti himayə etmək istəyir, onlara görə Rusiya ilə üz-üzə gəlir, amma Qarabağ məsələsinə gəldikdə yaxasını kənara çəkir. Bu da bir siyasətdir".
Politoloq Məhəmməd Əsədullazadənin qənaətincə, Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu iyirmi ildən artıqdır ki, konflikti həll edə bilmir: "NATO və digər təşkilatlarda məhz bu işə müdaxilə etmir. NATO-nun artıq Gürcüstanda olduğunu nəzərə alsaq, Alyans münaqişəyə öz münasibətini zamanla bildirəcək. Daima NATO Minsk qrupunun işinə müdaxilə etməmək barədə qeyd edirdi. Qarabağ münaqişəsi həll edilməyincə Azərbaycanın silahlanması davam edəcək. Həmçinin işğalçı Ermənistana Rusiyanın verdiyi silahlarda regionda silahlanma riskini artırır. Buda yeni müharibənin başlanmasını sürətləndirə bilər. Təbii ki, münaqişə həll olunmayınca, NATO işğalçı ölkəyə təzyiq etməyincə, silahlanmadan narahat olmamalıdır. Narahtdırsa, ilk növbədə münaqişəsinin həllinə dəstəyin ifadə etməlidir. Ermənistanla siyasi dialoq aparmaq əvəzinə ilk növbədə silahlanmaya səbəb olan işğalçının siyasətinə təzyiq etməlidir. Görünən odur ki, Ermənistan Azərbaycanın silahlanmasından cəbhədə düşmənə etdiyi təzyiqdən NATO rəsmlərindən imdad diləyir. Müharibə başlasa artıq NATO proseslərə siyasi təsir edəcək".
ALDP-nin sədr müavini Tərlan Həsənov bildirib ki, NATO-nu qorxudan Azərbaycanın müharibəyə başlaya biləcəyidir: "Ümumiyyətlə, bütün beynəlxalq təşkilatlar, NATO daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlardan çıxış edirlər. NATO başa düşür ki, əgər Azərbaycan silahla işğal edilən ərazilərini geri qaytarmağa başlasa Cənubi qafqazda böyük fəlakətlər baş verə bilər. Bu müharibə regional xarakter ala bilər. Çünki Alyans Rusiyanın Ermınistanı müdafiə edəcəyini istisna etmir. Rusiya bu prosesə qatılarsa, o zaman NATO-nun üzvü Türkiyə prosesi kənardan müşahidə etməyəcək. Ona görə də zaman-zaman NATO baş katibləri münaqişə tərəflərinin rəhbərləri ilə danışıqların sülh yolu ilə həllinin tırıfdarı olduqlarını bəyanlayıblar. NATO rəsmiləri alyansın ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli üzrə səylərini dəstəklədiklərini bəyan edirlər. Bu fikrin özündə də bir erməni xisləti dayanır. Məgər Minsk qrupu münaqişənin həllində hansısa səy göstərib? İyirmi beş ilə yaxındır bu qrupun fəaliyyəti gö qabağındadır. NATO-nun Qarabağla bağlı mövqeyi ilə Minsk qrupunun tutduğu mövqe üst-üstə düşür. Azərbaycan tərəfi də münaqişənin sülh yolu ilə həllini istəyir. Amma Ermənistan beynəlxalq hüquq prinsiplərinə riayət etməzsə və işğalçılıq siyasətini davam etdirərsə o zaman rəsmi Bakı torpaqlarını müharibə yolu ilə azad edəcək. NATO bunu yaxşı dərk edir və bu vaxta qədər heç bir NATO baş katibi açıqca Ermənistanı işğalçı ölkə adlandırmayıb. NATO da digər beynəlxalq qrumlar kimi ancaq münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqunu bəyanlayıb. Bununla da işini bitirmiş hesab edir. Düzdür, NATO Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürməyib. Amma Minsk qrupunun iki üzvü – ABŞ və Fransa NATO üzvüdür. Hər halda əgər alyans münaqişənin həllində maraqlı olsaydı üzvlərinə hansısa təzyiqlər göstərərdi. NATO Dağlıq Qarabağa görə Rusiya ilə üz-üzə dayanmaq fikrində deyil".
Cavid