İnternet media və sosial şəbəkələrdə təhlükəsizlik problemi Layihə

İnternet media və sosial şəbəkələrdə təhlükəsizlik problemi

Azərbaycan Respublikasının milli təhlükəsizliyi əhəmiyyətli dərəcədə informasiya təhlükəsizliyinin təmin edilməsindən asılıdır

İnternet media və sosial şəbəkələrlə bağlı problemlər aktual olaraq qalır və bunun çözümü üçün müxtəlif səviyyələrdə müzakirələr aparılır. Ümumiyyətlə İnternet media və sosial şəbəkələrlə bağlı problemlər necə tənzimlənməlidir? İctimai qınaq, yoxsa hüquqi məhdudiyyətlərlə?
"İnformasiyalı Cəmiyyət Uğrunda" İctimai Birliyin sədri, hüquqşunas Mehman Muradlının qənaətinə görə, cəmiyyətin inkişafının müasir mərhələsi özlüyündə informasiyanı, informasiya infrastrukturlarını, informasiyanın toplanmasını, formalaşmasını, yayılmasını və istifadə edilməsini həyata keçirən informasiya subyektlərinin məcmusunu, eləcə də bu zaman əmələ gələn ictimai münasibətlərin tənzimləmə sistemlərini əks etdirən informasiya sahəsinin artan rolu ilə xarakterizə edilir. Azərbaycan Respublikasının milli təhlükəsizliyi əhəmiyyətli dərəcədə informasiya təhlükəsizliyinin təmin edilməsindən asılıdır və texniki tərəqqinin yüksəlməsi ilə bu asılılıq da artacaq. Günü-gündən artan informasiya resursları bəzən idarəedilməz səviyyəyə gəlib çatır və müharibə şəraitində olan ölkəni ciddi zərbə altında qoyur.
Xatırladaq ki, avqust ayının sonunda Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirilib. Həmin müşavirədə akademik Ramiz Mehdiyev bildirib ki, avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi KİV-lərin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirib...".
O, həmçinin əlavə edib ki, bununla bağlı dövlət siyasi iradə ortaya qoymaqla öz xəbərdarlığını etməli idi və etdi: "Qalıb cəmiyyət tərəfindən bu cür informasiya resuslarını ictimai qınaq obyektinə çevrilməsi. İnformasiya sahəsində cəmiyyətin maraqları şəxsin bu sahədəki maraqlarının təmin edilməsi, hüquqi sosial dövlətin yaradılması, ictimai barışığın əldə edilməsi və dəstəklənməsi, Azərbaycanın mənəvi yenilənməsindən ibarətdir. Nəzər salsaq görərik ki, çox az informasiya resursları bu tələbə cavab verir... Beynəlxalq praktikada İnformasiya Kommunikasiya Texnologiyalarından və onun verdiyi imkanlardan istifadə dövlət nəzarətini labüd edir. Bu sahədə milli qanunvericilikdə olan boşluqlar qeyd etdiyimiz fəsadları ortaya çıxartmağa şərait yaradır".
Ekspertlər hesab edirlər ki, əgər söhbət müharibə, cəbhədə baş verənlər və dövlət sirrlərindən gedirsə, bu məsələdə sərt addımlar atılmalıdır. Bakupost.az saytının redaktoru Yaqut Məmmədova internet media və sosial şəbəkələrlə bağlı problemlərdən danışarkən əsas məsələləri aydınlaşdırmaq lazım gəldiyini düşünür: "İctimai qınaq insanlarin tərbiyələnməsinə yönələn bir vasitədir. Bu cür informasiyalarin yayılmasına rəvac verənlərlər ictimai qinaqla mubarizə aparmaq olmaz. Bunun üçün hər hansı tənzimləyici qanunvericilik olmalıdır. Azərbaycanın dövlət sirrlərinin yayılmasına və təxribat xarakterli yalan informasiyaların verilməsinə yol vermək olmaz. Hamı yaxşı bilir ki, indi əsas müharibə informasiya müharibəsidir. Media elə bir silahdır ki, onun zərbəsi istənilən məsələdə ölümcül ola bilər".
"Gündəlik Teleqraf" qəzetinin redaktoru Aqil Lətifov dedi ki, sözün həqiqi mənasında internet media və sosial şəbəkələrlə bağlı ciddi çatışmazlıqlar var: "Bunun əsas səbəblərindən biri bu sahənin nəzarətsiz olmasıdır. Məhz bu məqam qeyri-peşəkarların sözügedən sahəyə yönəlməsinin önünü açır. Hesab edirəm ki, bunun üçün xüsusi nəzarət mexanizmi olmalıdır. Yəni bu, sadəcə ictimai qınaqla, yaxud da şəxsi keyfiyyətlərlə düzələcək məsələ deyil. Sosial şəbəkələrdə müxtəlif əxlaqlı insanların olması onlar özlərinin düşüncə tərzinə, mədəniyyətinə uyğun statuslar paylaşması deməkdir. Bunun da qarşısını almaq bir qədər çətindir. Lakin bundan fərqli olaraq internet mediasına nəzarət etmək olar və bu çox vacib bir məslədir".
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz isə bildirib ki, internet medianın inkişafı, ona dövlət dəstəyi, sosial medianın vəziyyəti və. s bu kimi maraqlı məsələlərə ətrafında müzakirələr aparılıb: "Həqiqətən də hazırda Azərbaycan İnternetində ən dinamik inkişaf edən sahələrdən biri də on-line media, xüsusilə də sosial mediadır. Sosial media artıq ölkədə nəinki maraq dairəsinə uyğun olaraq informasiyanın paylanması funksiyasını yerinə yetirir, həm də ictimai rəyi formalaşdırır, informasiya əldə edilməsi və çatdırılmasında kifayət qədər ciddi rol oynamağa başlayıb. İnsanlar, ayrı-ayrı dövlət və özəl qurumlar ən müxtəlif məqsədlər üçün sosial mediadan istifadə etməyə başlayıblar. Bununla belə, bizdə də sosial media sahəsində problemlər var, o cümlədən saxta Fasebook səhifələri problemi mövcuddur. Kimisi özünün maraqlarını, hobbisini paylaşmaq istəyir. Bu yolla, o, gizli şəkildə özünün real olan digər həyatını göstərmək istəyir. Həmin şəxs düşünür ki, əgər bunları öz adı ilə etmiş olsaydı, ətrafı tərəfindən yaxşı qarşılanmazdı. Kimlərsə də özlərinin ictimai-sosial statusundan ehtiyatlanaraq saxta ad altında Fasebook səhifəsi açırlar. Biznes məqsədilə açılan milyonlarla saxta səhifələr var. Hansı ki, onlar saxta "like" toplamağa xidmət edir.
Amerikada rəyi soruşulan xeyli sayda polis rəsmiləri bildiriblər ki, sosial media cinayətkarı tutmaq üçün ən yaxşı vasitələrdən biridir. Polislər saxta Facebook səhifəsi yaratmaqla cinayətkarın dostlar siyahısına daxil olmağa və zəruri məlumatlar toplamağa çalışırdılar. Elə insanlar və ya qurumlar da var ki, onlar saxta səhifələri öncədən tanıdığı başqa birisinin və ya başqa qurumun adından açır və onun adı altında fəaliyyətə başlayır. Ən təhlükəlisi də məhz bundan ibarətdir". O, əlavə edib ki, profilaktik tədbirlər həmişə fayda verir: "Əslində, baş verənlər mahiyyətcə kiberqanunsuzluq, kibercinayət olduğundan, problemin tam və asan formada həlli qaydası sadəcə yoxdur. Sosial şəbəkələr müxtəlif dövlətlərə məxsusdur və onların da qanunvericiliyi müxtəlifdir. Təsəvvür edin ki, sosial şəbəkə bir dövlətin qanunlarına uyğun fəaliyyət göstərir, amma eyni zamanda, o, həm də bütün dünyada fəaliyyət göstərir. Təbii ki bütün bunlar problemlər yaradır. Bəzən müşahidə edirik ki, sosial medianın sahibləri hansısa qanunsuz informasiyanın qarşısının alınmasında, terrorçuluq və ekstremizmlə bağlı informasiyaların silinməsində müxtəlif ölkələrdən daxil olan müraciətlərə müxtəlif cür yanaşırlar. Belə demək mümkünsə, burada bəzən ikili standartlar olur. Amma müsbət təcrübələr də var, onlardan faydalanmaq lazımdır. Qeyd etdim ki, artıq bəzi ölkələrdə saxta səhifələrlə bağlı məhkəmə qərarları var. Fikrimcə, bizdə ilk növbədə bu istiqamətdə maarifləndirici işlərin aparılması, bunun fəsadları, qayda və qanun pozuntusu olması, bəzi hallarda isə ciddi məsuliyyət yaratması haqqında məlumatlar verilməlidir. Saxta profil açmaq həvəsinə düşənlər anlamalıdırlar ki , bununla onlar müəyyən məsuliyyət yaradırlar. Fikrimcə, ilk növbədə vətəndaş cəmiyyəti qurumları və dövlət orqanları bunu birgə edə bilərlər. Hələlik, bizdə bu istiqamətdə ciddi problemlər var, kibercinayətlərlə, kibercinayətin yaratdığı məsuliyyətlə bağlı yetərli məlumat yoxdur. Bəzi istifadəçilər elə düşünürlər ki, virtual şəbəkə tam sərbəstdir, nə istəsə edə bilər, başqasının profilini sındıra, saxta esablar yarada bilər və s. Əslində isə bütün bunlar qanun pozuntusudur, kibercinayətdir.
Yeni yaradılan Elektron Təlükəsizlik Mərkəzi bu istiqamətdə xeyli işlər görə bilər. Son dövrlərdə bu qurum tərəfindən təhlükəsizliklə bağlı müəyyən tövsiyələr verilsə də, əslində, məhz danışdığımız mövzu ilə bağlı cəmiyyətin bu mərkəzdən gözləntiləri çoxdur və hələlik bunlar reallaşmayıb. Fikrimcə yaratdığı fəsadlar, təhlükəlilik dərəcəsindən asılı olaraq, yerli qanunvericilikdə inzibati və daha ağır formalarda məsuliyyəti də nəzərdə tutula bilər. Bir daha qeyd edirəm ki, bütün bunlar bizim qanunvericilikdə var və bu real dünyada baş verənlərlə bağlıdır. Ümumiyyətlə, istər real dünyada, istərsə də virtual dünyada edilən qanunsuz hərəkətlər, dərəcəsindən asılı olaraq, eyni məsuliyyət, inzibati və ya cinayət məsuliyyəti yaradır.
İnternetin KİV olaraq qəbul edilməsini nəzərə alaraq, deyə bilərik ki, burada da qeyri-qanuni hərəkətlər, müxtəlif adlar altında cəmiyyətdə çaşqınlıq yaratmaq, qanunsuz informasiyalar yaymaq məsuliyyət doğurur. Həmçinin, artıq bir müddətdir bizim qanunvericilikdə internetdə təhqir və böhtana görə də cinayət məsuliyyəti nəzərdə tutulub.
Bizdə İnternet kifayət qədər azaddır, sosial şəbəkələrdə məhdudiyyətlər yoxdur. Düşünmürəm ki, bizim ölkəmiz bu və ya digər problemlərlə bağlı bəzi başqa ölkələrdə olduğu kimi, sosial medianı ölkə daxilində qadağan etmək səviyyəsinə gəlib çata. Əksinə, hazırda bizdə İnternetə ciddi dövlət dəstəyi var və milyonlarla vəsait Azərbaycan İnternetinin inkişafı yönəldilib. Müharibə şəraitində olan bir ölkə olaraq, bizə qlobal resurslardan, qlobal şəbəkələrdən daha effektiv və səmərəli istifadə etmək lazımdır. Aidiyyəti qurumlar qlobal sosial media şirkətləri ilə qarşılıqlı əlaqələrin qurulmasına xüsusi diqqət yetirməlidirlər".

Əli