“Bu təxribat Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən dərhal sonra baş verdi” Layihə

“Bu təxribat Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən dərhal sonra baş verdi”

Arzu Nağıyev: "Paşinyan tam şəkildə hakimiyyətə nəzarət edə bilmir"



Bir neçə gün öncə Ermənistan silahlı qüvvələrinin cəbhədə növbəti təxribatının qarşısı alındı. Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyi iyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərdiyi barədə məlumat yayıb. Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib. Əsir düşmüş kəşfiyyatçının 1984-cü il təvəllüdlü Ermənistan vətəndaşı Karen Kazaryanın Tavuş vilayətinin Berdavan kənd sakini olduğu bildirilir.

Ermənistanın Müdafiə Nazirliyi kəşfiyyatçı Karen Kazaryanın Azərbayan ordusuna əsir düşdüyünü təsdiqləyərək, nazirliyin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, müdafiə naziri, eyni zamanda Əsir və Girov Götürülmüş, İtkin Düşmüş Şəxslər üzrə İdarələrarası Komissiyanın sədri David Tonoyan Karen Kazaryanın geri qaytarılmasının təşkili üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisinə müraciət edib.
Onu da əlavə edək ki, təxribatlarını davam etdiriblər. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 103 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Kəngərli, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
"Facebook"da canlı yayıma çıxan Ermənistanın baş naziri Nikol Paşinyan isə deyib ki, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı hərbi-siyasi vəziyyət olduqca gərgindir. Vəziyyətin gərgin olduğunu bildirən Paşinyan izləyiciləri əmin etməyə çalışıb ki, itkilərə baxmayaraq, vəziyyət nəzarətdədir. "Hərbi-siyasi vəziyyət kifayət qədər gərgindir. Təkcə atəşkəsin pozulmasını demirəm, çünki hərbi qulluqçularımızın da dediyi kimi, atəşkəs o qədər də çox pozulmur. Əvvəlki vaxtlarla müqayisədə, mən hökumətin başçısı seçiləndən bəri 3-4 belə hal olub. Amma istənilən vəziyyətdə biz hər şeyə hazır və ayıq olmalıyıq", - deyə Paşinyan bildirib.
Bu mənada Ermənistanın baş naziri 2016-cı ilin aprel döyüşlərinin təkrarlanacağından ehtiyatlandığını gizlədə bilməyib. "Təmas xəttində Azərbaycan qoşun birləşmələrinin cəmləşdiyini görürük. Bu cür təmərküzləşmə aprel döyüşlərindən əvvəl də müşahidə olunurdu. Naxçıvan istiqamətində də bəzi hərəkətlənmələr müşahidə olunur", - deyə Paşinyan vurğulayıb. Qarabağda yenidən hərbi əməliyyatların başlayacağı ilə bağlı xalqın narahatlığını aradan qaldırmaq üçün öz oğlunun Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçdiyini xatırladan Paşinyan, bir növ həm də orduda xidmətdən yayınanlara təsəlli verməyə çalışaraq, bütün erməniləri Ermənistanın maraqlarını qorumağa çağırıb. Politoloq Arzu Nağıyev bu olayın Ermənistan daxilindəki bəzi həqiqətləri ortaya çıxartdığını vurğulayıb: "Bu təxribat Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən dərhal sonra baş verdi. Məsələ ondadır ki, Paşinyan tam şəkildə hakimiyyətə nəzarət edə bilmir. Buna görə də hər bir qurum öz bildiyini edir. Bildiyiniz kimi, məlum olaydan sonra Ermənistan Müdafiə Nazirliyi Beynəlxalq Qızıl Xaç Komitəsinə müracit etdi və K.Kazaryanın dəli olması, hərbçi olmaması ilə bağlı açıqlama verdi. Lakin fakt bundan ibarətdir ki, bu şəxs Azərbaycan sərhədlərini pozan zaman saxlanılıb və təbii ki, məsələ Azərbaycan tərəfindən araşdırılacaq.
Ermənistan tərəfinin verdiyi bəyanatlardan da hiss edilir ki, qarşı tərəf status-kvonun saxlanılmasında maraqlıdır. Azərbaycan tərəfi dəfələrlə beynəlxalq qanunlara uyğun olaraq problemin həllin cəhd edib. Lakin Ermənistan tərəfindən lazımi cavab alınmır. Təmas xəttində və sərhəddə təxribatlar davam edir. Son hadisə də Qazax rayonunda, Azərbaycan və Ermənistanın sərhddində baş verib. Deməli, bu, bir dövlətin digər dövlətə qarşı təxribatıdır. Bu, bir daha göstərir ki, Paşinyan hakimiyyəti Sərkisyan hakimiyyətindən çox da uzağa getməyib və Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil".
Ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, düşmənin təxribata əl atması bizim üçün gözləniləndir, çünki Ermənistan tərəfi bundan əvvəl də dəfələrlə diversiya hücumlarına cəhd göstərib. Polkovnik qeyd edib ki, sonuncu təxribatda məqsədin nə olduğu əsir götürülən Kazaryanın dindirilməsindən sonra bilinəcək. "Cəbhə bölgəsindəki şərait nəzarət altındadır. Paşinyanın sərt çıxışlarından və oğlunu Dağlıq Qarabağa göndərilməsi ilə bağlı bəyanatından sonra cəbhə bölgəsində sakitliyin müəyyən şəkildə pozulması müşahidə olunurdu. Hətta onların Müdafiə Nazirliyinin bəzi vəzifəli şəxsləri Azərbaycanın hücumunu gözləmədən aktiv şəkildə döyüşlərə başlamaqla bizi masa arxasına oturmağa məcbur etmək kimi çıxışlar edirdilər. Bunun fonunda cəbhə bölgəsində hansısa diversiya qruplarının işləyəcəyi gözlənilən idi. Amma Azərbaycanın müdafiə naziri Zakir Həsənov, nazirliyin rəhbərliyi daim cəbhə bölgəsindədir. Hər bir istiqamətdə gücləndirmə ilə bağlı tədbirlər görülür. Yeni alınan kəşfiyyat və müşahidə avadanlıqları yerləşdirilir. Ona görə də Qazax istiqamətində baş verən diversiyanın qarşısı alınıb, onlardan biri əsir götürülüb. Hazırda cəbhə bölgəsində vəziyyət silahlı qüvvələrimizin tam nəzarəti altındadır". Ehtiyatda olan polkovnik qeyd edib ki, düşmənin yeni təxribatları gözlənilir: "Biz düşmənin növbəti təxribatlarını gözləyirik. Ordumuz istənilən təxribatın qarşısılı almağa tam hazırdır".
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bildirib ki, beynəlxalq qurumlar həmişə ermənilərin tərəfində olub: "Ermənilər bu məsələlərdə operativ çalışırlar. Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər təşkilatlardan dəstək alaraq istədiklərini həyata keçirirlər. Bilirsiniz ki, bir müddət əvvəl Azərbaycan heç bir qarşılığı olmadan ermənilərin iki əsirini geri qaytardı və biz də fikirləşdik ki, bunun qarşılığında Dilqəm və Şahbazla bağlı addım atılacaq, amma təəssüflər olsun ki, heç bir addım atılmadı. Belə görünür ki, beynəlxlaq təşkilatların gücü ancaq Azərbaycana çatır ki, bu məsələlərdə bizə təzyiq etsinlər. Mən hesab edirəm ki, bu məsələdə Azərbaycan hakimiyyəti ciddi dayanmalı, sərt mövqe tutmalıdır.
Qaydalara uyğun Azərbaycan hərəkət edərək, təxribat törətməyə çalışan erməni kəşfiyyatçının cinayət əməlllərini araşdırıb məhkəmə qarşısına çıxarmalıdır. Ermənilərin müraciətinə cavab olaraq Azərbaycan bir daha Dilqəm və Şahbazın haqsız yerə həbsdə saxlanmasını onlara xatırlatmalıdır. Başqa vaxt Qırmızı Xaç Komitəsi deyir ki, biz belə işlərə qarışmırıq və ancaq məktub aparıb-gətiririk. İndi bu məsələdə komitə canfəşanlıq etsə, onda məlum olacaq ki, ermənilər tərəfdən çıxış edirlər. Erməni tərəfi məsələylə bağlı müraciətlər edəcək və biz də öz növbəmizdə işimizi görməliyik ki, onların müraciətləri heç bir nəticə verməsin".


Əli