“Böyük güclərin geopolitik maraqları Azərbaycanın tərəfindədir” Layihə

“Böyük güclərin geopolitik maraqları Azərbaycanın tərəfindədir”

"Boltonun Paşinyanla söhbəti zamanı Qarabağ probleminin həlli ilə bağlı müzakirələr olmayıb və bu mövzuya toxunulmayıb. Bu fikri Paşinyan mətbuata deyib. Yalnız Paşinyan deyir ki, Qarabağ məsələsi müzakirə olunmayıb. Bu da onunla bağlıdır ki, həm Paşinyan, həm də Ermənistanın XİN rəhbəri ciddi təzyiq altındadır. Demək olar ki, onlara qarşı aramsız ittihamlar irəli sürülür, mətbuatda yazılar gedir".
Bu fikri Azərbaycan Prezidenti Katibliyinin keçmiş rəhbəri, prezidentin eks-köməkçisi, politoloq Eldar Namazov deyib.
Onun sözlərinə görə, ermənilər iddia edir ki, Paşinyan Qarabağ məsələsində çox ciddi güzəştlərə hazırdır və danışıqlar məhz Ermənistanın Qarabağın ətrafında işğal edilmiş ərazilərin azad olunması ilə bağlı aparılır. Hər gün də demək olar ki, Paşinyan və Ermənistan XİN rəhbəri bunu təkzib etməyə çalışır. Bu ABŞ-da Trampın ruslara salam verməyə belə qorxmasına bənzəyir: "Çünki hamı Trampı ittiham edir ki, sən rusların adamısan, agentisən. İndi də təqribən eyni vəziyyət Ermənistanda yaranıb. Paşinyan və Mnatsakanyan hər gün təkzib verir ki, danışıqlarda heç bir ciddi məsələ müzakirə olunmur, biz güzəştlərə getməyi müzakirə etmirik və s. Ona görə də Paşinyanın Boltonla telefon danışığı zamanı Qarabağ problemini müzakirə etmədikləri ilə bağlı açıqlaması hətta erməni mətbuatında da şübhə altına alınıb. Bir çox erməni mətbu orqan yazdı ki, Paşinyan bəlkə də bütöv həqiqəti bizə demir. İndi Boltonun İlham Əliyevlə söhbəti haqqında məlumat yayıldıqdan sonra mən güman edirəm ki, Ermənistanda yenə də bu məsələyə qayıdılacaq və Paşinyana hücumlar başlayacaq. Çünki Boltonun İlham Əliyevlə Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparıb, Paşinyanla aparmaması inandırıcı görünmür. Konflikt Ermənistan və Azərbaycan arasındadır. Əgər bu haqda danışıqlar aparılırsa, bu, hər iki tərəflə getməlidir. Ona görə də bu məsələni bir az açıq qoymaq lazımdır. Ola bilsin ki, Paşinyan Boltondan Qarabağ problemi ilə bağlı danışıqların gizli qalmasını xahiş edib".
Politoloq qeyd edib ki, adətən ABŞ və Rusiya bölgədə rəqabət apararaq, çalışırlar ki, qarşı tərəfin təşəbbüslərini vursun, heçə endirsin. Ancaq Qarabağ məsələsi ətrafında yaranan situasiya fərqlidir. Qarabağ məsələsi başlayandan bəri belə bir situasiyanın yaranması mənim yadıma gəlmir: "Hər kəs qeyd edir ki, təşəbbüs indi Moskvanın əlindədir. Moskvada Qarabağla bağlı çox ciddi planlar işlənməkdədir. Uzun illərdir Qarabağ məsələsində beynəlxalq hüquq normaları da, haqq-ədalət prinsipi Azərbaycanın tərəfində olsa da, Azərbaycanın işinə mane olan amil geopolitik maraqlar idi. Rusiya birmənalı hesab edirdi ki, onun Cənubi Qafqazda ən yaxın müttəfiqi Ermənistandır, Azərbaycan isə Qərblə əməkdaşlıq edir, neft müqavilələri imzalayır. Buna görə də beynəlxalq hüquq normaları da, haq-ədalət prinsipləri də kənarda qalırdı və Rusiya öz milli maraqlarını əsas götürərək, Ermənistana həm iqtisadi, həm siyasi, o cümlədən Qarabağ məsələsində tam dəstək verirdi. İndi Rusiyanın bölgədə milli maraqları baxımından çox ciddi dəyişikliklər baş verib. Rusiya Türkiyə və Azərbaycanla yaxınlaşmağa və strateji əməkdaşlıq etməyə başlayıb. Rusiya üçün həm Azərbaycan, həm də Türkiyə ilə bu münasibətləri qoruyub saxlamaq çox önəmlidir. Eyni zamanda Rusiyanın Ermənistanla münasibətlərində çox ciddi problemlər müşahidə edilir. O cümlədən də Ermənistanda hakimiyyət dəyişikliyindən sonra qərbpərəst siyasətçilərin - Putinin, Rusiyanin əleyhinə illər boyu mitinqlər keçirən, bəyanatlar verən insanların indi əsas dövlət vəzifələrinə təyin olunması prosesi baş verdi. Ona görə də təkcə beynəlxalq hüquq normaları, haqq-ədalət prinsipləri deyil, artıq Rusiyanın milli maraqları da Qarabağ məsələsində mövcud durumu dəyişməyi diktə edir. Bu dəyişiklik də erməniləri çox qorxudur. Bu dəyişiklik nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinin ya hamısı, ya da böyük bir hissəsi Azərbaycana qaytarılacaq".
Politoloqun fikrincə, ermənilər çox ümidli idilər ki, ABŞ bu məqamda onların köməyinə gələcək. Düşünürdülər ki, ABŞ Rusiyanın bölgədə artan nüfuzunun qarşısını almaq üçün bu planların əleyhinə çıxış edəcək və çalışacaq ki, Qarabağ məsələsində mərhələli plan üzrə irəliləyiş əldə edilməsin. ABŞ-a bununla bağlı birbaşa ya hakimiyyət tərəfindən, ya da müxtəlif ictimai qurumlar tərəfindən müraciətlər edilib. Bu məqamda ABŞ ya taktiki uduş əldə etmək, ya da strateji baxımdan düzgün mövqe tutmaq üçün addımlar atmalı idi. Taktiki uduş əldə etmək üçün ABŞ ermənilərin ruslarla əlaqələrini kəsməsi üçün şirnikləşdirməli, əvəzində isə Qarabağ məsələsində onlara dəstək verməli idi. ABŞ-ın strateji yolu isə Qarabağ məsələsinin öz həllini tapmasına kömək etməkdir: "Çünki Rusiya və ABŞ-ın toqquşması hələ uzun illər çəkəcək. ABŞ-ın Rusiyanı zəiflədib Cənubi Qafqazda tam hegemonluq etməsi üçün hələ onillər lazımdır. ABŞ üçün Qarabağ məsələsinin o vaxta kimi öz həllini tapması daha əlverişlidir. Çünki ABŞ regionu nəzarətə götürəndə artıq bu problemlə üzləşməyəcək. Yoxsa indidən bu problemin həllinə mane olmaq və nəticədə gələcəkdə iki daşın arasında qalmaq ABŞ-a sərf etməz. Görünür, ABŞ artıq seçimini edib və taktiki uduşlara deyil, strateji uduşlara hesablanan mövqe seçib".
Politoloq vurğulayıb ki, ermənilərə bildirir ki, Azərbaycanla konflikt həll olunmalı, torpaqlar azad olunmalıdır. Bunu Bolton da, ABŞ-ın Ermənistandakı keçmiş və yeni səfiri də deyib. Hətta ABŞ Prezidenti Donald Trampın Nikol Paşinyana göndərdiyi 4 cümləlik təbrik məktubunun 2 cümləsində Qarabağ probleminin həlli ilə bağlı tövsiyələr var idi. ABŞ üçün vacib olan bu problemin həllidir. Bu problemin hansı şərtlər daxilində həll edilməsi, kimin burada siyasi divident qazanacağı ABŞ üçün ikinci plandadır. ABŞ-ın da burada uduşu o olacaq ki, Türkiyə və Ermənistan arasında sərhədlər açılacaq, İran-Azərbaycan sərhədi tam Azərbaycanın nəzarətinə keçəcək. Bu, olduqca mühüm məqamlardır: "Çünki İranla Azərbaycanın sərhədinin bir qismi indi işğal edilmiş ərazilərə düşür və bura tam nəzarətsizdir. Yəni ABŞ indi ermənilərin kömək etməklə bağlı xahişlərinə müsbət cavab vermir. Hesab edirəm ki, biz ilk dəfədir ki, belə bir mənzərə ilə rastlaşırıq. Burada həm beynəlxalq hüquq normaları, həm haqq-ədalət prinsipi, həm də böyük güclərin geopolitik maraqları Azərbaycanın tərəfindədir. Bu, yaranmış unikal bir vəziyyətdir. Bu vəziyyətdən biz tam istifadə etməliyik. Çünki bu cür imkanlar pəncərəsi bir müddət üçün açılır. Sabah elə bir vəziyyət yetişə bilər ki, bu pəncərə bağlanar. Məsələn, Ermənistanda yenidən hakimiyyət dəyişikliyi olsa, rusiyönümlü, Putinə yaxın bir siyasətçi hakimiyyətə gəlsə, onda Rusiya təzyiqləri dərhal dayandırar və yeni hakimiyyətin formalaşmasını bəhanə gətirər, yenidən məsələni dondurmaqla bağlı ənənəvi siyasətini davam etdirər. Hələlik imkanlar pəncərəsi açıqdır və bizim üçün çox böyük şanslar yaranıb ki, biz həm Rusiyanın, həm də ABŞ-ın razılığı ilə Dağlıq Qarabağ ətrafında işğal edilmiş ərazilərin azad olunmasına nail olaq".
Belə bir mənzərənin yaranmasında əsas rollardan biri o oldu ki, Azərbaycan Ordusu Aprel döyüşlərində öz üstünlüyünü nümayiş etdirdi. Aprel döyüşlərindən sonra həm Moskvada, həm Vaşinqtonda anladılar ki, Azərbaycanın o torpaqları azad etməyə həm gücü, həm də bu gücü tətbiq etmək üçün siyasi iradəsi var: "Bu da geopolitik durumun dəyişməsində əsas amil oldu. Azərbaycan ordu quruculuğunu daha da gücləndirməlidir. Torpaqları işğaldan azad etməyə ordumuz daim hazır olmalıdır. Bunun üçün hərbi təlimlər davam etdirilməlidir. Ordumuzun güclü olması amili həm Moskvaya, həm Vaşinqtona, həm də İrəvana ən güclü təsir mexanizmidir".
WorldMedia yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 22-də İsveçrənin Davos şəhərində keçirdiyi qeyri-rəsmi görüşlə bağlı "168 hours" politoloq Hrant Məlik-Şahnazaryanın fikirlərini öyrənib: "Ümid edirəm ki, baş nazir bir gün də görüşdə "tarixi sənədlərlə tanış olduqlarını" deməyəcək. Görünür, proses əvvəlki axını ilə getmir. Nikol Paşinyan "Evronews"a açıqlamasında geosiyasətlə məşğul olmadığını da demişdi. Bizə isə deyir ki, Əliyevlə danışıqlar aparmır. Bəzən açıqlamasında bu və ya digər məsələyə qarışmadığını da söyləyir. Sual yaranır: Ermənistanın rəhbəri bu aylar ərzində öz iş otağında nə ilə məşğul olub?
Politoloq qeyd edib ki, vədlərini yerinə yetirə bilməyən Nikol Paşinyan indi, özünə haqq qazandırmaq üçün bunların əslində danışıqlar deyil, qeyri-rəsmi görüşlər olduğunu deyir. Lakin açıq-aydın görünür ki, müəyyən proses gedir. Biz artıq bu prosesin təzahürlərini görürük.
Məsələn, Ermənistanın İctimai Televiziyası artıq təbliğata başlayıb. Onlar deyir ki, xalqları sülhə hazırlamaq lazımdır. Azərbaycanlılarla sülh şəraitində yaşamağın üstünlüklərini belə, göstərməyə çalışırlar. Bu, məni qətiyyən təəccübləndirmir: "Heç nə aydın deyil. "Madrid prinsipləri" gündəmdədir, ya yox? İctimaiyyətə heç bir məlumat verilmir. Əvvəllər iki ölkə başçısı görüşərkən ATƏT-in Minsk qrupunun həmsədrləri onların hansı prinsiplər ətrafında müzakirə apardıqlarını, danışıqların kökündə nəyin durduğunu ictimaiyyətə açıqlayardı. İndi, bu haqda heç nə deyilmir.
Mən yalnız onu deyə bilərəm ki, hazırda proses çox qapalı gedir. Hətta deyərdim ki, bu, bir neçə müstəvidə baş verir – həm xarici işlər nazirləri, ATƏT-in Minsk qrupunun həmsədrləri səviyyəsində, həm də Ermənistan baş nazirilə Azərbaycan prezidentinin qeyri-rəsmi görüşləri formatında. Belə təsəvvür yaranır ki, Nikol Paşinyan xarici həmkarlarına da fərqli fikirlər söyləyir. O ruslara da vəd verir, amerikalılara da. Bütün bunların nə ilə nəticələnəcəyini söyləmək çox çətindir".
Onun fikrincə, danışıqlar prosesində Ermənistanın mövqeyi nəinki zəifləyir, inqilabdan sonra o, bir sıra parametrlərdə mövqeyini ümumiyyətlə itirir. Bu gün əvvəlki üstünlüklər yoxdur. Hər halda, ara-sıra verilən bəyanatlardan, görüşlərlə bağlı açıqlamalardan biz bunu görürük.

Cavid