
DİM-in 10 illiyi ilə bağlı tədbirdə oturub zala baxanda bir detal diqqətimi çəkdi: alqışlar var idi, amma bu, sadəcə protokol alqışı deyildi. Orada bir razılıq hissi var idi. Sanki hamı eyni fikirdə idi – bu qurum ən azı bir şeyi düz edib: oyunun qaydalarını dəyişib.
Bunu kənardan yox, prosesin içindən deyirəm. Uzun müddətdir Dövlət İmtahan Mərkəzinin müstəqil eksperti kimi fəaliyyət göstərirəm və xüsusilə dövlət qulluğuna qəbul üzrə müsahibə mərhələsində iştirak edirəm. Açıq deyim – bu sahədə şəffaflıq təmin olunub. Bu gün dövlət qulluğuna qəbul sistemi Azərbaycanda ən az mübahisə doğuran sahələrdən biridir.
Daha konkret desəm: bu gün DİM ən təmiz və ən obyektiv işləyən institutlardan biridir.
Amma məsələ bununla bitmir.
DİM giriş qapısını ideal hala yaxınlaşdırıb. Kim daxil olacaq bu, obyektiv müəyyən olunur. Amma qapıdan sonra nə baş verir? İnkişaf, irəliləyiş, karyera – orada eyni səviyyədə sistem varmı?
Açıq danışaq: hələ tam yoxdur.
Məhz buna görə DİM-in qarşısında duran növbəti mərhələ daha çətindir – seçimi deyil, inkişafı da sistemləşdirmək.
Tədbirdə mənim üçün xüsusi bir məqam da oldu. Dövlət İmtahan Mərkəzinin sədri Məlikə Abbaszadə tərəfindən mənə və həmkarlarıma təqdim olunan fəxri fərman sadəcə bir təltif deyil.Bu fərman konkret olaraq dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibə mərhələsində göstərilən yüksək peşəkarlığa, obyektivliyə və məsuliyyətə, eləcə də qiymətləndirmə prosesinin şəffaf və ədalətli aparılmasına verilən töhfəyə görə təqdim olunub. Bu, həm də Prezidentin dövlət qulluğu sahəsində apardığı siyasətin yerindəcə həyata keçən bir təzahürüdür – çünki məhz bu siyasət şəffaflığı, bərabər imkanları və peşəkarlığı əsas prinsip kimi müəyyən edib.Yəni bu, təkcə fərdi qiymətləndirmə deyil.
Bu, bir prinsipin, ədalətli və şəffaf seçimin təsdiqidir.Düzünü desəm, qiymətləndirilmək xoşdur. Amma daha önəmlisi odur ki, sən işləyən və cəmiyyət üçün etimad yaradan bir sistemin parçası kimi qiymətləndirilirsən.
Mən bu prosesi Azərbaycanın ən mühüm şəffaflıq institutlarından biri kimi qiymətləndirirəm və bu! sistemin içində yer almağı həm məsuliyyət, həm də şərəf hesab edirəm.
DİM-in ilk 10 ili bir şeyi sübut etdi: ədalətli seçim mümkündür.
İndi isə qarşıda dayanan sual budur: ədalətli inkişaf da mümkün olacaqmı? Mən inanıram ki, DİM-in yaratdığı bu təməl üzərində – dövlət siyasətinin dəstəyi, peşəkar ekspertlərin əməyi və cəmiyyətin artan etimadı ilə ədalətli inkişaf sistemi də qurulacaq. Bu çətin, lakin qaçınılmaz bir yoldur və bu yolun artıq başlanğıcı var və irəliləməkdədir!