
ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, bolqarıstanlı deputat Kristian Viqenin Azərbaycan və Ermənistanın yüksək vəzifəli diplomatik nümayəndələri, ATƏT-in Avstriya sədrliyi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində vasitəçilik edən ATƏT-in Minsk Qrupu həmsədrləri, eləcə də ATƏT katibliyi ilə görüş keçirib.
Məlumata görə, K.Viqenin Cənubi Qafqaz regionunda proseslər, eləcə də Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar cəhdləri ilə bağlı bir sıra görüşlərdə iştirak etmək məqsədi ilə Vyanaya səfər edib. O, bütün görüşlərində razılaşdırılmış danışıqlar formatının davam etdirilməsinin vacibliyini və siyasi iradəyə yardım məqsədilə parlamentarlar arası dialoqun potensialını vurğulayıb.
"Regiondakı münaqişələr yüksək və dözülməz insan bahasına başa gəlməkdə davam edir. Mən ATƏT Parlament Assambleyasından olan həmkarlarımla öz siyasi təsirimizdən davam edən rəsmi cəhdlərə necə töhfə verə və əsaslı, davamlı sülhün təmin edilməsində güclü tempi necə təmin edə biləcəyimiz barədə müzakirəni davam etdirmək niyyətindəyəm", xüsusi nümayəndə K.Viqenin belə deyib.
ATƏT Parlament Assambleyasının təxminən 300 parlamentarisini əhatə edən əsas illik görüşü bu həftə Minsk şəhərində başlayır.
Xatırladaq ki, bu yaxınlarda Minsk qrupunun həmsədrləri bölgəyə səfər edib, münaqişə tərəflərinin rəhbərləri və hətta qondarma rejimin başçısıyla da görüşüblər. Lakin keçirilən bütün görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində heç bir irəliləyiş əldə edilmədi.
Millət vəkili Azər Badamov deyib ki, ATƏT-in həmsədrlərinin regiona səfərini ən azından münaqişənin sülh yolu ilə həll olunması istiqamətində atılan növbəti addım hesab etmək olar. Yəni, ortaq ümumi bir razılaşma əldə olunmalıdır ki, münaqişə sülh yolu ilə öz həllini tapsın.
Onun sözlərinə görə, burada bir məsələ var ki, həmsədrlər təmas xəttində itkilərin artmasından narahat olduqlarını və uzunmüddətli sülhün imzalanmasının vacibliyindən danışırlar: "Onda belə bir sual meydana çıxır, münaqişənin həlli yenə illərlə uzanmalıdır? Biz isə belə danışıqlara razı deyilik. Çünki, işğal olunan bizim torpağımızdır və Ermənistan isə vəziyyətin belə qalmasını istəyir. Danışıqlar öz nəticəsini verməsə Azərbaycan ordusu hərb yolu ilə torpaqlarımızı azad etməyə qadirdir. Bu, həm də beynəlxalq normalara uyğun gəlir. Danışıqlar masası üzərində kifayət qədər məsələlər var ki, tərəflərlə razılaşdırılıb müəyyən addımlar atmaq mümkündür. Əgər həmsədrlər sülh yolu ilə münaqişənin həllini istəyirlərsə, mütləq status kvonun dəyişdirilməsi istiqamətində hərəkətə keçməlidir. Belə olsa, biz də görərik ki, münaqişənin həlli istiqamətində nə isə bir razılq əldə olundu. Biz çox istərdik ki, həmsədrlərin regiona səfərlərinin bir nəticəsi olsun".
Həmsədrlərin səfərləri və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı keçirilən bütün danışıq və görüşlərin nəticəsiz qalması Rusiya faktoru ilə əlaqələndirilir.
Politoloq Vasif Əfəndinin fikrincə, Rusiya xarici işlər nazirliyinin yüksək çinli məmurlarının Dağlıq Qarabağda mövcud vəziyyətin müharibəyə yol açağından "qorxduqlarını " bəyan etməsi adıçəkilən dövlətin bu münaqişəyə ciddi marağının göstəricisidir və məqsəd münaqişənin aktiv hərbi əməliyyatlar fazasına keçməsini əngəlləməkdir: "Məlumdur ki,işğal olunmuş ərazilərimizin sülh yolu ilə azad olunması artıq tupikə dirənib. Beynəlxalq qurumların işğala son vermək məqsədilə qəbul olunmuş çoxsaylı qərar və tələblər hüquqi olaraq Ermənistan tərəfindən dolayısı isə Rusiya tərəfindən yox sayılır. Əslində Ruisya xarici siyasət idarəsinin rəhbərlərinin bu sayaq bəyanatlarını Azərbaycana təzyiq vasitəsi kimi qəbul etmək lazımdır. Artıq heç kimə sirr deyil ki, Dağlıq Qarabağın işğaldan azad olunmasına əngəl törədən tərəf Rusiya hakimiyyətidir. Lap dəqiq desək , Qarabağın işğalını həyata keçirən tərəfin Rusiya olması səbəbindən bu regionda baş verən hər hansı insident və qarşıdurma bu ölkə ilə bağlıdır. Bir neçə ildir ki, davamlı olaraq Rusiyanın bəzi qeyri-rəsmi nümayəndələri torpaqların işğaldan azad oluna bilcəyi mesajlarını versələr də bu istiqamətdə heç bir real addımlar atılmayıb. Çox güman ki, torpaqların de yure qaytarılması qarşılıqlığında Rusiya tərəfi Azərbaycandan onun dövlət müstəqilliyinə təhlükə yarada biləcək tələblərin istənilməsi dayanır. Azərbaycan iqtidarı isə dəfəlrlə bəyan edib ki, ərazi bütövlüyümz və dövlət müstəqilliyimizə xələl gətirəcək heç bir anlaşmaya imza atmayacaqlar.Ancaq hələ də Rusiya hakimiyyəti ümid edir ki, müəyyən manevr və hədələrlə Azərbaycanı təslimçi sülhə imza atmağa məcbur edəcək. Azərbaycan hər dəfə torpaqlarını güc yolu ilə geri qaytrarmaq təşəbbüsü göstərdiyi anda Rusiya tərəfi dərhal özünəməxsus tədbirlər görməyə başlayır.Güc nümayişi və hədələr işə yaramadıqda isə Azərbaycana qarşı kəskin mövqeyi ilə seçilən siyasi-ictimai xadimlərindən ibarət nümayəndə heyyətləri göndərilir. Bu emissarlar Rusiyanın Azərbaycana guya xoş münaisbətin olduğu inanadırmağa çalışırlar ki, bununla da bir qədər yığılmış acığımızı və torpaqlarımızı geri qaytramaq əzmimizi söndürmək istəyirlər. Bundan başqa münaqişənin ən azından dondurulmuş vəziyyətdə saxlanılmasında maraqlı olan qüvvələr Azərbaycana qarşı informasiya müharibəsi və casus şəbəkəsinin yaradılması ilə məşğuldurlar. Bu yaxınlarda cəbhə bölgəsində ifşa olunan casus şəbəkəsinin açığa çıxarılması buna sübutdur. Ümumiyyətlə, 5-ci kolonun fəaliyyətinin arxasında məhz Rusiyanın dayandığı şübhəsizdir. Rusiya, İran və Ermənistana məxsus və ya onlar tərəfindən maliyyələşdirilən KİV və ya saytlar bölgələrdə olan lokal etirazları fərqli rakuslardan təqdim edərək qızışdırıcı çağırışlar etməkdən çəkinmirlər. Ölkədə süni şəklidə təriqət ayrı seçkililiyi salınmasına yönəlik cəhdlər edilir. Bu gün ölkəmizi düşmən qüvvələrin oylağına çevirməmək üçün hər yerdə bizə utanc gətirə biləcək faktorlardan - rüşvət, korrupsiya və məmur özbaşınalıqlarından qurtulmalıyıq.Bu neqativ ünsürlər Azərbaycanı xarici təxribatçı qüvvələrə yem edə bilər".
Politoloq İlqar Vəlizadə isə deyib ki, Rusiya Qarabağın məsuliyyətini üzərinə götürmək istəmir.
Politoloq Rusiyanın Qarabağda aktivləşməsinin konfliktin hərbi qarşıdurma mərhələsinə çatması zamanı müşahidə edildiyini xatırladıb:"Bu zaman Moskva çalışır ki, konflikt iştirakçısı olan dövlətlərin münasibətləri yenidən dialoq şəklində davam etsin. Rusiyanın aktivliyi göstərir ki, burada o öz mənafelərini güdür. Onun maraqları isə müharibənin olmamasındadır. Ona görə ki, müharibə Rusiyanın təhlükəsizliyinə problem yaradır. Münaqişənin danışıqlar yolu ilə həllinə gəldikdə, biz burada hər zaman problemlə üzləşirik. Qarabağla bağlı danışıqlar Azərbaycan torpaqlarının boşaldılmasından başlamalıdır. İlk addım da İrəvan tərəfindən atılmalıdır. Buna görə də Ermənistana təyziqlər edilməlidir".
İ.Vəlizadə Rusiyanın ötən il İrəvana yumşaq təzyiq etmək siyasətinin məğlubiyyətə uğradığını bildirib. Onun sözlərinə görə, İrəvan müxtəlif yollarla bu vəziyyətdən çıxmağa çalışıb:
"Rusiya Ermənistanı itirməmək naminə bu mülayim təzyiq siyasətindən tədricən əl çəkdi. Beləliklə, biz danışıqlar prosesinin inkişaf etmədiyini görürük. Rusiya indiki mərhələdə üzərinə yük götürmək istəmir. Aleksandr Kudrin və digərləri hesabatlarında müxtəlif versiyalar səsləndirə bilərlər, amma fakt odur ki, prosesdə inkişaf yoxdur. Rusiya başa düşür ki, prosesə tam şəkildə qoşulsa ya kiminsə mövqeyini tutmalıdır, ya da hər iki tərəfin gözləntilərini doğrultmalıdır. Bir sözlə, Rusiya status-kvonun qorunmasında maraqlıdır".
Qeyd edək ki, Rusiyanın keçmiş maliyyə naziri Aleksandr Kudrinin rəhbərlik etdiyi Strateji Araşdırmalar Mərkəzi ölkənin xarici siyasəti ilə bağlı hesabat yayıb. Kudrin hesabatında Moskvanın NATO ilə qarşıdurmanı dayandırması gərəkdiyini bildirib. Eks-nazir həmçinin Rusiyanın Ukraynanı uzun müddətlik itirdiyini söyləyib. Onun fikrincə, Moskva buna rəğmən Qarabağda vasitəçiliyini gücləndirməli, Tiflislə münasibətləri düzəltməlidir.
Cavid