Sarkisyan uşaq qatili olduğunu bir daha təsdiqlədi Layihə

Sarkisyan uşaq qatili olduğunu bir daha təsdiqlədi

Ermənistan hərbi birləşmələri Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslərə hücum edib. Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, erməni hərbi birləşmələrinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan açdığı atəş nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. Qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə xəstəxanaya yerləşdirilib. Ordumuz düşməni cavab atəşi ilə susdurub, həmçinin, hadisə ilə bağlı beynəlxaq qurumlar məlumatlandırılıb. Təbii ki, illərdir işğala və erməni təxribatlarına göz yuman beynəlxalq ictimaiyyətin verəcəyi reaksiya nə itkiləri geri qaytaracaq, nə də 2 yaşlı Zəhranı...
Ermənistan bu hücumu ilə işğalçı və təcavüzkar mahiyyətini bir daha göstərdi. Dünyanın işğalçının qarşısında susmasına rəğmən, hər şey ortadadır: düşmənin hədəfi təkcə mövqelərimiz yox, həm də mülki vətəndaşlarımızdır.
Hücumda diqqət çəkən digər məqam Ermənistanın mülki vətəndaşları güllələməsinin arxasında yatan səbəblərin nə olmasıdır. Çünki məsələ təkcə təcavüzkarın öz mahiyyətinə uyğun davranması yox, bunu niyə etməsidir. Siyasi proseslər fonunda İrəvanın bu hücumunun hədəfləri də aydın görünür.
Cəbhədə yeni gərginliyin yaradılması və Azərbaycanı təxribata çəkmək: Düşmən bu hədəfinə nail olmaqla siyasi məqsədlərini həyata keçirmək niyyətindədir.
İyunun 10-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlandı. Əvvəlcə İrəvana səfər edən həmsədrlər Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə də baş çəkdilər. İyunun 19-da isə Bakıya səfərə gəldilər. Səfərin yekunlarına dair bəyanatda həmsədrlər substantiv danışıqların vacibliyindən bəhs edir. Bu səfərin və bəyanatın növbəti imitasiya hesab edilməsi təbidir, çünki cəmiyyət olaraq 20 ildir eyni sözləri eşidirik. Lakin bəyanatda məhz "substantiv" ifadəsi danışıqlar xatirinə danışıqların olmasının həmsədr ölkələr tərəfindən də qəbul edilmədiyini göstərir. Ardınca Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşünün planlaşdırıldığı xəbəri yayıldı. Rusiya mediası isə diplomatik mənbəyə istinadən nazirlərin görüşünün iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində keçiriləcəyi haqda məlumat yaydı. Bu məlumata inansaq, deməli, nazirlər iyulun 11-də, erməni hərbi birləşmələrinin mülki əhaliyə hücumundan 6 gün sonra görüşəcək. Burada Ermənistanın ilk hədəfi aydın görünür:
a) Mülki azərbaycanlılar qətlə yetirilir, Azərbaycan cavab zərbəsi endirir və görüşə qədər cəbhədə ciddi gərginlik yaranır.
b) Cəbhədə gərginliyin yaranması Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana "Azərbaycan hücum edir, biz hansı danışıqlardan söhbət aça bilərik" deməsinə və danışıqlardan yayınmasına imkan yaradır. Belə demək mümkünsə, Ermənistan ordusu xarici siyasətə "pas" atır.
Ermənistan ordusunun xarici syasətə "pas" atması İrəvan kuluarlarında son dəyişikliyi yada salır: Serj Sarkisyan müdafiə naziri postuna öz varisi Viqen Sarkisyanı gətirəndən sonra, xarici siyasət məsələlərini də yeni nazirə həvalə etdi. Bu haqda ABŞ-ın kəşfiyyat-analitik mərkəzi "Stratfor"un "Xarici işlər naziri Edvard Nalbandyan Rusiya ilə ailə əlaqələrinə malikdir. Lakin Moskva üçün yeni müdafiə naziri Viqen Sarkisyan əlverişli görünmür. O, Dağlıq Qarabağ məsələsində Ermənistan siyasətini tətbiq edir və Kremlin Ermənistan daxilindəki hansısa adamının danışıqlara rəhbərlik etməsinə imkan verməyi düşünmür" deyə yazması da diqqət çəkirdi.
Əslində, bu ilin 21 fevralında Moskvaya səfər edərək, Lavrovla görüşən Edvard Nalbandyanın bu səfərdən bir gün öncə Müdafiə Nazirliyində ordu rəhbərliyi ilə qapalı iclas keçirməsi təsadüfi deyildi. Bu fakt Ermənistanın xarici siyasətinə artıq ordunun nəzarət etdiyini sübut edir. O da təsadüfi deyildi ki, ordu rəhbərliyi ilə müzakirələr aparan və bir gün sonra Moskvada Lavrovla görüşən Nalbandyanın səfərindən 3 gün sonra - 25 fevral tarixində erməni hərbi birləşmələri cəbhədə növbəti genişmiqyaslı təxribata əl atdı.
Göründüyü kimi, Ermənistanın hərbi xuntası Qarabağ danışıqlarını yenidən pozmağa hesablanan gediş edir. Bu baxımdan, nazirlərin görüşündən ciddi nəticələr gözləmək, yaxud ən azından normal danışıqların aparılacağını demək mümkün deyil. Çünki İrəvanın hərbi xuntası Nalbandyanın "ciblərini dolduraraq" Avstriyaya göndərəcək.
Ermənistanın mülki əhaliyə hücumla oynadığı digər oyun qondarma DQR rejiminin "prezidenti" Bako Saakyanın, yəni "Qarabağ klanının" "səlahiyyətlərinin" uzadılmasını erməni cəmiyyətində legitimləşdirməkdir.
19-29 iyul tarixlərində qondarma "DQR" "parlamenti" Bako Saakyanın "səlahiyyətlərini" 3 illiyinə uzadacaq. Ermənistanda parlament üsul-idarəsinə keçən Sarkisyan hakimiyyəti Qarabağda "prezident instutunu" gücləndirmək gedişi etdi. Bu, Sarkisyanın rəhbərlik etdiyi "Qarabağ klanının" Qarabağ kartından istifadə edərək, hakimiyyətdə rıçaqlarının saxlanılması planının bir hissəsidir. Sarkisyan rejimi qondarma "DQR"-də "prezident institutunun" gücləndirilməsi gedişini "Azərbaycan təhlükəsi" ilə legitimləşdirir.
Bu hücumun "yeni seçimə" az müddət qaldığı vaxtda edilməsinin hədəfi də cəbhədə gərginliyi artırmaq və erməni cəmiyyətinə "Azərbaycan təhlükəsi qarşısında yalnız "güclü prezident institutu" dayana bilər" arqumentini yedirməkdir.
Hədəflər ortadadır və işğlçı Ermənistanın siyasi məqsədlər üçün körpə uşaqları belə güllələdiyi faktı aydın görünür. Lakin bunu dünyanın görməsi vacibdir. Beynəlxalq ictimaiyyət 2 yaşlı Zəhranın güllələnmiş körpə bədəni önündə susarsa...
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalism aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir: "Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən və hədəflənən hücumların edilməsi sistematik xarakter daşıyır.
Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərdən sonra həmsədrlər və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atır.
Azərbaycan Respublikası dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir.
Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavabı bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status kvonun dəyişdirilməsini tələb etməlidirlər.
Yaranmış vəziyyətə görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür".
Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Füzuli rayonunun Alxanlı kəndini ermənilərin artilleriya atəşinə tutması, mülki şəxslərə qarşı təxribatları və iki vətəndaşımızı qətlə yetirməsi növbəti dəfə danışıqlar prosesini pozmağa hədəflənib. O bildirib ki, iyulun 11-də Avstriyanın paytaxtında Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi gözlənilir:
"Bu görüşdə yenidən danışıqların bərpa olunması, etimad mühitinin formalaşması və prezidentlərin mümkün görüşünü təşkil etmək və digər gündəlikdə olan məsələlərin müzakirə olunması istisna edilmir. Azərbaycan substantiv danışıqlara daima hazır olduğunu bəyan edib. Gözlənilən növbəti görüş ərəfəsində isə ermənilər təxribat törətməklə bir daha konstruktiv danışıqlardan qaçdıqlarını sübut edirlər".
M.Əsədullazadənin sözlərinə görə, bu təxribatda digər məqam Ermənistan ordusunun son aylar cəbhə xəttində itkilər verməsi, erməni ordusunun daxilindəki insidentlər, başıpozuqluqdur:
"Erməni siyasi-hərbi rəhbərliyi orduda vəziyyətlə əlaqədar daxildəki ciddi narazılığı cəbhəyə yönəltməklə, öz xalqını müharibə ilə şantaj edir".
Politoloq vurğulayıb ki, Azərbaycan işğalçı qüvvələrin bu kimi təxribatlarının qarşısın qətiyyətlə alacaq. Ordumuzun istifadəsində olan yeni və müasir silahlardan istifadə ilə düşmənin susdurulması an məsələsidir:
"Ermənistan hazırkı siyasəti ilə Azərbaycanı artıq əməliyyatlara başlamaqdan qeyri alternativ qoymur. Belə ki, Ordumuz mülki əhalinin təhlükəsizliyini təmin etmək məcburiyyətindədir".
Onu da qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, məlum hadisə ilə bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.6 (silahlı münaqişə zamanı hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.7 (silahlı münaqişə zamanı müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8 (silahlı münaqişə zamanı hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Cavid