“Ön xətdə davam edən gərgin vəziyyət danışıqların nə ilə nəticələndiyinə işıq salır” Layihə

“Ön xətdə davam edən gərgin vəziyyət danışıqların nə ilə nəticələndiyinə işıq salır”

Tofiq Abbasov: "Bu, Ermənistanın strateji maraqlarına cavab verən bir addımdır"

Fikrət Sadıqov: "Danışıqlarla bərabər yeni kənd və əraziləri azad etməliyik"

Cəbhədə erməni təxribatları davam edir. Təxribatların ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı başlaması isə maraq doğurur. Əksər eksperlər bunun təsadüfi olmadığını vurğulayırlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 137 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, adsız yüksəkliklərdə və İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Fərəhli kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonunun rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Politoloq Tofiq Abbasov deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərininn bölgəyə növbəti səfərindən nikbin nəticə gözləmək əbəsdir. Politoloq bildirib ki, ön xətdə davam edən gərgin vəziyyət artıq müəyyən mənada danışıqların nə ilə nəticələndiyinə işıq salır: "Ermənistan vəziyyəti qəsdən gərginləşdirir ki, bölgədə sülh danışıqları üçün münasib şəraitin olmadığını dünyaya təqdim etsin. Bu, Ermənistanın strateji maraqlarına cavab verən bir addımdır. Çünki İrəvan çox gözəl anlayır ki, barışıq-razılaşma erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasından keçir. Bu isə işğalçı Serj Sərkisyan komandasına qətiyyən maraqlı deyil, həm də təhlükəlidir. Çünki Ermənistan siyasi rəhbərliyi neçə illərdir ölkəni ehtiyac məngənəsində saxlayır. İrəvan öz ümidlərini sırf işğalçı siyasətə bağlamaqla Türkiyə, Azərbaycan, ümumiyyətlə, beynəlxalq birliklə vəziyyəti erməni xalqı üçün çıxılmaz edir. Əgər Sərkisyan və silahdaşları kompromislərə getsələr, onda erməni xalqı onları devirəcək. Təmas xəttində gərginliyin artdığı bir zamanda təxribatlara cavab olaraq Ermənistan güclü zərbələr alır, itki verir. Ona görə də belə şəraitdə İrəvan əlindən gələni edir ki, sülh danışıqları baş tutmasın və proses birdəfəlik iflic olsun".
T.Abbasov bildirib ki, Azərbaycan siyasi rəhbərliyi bütün reallıqları həmsədrlərə olduğu kimi çatdırmaqla Bakının tələblərini layiqli formada ortaya qoyub: "Həmsədrlərin borcu ondan ibarətdir ki, Ermənistanı məsuliyyətə dəvət etsinlər. Əgər yaxın müddətdə sülh məramı qalib gəlməsə, apreldəki mini müharibə bu dəfə qlobal miqyasda təkrarlanacaq. Diplomatiyanın vəzifəsi ondan ibarətdir ki, güc vasitələrinin işə düşməsinə imkan verməsin. Ermənistan isə hazırda bütün diplomatik gedişləri bilərəkdən alt-üst edirsə, bu, müharibənin qaçılmaz olacağı anlamına gəlir. Ermənistanın bu müharibədən sağ çıxmaq şansı isə sıfıra bərabərdir".

Politoloq Fikrət Sadıqov bildirib ki, Rusiya Krım, Donbas, Abxaziya və Cənubi Osetiya, Dağlıq Qarabağdan heç vaxt əl çəkməyəcək. Politoloq həmsədrlərin regiona səfəri ərəfəsində ermənilərin daha da azğınlaşdığını və özəlliklə də təmas xəttində müxtəlif təxribatlar törətdiyini deyib: "Ermənistan maksimum Azərbaycanı aqressiv dövlət kimi qələmə verməyə çalışır. Həmsədrlərin regiona səfəri ümidverici nəsə vəd etmir. Çünki bu səfər də heç bir pozitiv nəticə verməyəcək. Minsk Qrupu ilk növbədə Ermənistanı ya konkret qəbul olunan qətnamələrin yerinə yetirilməsinə məcbut etməli, ya da hansısa yeni təkliflərlə çıxış etməlidirlər. Ancaq ikincidə Azərbaycan Ermənistanla bərabərləşdirilməməlidir. Çünki Bakı İrəvana güzəştə getmək fikrində deyil". Politoloq hesab edir ki, Dağlıq Qarabağdakı vəziyyət hələ uzun müddət belə davam edəcək: "Ona görə ki, havadarları Ermənistanın başına sığal çəkir, dünya gücləri isə buna seyrci qalır, hətta Azərbaycanı hansısa kompromislərə çağırırlar. Bu isə region üçün olduqca təhlükəli vəziyyətdir. Ancaq Azərbaycan Ermənistana qarşı sərt addımlarını davam etdirəcək. Zənnimcə, danışıqlarla bərabər, yeni kənd və əraziləri azad etməliyik. Bakı sübut edəcək ki, bu səssizliyə əbədi dözməyəcək".
F.Sadıqov ABŞ-ın Rusiyanı yeni sanksiyalarla zəiflətməsi fonunda Dağlıq Qarabağ məsələsinin həllində hansısa irəliləyişin olacağına inanmadığını deyib: "Çünki Rusiyanı zəiflətmək asan məsələ deyil. ABŞ Rusiyanı iqtisadi cəhətdən nə qədər zəiflətsə də, Kremlin maraqlarını məhv edə bilməyəcək. Əksinə, fikir verin, Rusiya müxtəlif regionlarda öz addımlarını daha sərt şəkildə atır. Rusiya Krım, Donbas, Abxaziya və Cənubi Osetiya, Dağlıq Qarabağdan heç vaxt əl çəkməyəcək. İndiki dönəmdə əsas məsələ digər həmsədr dövlətlərin niyə seyrci mövqedə qalmalarıdır. ABŞ və Fransa nədənsə sadəcə müşahidə aparır. Üstəlik, Ukraynadan fərqli olaraq Azərbaycanla niyə belə oyunlar getdiyi də düşündürücüdür. Əgər həqiqətən də dedikləri kimi məsələnin həlli ilə məşğul olsaydılar, onda Rusiya və Ermənistana qarşı sərt reaksiyanı görərdik. Problemin bugünədək həll olunmamasının yeganə səbəbi ikili standartlardır". O həmçinin əlavə edib ki, Ermənistan tərəfi mütəmadi olaraq cəbhə xəttində təxribatlar törədir: "Ermənistanın xarici siyasətində Azərbaycana qarşı belə davranış əsas yerlərdən birini tutur. Belə təxribatlar həmsədrlərin regiona, o cümlədən Azərbaycana səfəri ərəfəsində daha intensiv xarakter alır, cəbhə xəttində vəziyyət gərginləşdirilir. Azərbaycan Silahlı Qüvvələri bütün bu təxribatların qarşısını qətiyyətlə alır, düşmənə ağır zərbə vurulur. Bunun ardınca da erməni tərəfi yaşanan hadisələrə görə Azərbaycanı günahkar göstərməyə çalışır. Bu baxımdan, həmsədrlərin regiona səfəri öncəsi Ermənistanın yeni təxribatlar törətməsi gözlənilən idi. Ermənistan heç bir reallıqla hesablaşmır, işğalçılıq siyasətini davam etdirir, beynəlxalq hüquqa və prinsiplərə əməl etmir. Bu mövqe danışıqlar prosesində hər hansı irəliləyişin olmasının qarşısını almağa da hesablanıb. Əgər rəsmi İrəvanın əsas siyasəti bundan sonra da belə olacaqsa, Azərbaycan tərəfinin çox güclü cavab tədbirləri ilə üz-üzə qalacaqlar və artıq üzləşirlər. Azərbaycanda ən yüksək səviyyədə də bəyan edilib ki, Ermənistan tərəfinin hər bir təxribat cəhdinə, vurduğu ziyana görə düşmənə artıqlaması ilə cavab veriləcək. Çünki söhbət işğal altındakı Azərbaycan ərazilərindən, ölkənin suverenliyinin bərpasından gedir. Danışıqlar prosesi nəticə vermədiyi halda Azərbaycanın tam hüququ var ki, ərazi bütövlüyünü müharibə yolu ilə bərpa etsin".
Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, son günlər cəbhə xəttində baş verən məlum olaylar bədnam qonşularımızda çox böyük ruh düşkünlüyü və əsəbi atmosfer yaradıb: "Belə bir vəziyyət, Ermənistanda 2017-ci ilin əvvəlində yaşanmışdı, bir də indilərdə. Ard-arda xeyli sayda döyüş və qeyri-döyüş şəraitində əsgər və zabit itkiləri ilə qarşılaşan haylar Ermənistanın siyasi-hərbi rəhbərliyinin gününü "qara əskiyə" bükmüşdülər. İndi də, cəbhədə verdikləri ciddi itkilər dolayısı hiss olunur ki, ermənilərdə bir psixoz atmosfer hökm sürür. Bunun davamını mütləq gətirmək lazımdır. Özü də, cəbhənin ayrı-ayrı istiqamətində. ATƏT, BMT və digər təşkilatların hamısı boş və mənasız qurumlardır. Nə vaxt bu beynəlxalq təşkilatlar öz nizamnamələrinə, qəbul etdikləri sənədlərə əhəmiyyət verəcəklər, onda biz Azərbaycan dövləti və ictimaiyyəti olaraq onlara hörmətlə yanaşarıq. Hələliksə, bu qurumlar sırf erməni və havadarlarının maraqlarına uyğun hərəkət sərgilədiklərinə görə, biz öz bildiyimizi etməliyik. Yəni, işğalçı dövlətin əsgər və zabitlərini məhv etməklə onları çaşqın vəziyyətə salmalıyıq. Ermənsitanın Silahlı Qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindəki bütün canlı qüvvə və texnikası məhv edilməlidir".

Əli