QHT-lər ermənilərin xarici jurnalistlərə təhdidini pisləyib Layihə

QHT-lər ermənilərin xarici jurnalistlərə təhdidini pisləyib

Füzuli Kərimov: “Düşmən ölkə bütün vasitələrə əl ataraq, öz yalanlarını bütün dünyaya qəbul etdirməyə çalışırlar”

İşğalçı Ermənistan informasiya müharibəsində də Azərbaycana məğlub olub. Bu məğlubiyyəti ört-basdır etməkdən ötrü ermənilər təhdid və təhqirlərə əl atmaq məcburiyyətində qalırlar. Sirr deyil ki, ermənilərin xaricdə fəaliyyət göstərən diaspor təşkilatları bu sahədə daha fəallıq nümayiş etdirirlər. Xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları nüfuz etdikləri mediaya Azərbaycana ləkə yaxmaq sifarişini verir. Döyüş meydanında olduğu kimi, diplomatik və informasiya cəbhəsində də uduzduğunu görən erməni diasporu hətta Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında material hazırlayan xarici kütləvi informasiya vasitələrinin nümayəndələrini hədəfə almaqdan çəkinmir. Fransanın “TF1” kanalı, ABŞ-ın “New York Times” və digər nüfuzlu beynəlxalq mətbuat orqanlarının nümayəndələrinə qarşı erməni diasporunun sərgilədiyi və qərəzli mövqe dediklərimizin bariz nümunəsidir.
Xatırladaq ki, bir müddət əvvəl Fransanın TF1 televiziya kanalının əməkdaşları Azərbaycana gələrək, cəbhə bölgəsindən reportaj hazırlamışdı. Obyektiv məlumatların əks olunduğu reportaj efirdə gedən kimi sosial şəbəkələrdə kanalın rəhbərliyinə təhdidlər yağdı. Ermənilər hətta redaksiyaya məktublar ünvanlayaraq rəhbər şəxsləri ASALA ilə hədələdilər. Yeri gəlmişkən, ölüm hədələrindən, təhqirlərdən sonra TF1 məlum reportajı öz “YouTube” səhifəsindən götürməyə məcbur qaldı.

Bu hadisədən çox keçməmiş başqa bir fransız mətbu orqanı olan Şarl Ebdo jurnalına qarşı təzyiqlər oldu. Fransa hökuməti anormal bir karikatura ilə gündəmə gələn Şarl Ebdonun bu addımını demokratik azadlıqların, azad medianın nümunəsi kimi qiymətləndirib jurnalın arxasında dursa da, TF1-lə bağlı susqunluq göstərdi. Təbii ki, bu iki hadisənin nümunəsində müstəqil mediaya təzyiq məsələsinə selektiv yanaşma yolverilməzdir.

Ermənilərin mediaya hücumları ilə bağlı “New York Times” nümunəsini də göstərmək olar. Sözügedən mətbu orqanı Bərdədəki məlum olaylarla bağlı yazının dərcindən sonra ermənilərin təzyiqi ilə üz-üzə qaldı. Erməni lobbisi hətta “New York Times”ın redaksiyasının önündə etiraz aksiyası da təşkil etmişdi.
Azərbaycan Ordusunun son bir ayda işğalçı erməni hərbi birləşmələri üzərində ardıcıl qələbələrinə dəstək vətəndas cəmiyyəti institutlarından da gəlib. Eləcə də işğalçıların beynəlxalq aləmdə Azərbaycana qarşı apardığı təbliğat QHT-lər tərəfindən də qınanılıb və bu istiqamətdə geniş iş aparılıb.
Belə ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları erməni lobbisinin Ermənistanın Azərbaycana hərbi təcavüzünü obyektiv işıqlandıran beynəlxalq media qurumlarına və jurnalistlərə təzyiq göstərməsi ilə bağlı Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinə, Beynəlxalq Mətbuat İnstitutuna, Jurnalistləri Müdafiə Komitəsinə, Sərhədsiz Reportyorlar Təşkilatına, Beynəlxalq Jurnalistlər Federasiyasına, Avropa Jurnalistlər Federasiyasına, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutuna, Beynəlxalq Media Dəstəyi Təşkilatına və “Article 19” Təşkilatına müraciət ünvanlayıblar.
Müraciətdə deyilir ki, 27 sentyabr-31 oktyabr 2020-ci il tarixlərində Azərbaycanın döyüş zonasından uzaqda yerləşən şəhər və rayonlarına Ermənistanın etdiyi ballistik və qadağan olunmuş kasetli raket hücumları nəticəsində 91 mülki vətəndaş öldürülüb, 404 şəxs isə yaralanıb. Ermənistanın törətdiyi belə hərbi cinayətləri dünya mətbuatı geniş işıqlandırılıb.
Lakin erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri işıqlandıran, obyektiv məlumat yayan, hətta neytral mövqe nümayiş etdirən, Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən media orqanlarını, jurnalistləri, ictimai fəalları hədəfə götürür, onlara ciddi təzyiqlər göstərirlər. Erməni lobbisi azad sözü basqı altında saxlamağa çalışaraq münaqişə ilə bağlı obyektiv və neytral mövqe göstərən jurnalistləri ölümlə hədələyir, təhdid və təhqir edir.
Belə nümunələrdən biri Fransanın TF1 kanalının əməkdaşı xanım Liseron Budulun hazırladığı reportajla bağlıdır. Belə ki, xanım Budul Azərbaycana səfər edərək Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrində Ermənistanın mülki əhalimizi artilleriya və raket atəşinə tutmasının şahidi olmuş və bu haqda obyektiv reportaj hazırlamışdır.
Reportaj yayımlandıqdan sonra Fransadakı erməni lobbisinin üzvləri xanım Liseron Budula və TF1 kanalına qarşı total hücum və təzyiqlər etmiş və jurnalisti ölümlə hədələmişlər. Nəticədə TF1 həmin reportajın yayımını dayandırmaq və onu sistemdən silmək məcburiyyətində qalmışdır.
“New York Times” qəzetinin İstanbuldakı müxbiri Karlotta Qallın də ermənilərin eyni şəkildə mənəvi və siyasi terroruna məruz qalmışdır. Belə ki, qəzetin redaksiyası və jurnalist Ermənistanın Azərbaycanın dinc əhalisini ballistik raketlə qətlə yetirməsini işıqlandırdığına görə ermənilərin ciddi təzyiqi və təhdidi ilə üzləşmişdir.
Fransanın “Şarl Ebdo” jurnalında dünyanın üç səmavi dinindən birinin peyğəmbərinin karikaturasına söz azadlığı kimi yanaşılması siyasəti fonunda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı balanslı reportaja erməni lobbisinin açıq təhdidlərinin artması və buna adekvat reaksiyanın verilməməsi bizdə dərin təəssüf və təəccüb hissi doğurur.
Erməni lobbisinin azad sözə, ifadə azadlığına, jurnalistikanın obyektivlik, tərəfsizlik və qərəzsizlik prinsiplərinə qarşı açıq müharibə elan etməsi bizdə böyük narahatlıq yaradıb.
“Hesab edirik ki, erməni lobbisinin bütün dünyada müstəqil medianı susdurmaq cəhdləri, ilk növbədə, beynəlxalq media institutları kimi sizi narahat etməli və bu qanunsuzluğa açıq etirazınızı bildirməlisiniz.
Azərbaycanın jurnalist və media hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərən QHT-lər olaraq sizdən baş verən bu kimi hadisələrə etiraz etməyə və erməni lobbisinin azad sözü susdurmaq cəhdinin qarşısını almağa çağırırıq”, - deyə müraciətdə qeyd edilir.
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov “Xalq Cəbhəsi”nə bildirib ki, ermənilər həmişə destruktiv mövqedən çıxış ediblər: “Onlar nəinki azərbaycanlılara, hətta azərbaycanlıların haqq işini müdafiə edən digər şəxslərə də qənim kəsilirlər. Son günlərdə Azərbaycanın həm diplomatik, həm döyüş meydanında, həm də informasiya müharibəsində Ermənistanı üstələməsi, məğlub etməsini ermənilər həzm edə bilmədiklərindən belə iyrənc üsullara əl atırlar. Bu gün Azərbaycanın haqlı mübarizəsini obyektiv işıqlandıran xarici mediya nümayəndələrini hədəfə almaq, onları hətta ölümlə hədələməklə ermənilər öz mənfur, faşist xislətini üzə çıxarırlar”.
QHT sədri qeyd edib ki, erməni diasporu ümumiyyətlə, son dövrlərdə bütün dünyada müstəqil medianı susdurmağa cəhdlər edir, təhdidlər göstərir. Son bir ayda bir çox əcnəbi jurnalist və ictimaiyyət nümayəndələri ilə yanaşı, siyasətçilər, deputatlar da hücumlara məruz qalırlar. Onlar bütün vasitələrə əl ataraq, öz yalanlarını bütün dünyaya qəbul etdirməyə çalışırlar. Bununla bir daha faşist, terrorçu xislətlərindən əl çəkmədiklərini nümayiş etdirirlər: “Yenə də söz və fikir azadlığı carçıları ermənilərin bu hərəkətlərinə göz yumurlar, öz etirazlarını bildirmirlər. Ermənilər tərəfindən hədələnən medianın mənsub olduğu ölkə rəsmiləri belə səsini çıxarmayıblar. Məsələn, "TF1" telekanalının əməkdaşının ölümlə hədələnməsi faktına Fransa hakimiyyəti susdu. Bu, bir daha Fransanın işğalçı Ermənistanın şıltaqlığına göz yumması deməkdir. Necə ki, onun Azərbaycanın torpaqlarının işağlına göz yumub, media nümayəndəsinin də hədələməsinə göz yumur. Bu mövqe də Fransada media, insan azadlığına laqeyd yanaşmanı ortaya qoyur”.
F.Kərimov onu da vurğulayıb ki, Ermənistan dövlətinin özündə heç vaxt azad media, azad mətbut olmayıb. Bu ölkədə daim vətəndaşların fundamental insan hüquqları ilə yanaşı, söz, mətbuat və ifadə azadlığının pozulması halları baş verib. İndi də erməni diaspora Ermənistanın bu sahədəki dövlət siyasətini xarici ölkələrə idxal etmək istəyir. Ancaq yaddan çıxarmaq olmaz ki, hazırda dünyada söz və mətbuat azadlığına hörmət və ehtiram ifadə olunduğundan erməni diasporasının da bu fəaliyyəti uğursuzluğa düçar olacaq: “Təbii ki, biz QHT nümayəndələri işğalçı ermənilərin, Ermənistanın xaricdəki diaspor təşkilat nümayəndələrinin belə iyrənc hərəkətlərinə göz yuma bilmərik. Hər bir vətənini sevən bir azərbaycanlı kimi bu kimi ünsürlərə qarşı haqq səsimizi ucaltmalıyıq, onlarla mübarizədə səfərbər olmalıyıq. Azərbaycanda beynəlxalq aləmdə nüfuzu, çəkisi olan çox sayda QHT var ki, onlar buna etiraz ediblər. Eyni zamanda, ayrı-ayrı vətəndaş cəmiyyəti inistitut rəsmiləri də işğalçı ermənilərin belə iyrənc, heç bir beynəlxalq qanuna sığmayan hərəkətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdilər. Azərbaycan hakimiyyətinin işağlçılara qarşı apardığı haqq işini müdafiə etməliyik. İşğalçı ermənilərlə mübarizə bu günün işi deyil, hər bir zaman səfərbər olmalıyıq. Çünki bu millət, əsrlər boyu azərbaycanlılara, türklərə qarşı faşist, terrorçu xislətini həyata keçirib”.
Cavid