İrəvan Səfəvi dövlətinin dövründə Layihə

İrəvan Səfəvi dövlətinin dövründə

3-cü yazı

Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında tarixi sənədlər əsasında bir çox faktlar verilib. Adıçəkilən kitabda İrəvan xanlığının və onun ətraf əyalətlərinin tarixən azərbaycanlılara məxsus olması təkzibolunmaz faktlar əsasında şərh olunur. Kitabda bildirilir ki,“ hicri-qəməri tarixi ilə 1038-ci ildə I Şah Abbas vəfat etdi. Həmin ilin cəmadiüssani ayında onun nəvəsi Əbu Nəsir Sam Mirzə I Şah Səfi adı ilə İsfahanda hakimiyyətə gəldi. O, hicri-qəməri tarixi ilə 1041-ci ildə İrəvanda hakimlik, Çuxursəddə bəylərbəyilik edən Təhmasibqulu xana Azərbaycana basqın edənləri cəzalandırmağı əmr etdi. Təmasibqulu xan da basqınçıları darmadığın edərək, onları Diyarbəkrə qədər qovub, qələbəylə geri qayıtdı.
Osmanlı sultanı IV Murad Şah Abbasın ölümündən sonra Səfəvilər dövlətinin daxilində baş verən qarşıdurmalardan istifadə etmək qərarına gəldi. O, Bağdadı, Azərbaycanı işğal etməklə Şah Abbas dövründəki məğlubiyyətlərin əvəzini çıxmaq istədi. Osmanlılar Səfəvi dövlətinə qarşı hücuma başlasalar da, onların qarşısı alındı. Belə olan halda, Sultan Murad şəxsən özü orduya rəhbərlik etmək qərarına gəldi. O, hicri-qəməri tarixi ilə 1045-ci ildə İrəvana hücum etdi. Şəhər Əmirgunə xanın oğlu Təhmasibqulu xan tərəfindən Osmanlılara təslim edildi. Bu hadisəyə Osmanlı tarixçiləri müfəssəl şəkildə toxunublar. Onlar yazırlar ki, IV Sultan Murad Əmirgunənin oğlunun bu addımından sonra ona xüsusi diqqət yetirdi. O, Boğaz adlı məhəlləyə köçdü və həmin məhəllə bu gün də Əmirgunənin oğlunun adı ilə “Əmirqan” adlanır. Osmanlılar İrəvanı tutduqdan sonra Təbrizə doğru hərəkət etdilər. Lakin Sultan Murad Təbrizi işğal edə bilmədi, ətraf kəndlərdə və qəsəbələrdə dağıntılar törətdikdən sonra İstanbula qayıtdı.
Şah Səfi İrəvanı azad etmək qərarına gəldi. O, şəhəri mühasirəyə almaq üçün İsfahandan toplar gətirmək barədə göstəriş veridi. Həmin günlərdə Xoyda "Baliməz" və ya "Yoldaş" adlanan çox böyük bir top da var idi. Baş komandan Rüstəm xanın qardaşı Lor hakimi Kəlbəli xan və Əliqulu xan Yasavulla birgə həmin topu götürmək üçün Xoya yollandı. Onlar topu götürüb şah ordusuna yetişdilər... İrəvan uğrunda bu döyüşlərdə Osmanlı ordusu 22 min nəfər canlı qüvvə itkisi verdi. Şəhər yenidən Səfəvilərin ixtiyarına keçdi.
İrəvan qalasının fəthi ilə bağlı Şah Səfi Xəlil bəy Zaxoriyə və Səftər xana müraciətlə iki fərman imzalamışdır. Onların hər ikisi "İranın Qafqazla əlaqələri haqqında sənədlər" kitabında çap olunmuşdur. Hicri-qəməri tarixi ilə 1045-ci ilin zilqəddə ayında imzalanmış birinci fərmanda deyilir: "Rum hökmdarı Firənglə sülh bağlayan kimi ordusunu götürüb İrəvan qalasını ələ keçirməyə gəldi. Şəhərin hakimi Təhmasibqulu xan Qacar üzüqaralıq edərək... qalanı onlara təslim etdi. Rum hökmdarı da kürəkəni və vəziri Murtəza paşanın, o cümlədən digər mötəbər paşa və əmirlərin rəhbərliyi altında orada 12 min döyüşçü saxlayıb özü geri qayıtdı. O, qalada xeyli hərbi sursat, top və odlu silah da saxladı. Bizim hökmdarımız bu xəbəri eşidib, yenidən qalanın azad edilməsini əmr etdi. O, qazilərə qalanı mühasirəyə almaq, onu top atəşlərinə tutmaq haqqında göstəriş verdi. Qısa müddətdə toplar ön cəbhəyə gətirildi, mərmi zərbələri ilə Şirhacı hasarının divarı altındakı taxta döşəmələr dağıdıldı. Şəvval ayının 17- də əsgərlər yürüşə başladı, səhərdən-axşama qədər davam edən döyüşdə Murtəza paşa və digər bir neçə paşa qətlə yetirildi. Rum əsgərlərinin çoxu həlak oldu, qalanları isə əsir alındılar. Murtəza paşanın qətlə yetirilməsi xəbəri (artıq döyüşün üçüncü günü idi) hələ digər döyüşçülərə çatmadığından, onlar qalabəyinin əmri ilə daha böyük cəsarət və əzmlə döyüşürdülər. Bu zaman bizim imanlı qazilər qalanın ətəyindəki divara yaxınlaşıb, orada möhkəmləndilər. Bir qədər keçəndən sonra onlar yenidən yürüşə başladı və çətinliklə də olsa qala qapılarını aça bildilər. Bundan sonra sayı, təxminən, beş min nəfər olan paşa və mühafizəçilər qibleyi-aləmə pənah gətirib, ondan aman istədilər. Naibi-humayinimiz cənnəti-məkan ata-babasının cəddinə dua-səna edərək həmin insanların malına və canına aman verdi. Torpaqların azad edilməsində və dövlətin qorunmasında xidmətləri olan şəxslərə şaha layiq diqqət göstərilməli, onlar mükafatlandırılmalı, ehtiyacları və xahişləri yerinə yetirilməlidir".
“Şah Səfi tərəfindən Əmirgunə ləqəbi almış Təhmasibqulu Mirzə IV Sultan Muradın qoşunlarına bir müddət müqavimət göstərdi, ancaq sonda İrəvanı ona təslim etdi. Bu satqınlıq müqabilində ona Yusif paşa ləqəbi verildi. Nəticədə o, Hələbin hakimi və vəzir oldu. İrəvanda əsir götürülən Təhmasibqulu tezliklə sultanın qəlbinə yol tapıb, onun ən yaxın dostuna və munisinə çevrildi. O, sultanın bütün əyləncə məclislərində iştirak edir, daim onunla bir yerdə olurdu. Ancaq IV Sultan Murad öldükdən sonra onun yerinə gələn sultan İbrahim Səfəvi dövlətinə dost münasibəti ilə tanınırdı. O, hakimiyyətə gələn kimi Təhmasibqulu xanı Səfəvi dövlətinin Osmanlıdakı səfirinə təhvil verdi və səfir də onu Səfəvi hökmdarının əmri ilə İstanbul şəhərində edam etdirdi.
Hicri-qəməri tarixi ilə 1045-ci ildə İrəvan yenidən Səfəvi dövlətinin ixtiyarına keçdi. Səfəvilərin nüfuzlu şəxslərindən biri ora hakim təyin olundu. Bununla da Çuxursəddə Əmirgunə xanın irsi hakimiyyətinə son qoyuldu və bundan sonra Çuxursədə hakimlər Səfəvi dövləti tərəfindən göndərildi”.
A.Bakıxanovun yazdığına görə, Şah Səfinin yanına girov kimi göndərilən kumık əmiri Surxay Mirzənin qardaşı Əlqas Mirzəyə Səfiqulu xan ləqəbi verilib və o, əmirlər sırasına daxil olduqdan sonra bir müddət İrəvanda və Şirvanda hakimlik edib.
Faruq Sümer də yazır: "Şah Səfi zamanında Ağcaqala və Lorinin valisi olan İsa xan Sultan hicri-qəməri tarixi ilə 1066-cı ildə (miladi tarixi ilə 1656-cı ildə) Çuxursəddə də hakimlik etmişdir".
Şah Səfinin ölümündən sonra onun oğlu II Şah Abbas hakimiyyətə gəldi. O, hicri-qəməri tarixi ilə 1052-ci ildə taxta çıxdı. Onun hakimiyyəti hicri-qəməri tarixi ilə 1077-ci ilə qədər davam etmişdir. Bu illərdə Osmanlı imperiyası Avropa dövlətləri ilə siyasi və hərbi konfliktlər yaşadığından, Azərbaycana və o cümlədən İrəvana hücumlar olmamışdı. Lakin II Şah Abbasın hakimiyyəti dövründə daxili vəziyyət qeyri-stabil olmuş və hakimlər tez-tez dəyişdirilmişdir. Çuxursəd bəylərbəyi Məhəmmədqulu xan da bu dövrdə tutduğu vəzifədən azad olunmuşdu.
Hicri-qəməri tarixi ilə 1077-ci ilin rəbiüləvvəl ayında II Şah Abbas vəfat etdi və onun oğlu Səfi Mirzə əvvəlcə II Səfi adı ilə taxta çıxdı, lakin çox tezliklə o, Şah Süleyman kimi tanındı. Onun hakimiyyəti dövründə də İrəvan qonşuları tərəfindən təcavüzə məruz qaldı. "Lakin hicri-qəməri tarixi ilə 1089-cu ildə (miladi tarixi ilə 1679-cu ilin iyun ayının 4-də) İrəvanda güclü zəlzələ baş verdi və şəhər yerlə-yeksan oldu. Bundan sonra qala yenidən bərpa olundu və daha da genişləndirildi".
Bu zəlzələdən öncə İrəvanda olmuş məşhur fransız səyyahı J.Şardən öz "Səfərnamə"sində bu torpaqlar haqqında ətraflı söhbət açmışdır. O, yazır: "İrəvan böyük şəhərdir, çoxlu bağları olsa da, çirklidir. Burada böyük binalar yoxdur. Ətrafı dağlıqdır. İki çayı var: Biri Zəngi adlanan böyük çay, ikincisi kiçik Qırxbulaq çayıdır. Zəngi çayı şəhərin kənarından axır, Qırxbulaq isə şəhərin içindən keçir. Şəhər kənarında yerləşən İrəvan qalası da şəhər hesab olunur. Qalanın əhalisi müsəlmanlardan ibarətdir, amma burada ermənilərin də dükanları var. Onlar gündüz dükana gəlib, alver edir, gecə isə şəhərə qayıdırlar. Qalanı iki min silahlı mühafizə edir. Bir neçə top daim döyüşə hazır vəziyyətdə saxlanılır. İrəvan hakiminin evi qalada Zəngi çayının axar-baxarlı yerindədir.
Burada bir “Narınc” qala da vardır. Orada da böyük toplar qoyulub... İrəvanda ətrafına ağaclar əkilmiş dördguşəli böyük bir meydan vardır. Həmin meydanda cıdır yarışları keçirilir... Əyalətdə əkinçilik inkişaf edib, burada hər cür ağac və bitki əkilir. İrəvanın ətrafından axan çayda çoxlu balıq olur, ən çox isə forel ovlanır".
Şah Süleymanın yeddi oğlu var idi. Böyüyü Hüseyn Mirzə idi. Şahın ölümündən sonra (hicri-qəməri tarixi ilə 1006-cı ildə) əmirlər onu hakimiyyətə gətirdilər. Saray əyanları onun qorxaq və cəsarətsiz olmasından istifadə edib hakimiyyəti ələ almaq istəyirdilər. Hüseyn Mirzənin dövründə Səfəvilər sülaləsinin ömür kitabı qapandı və hicri-qəməri tarixi ilə 1135-ci ildə əfqanlar İsfahanı işğal etdilər.
Əvvəlcə Mahmud Əfqan hakimiyyətə gəldi. Mülayim xarakterə malik olan bu adam bir sıra hadisələr nəticəsində son dərəcə dəyişdi. O, təsəvvürəgəlməz dərəcədə vəhşi cəza üsulları tətbiq etməyə başladı. İş o yerə gəlib çatdı ki, vəziyyətdən çıxmaq üçün əfqan ağsaqqalları çarə axtarmalı oldular. Onlar Mahmudun öz göstərişi ilə zindana atılmış əmisi oğlu Əşrəfi həbsdən azad edib, onun yerinə taxta oturtmaq qərarına gəldilər. Beləliklə, Əşrəf Əbdüləziz oğlu hicri-qəməri tarixi ilə 1137-ci ilin şaban ayında (miladi tarixi ilə 1725-ci ilin aprelində) İsfəhanda taxta çıxdı və onun adına sikkə kəsildi. Bununla da qısa zamanda hakimiyyət uğrunda mübarizə başa çatdı. Əşrəf sultan qəsrinə sahib olan kimi Mahmud qətlə yetirildi.
Hicri-qəməri tarixi ilə 1139-cu ildə (miladi tarixi ilə 1726-cı ildə) Osmanlı ordusu ilə Əşrəfin qoşunları arasında döyüş baş verdi. Əşrəf məğlub olduğunu görüb, qarşı tərəfə sülh təklif etdi. Həmin müqavilənin şərtlərinə görə, Səfəvi dövlətinin əksər şəhərləri, o cümlədən İrəvan Osmanlılara təhvil verilirdi.
Məhəmməd Kazım Mərvi bununla bağlı yazır: "Mahmud Əfqan İsfahanda hakimiyyətə gələn kimi Rum hökmdarı Sultan Əhməd paşalara göstəriş verdi ki, İrəvan və Gürcüstandan Təbrizə, Bağdad ətrafından Həmədana qədər bütün əraziləri işğal edib, hər şəhərə hakim və amil təyin etsinlər. Növbəti ildən isə bu şəhərlərin gəlir və məhsulları hesablansın".

Elçin Qaliboğlu